20 noyabr 2019 16:05
116

Doqquz ayda 164,4 min yeni iş yeri açılıb

Bu ilin doqquz ayı ərzində ölkədə 164,4 min yeni iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 24,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 55 faizi Bakı şəhərinin, 1,8 faizi Naxçıvan Muxtar Respublikasının, 43,2 faizi digər regionların, o cümlədən 14,6 faizi Aran, 7,3 faizi Gəncə-Qazax, 6,4 faizi Lənkəran, 3,9 faizi Abşeron, 3,7 faizi Şəki-Zaqatala, 2,6 faizi Dağlıq Şirvan, 2,5 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşür.

İş yerlərinin 32 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 44,7 faizi isə digər tədbirlər üzrə açılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 51 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 12 faizi tikinti, 8,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi emal sənayesi, 3,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 9,8 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, yanvar-sentyabr aylarında ölkədə 7,3 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 51,8 faizi qeyri-dövlət sektorunun payına düşür. İş yerlərinin 39,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.