KÖŞƏ

Vəli İlyasov

Donuz zəmidən öz xoşu ilə çıxmasa...

13 dekabr 2019 20:25
399

Azərbaycanın Bratislavada Qarabağ məsələsində “qırmızı xətt” cızması Ermənistan rəhbərliyini çətin vəziyyətə salıb. Beynəlxalq hüquqa əsaslanan bu mövqeyə işğalçı tərəf heç bir əks arqument ortaya  qoya bilmir. 

Məsələ ondadır ki, ölkəmizin  bu qanuni və əsaslı tələbi Azərbaycan Prezidenti İlham Əliyev Soçidə, “Valday” Forumunda bəyan etdiyi “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!” sözləri ilə yekunlaşan mövqeyinin davamıdır. Bütün bunlar da onu diktə edir ki, işğalçı Ermənistan və onun havadarları münaqişənin həllini hər hansı başqa hüquqi müstəvidə axtarmağa izafi  vaxt sərf etməsinlər, çünki Azərbaycan öz haqlı tələblərindən geri çəkilməyəcək.

Yaranmış vəziyyət ən azı Dağlıq Qarabağ ətrafındakı 7 və ya 5 rayon söhbətini yeni aktuallıqla gündəmə gətirir. Çünki həm Azərbaycan, həm də qardaş Türkiyə rəhbərliyi, həmçinin bir çox  analitiklər, o cümlədən Rusiyanın  tanınmış politoloqları bəyan ediblər ki, problemin həllini dalandan çıxarmaq üçün ilk addımı Ermənistan atmalı, xoş məram nümayiş etdirməli, ilkin olaraq bir neçə rayonu qeyd-şərtsiz azad etməlıdir. Yəni, konflikt  mərhələli yolla da  həllini tapa bilər.

 Qeyd edək ki, Levon Ter-Petrosyandan sonra keçən uzun illər ərzində münaqişənin  həlli bir addım belə irəli getməyib. Bunun ziyanını isə ən çox Ermənistan çəkib.  Ermənistanın iqtisadi tənəzzülü, iri beynəlxalq layihələrdən kənarda qalması, blokadası və təcridi güclənib. Ölkədən kütləvi köç davam edib, Ermənistan postsovet məkanının ən yoxsul guşəsinə çevrilib.

Özünü demokrat sayan Nikol Paşinyan da vəziyyəti dəyişməyi bacarmır. Ona görə ki,  öz xalqı ilə açıq və səmimi danışa bilmir, nala-mıxa döyə-döyə hakimiyyətini davam etdirməyə çalışır. “Qarabağ klanı”nın rəhbərləri - sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan da bunu bacarmadılar, yaxud istəmədilər.

Amma döşünə döyə-döyə hakimiyyəti ələ keçirən  Nikol Paşinyan ölkəni düşdüyü bataqlıqdan çıxarmaq üçün fərqli yol seçməli idi. Daha dəqiqi,  ən azı vaxtilə müəllimi olmuş Levon Ter-Petrosyanın mərhələli həll planına qayıtmalı idi.  Vaxt gedir. Getdikcə də Paşinyanın hakimiyyəti üçün “axırıncı dayanacaq” görünməkdədir. Həm də o səbəbə ki, Azərbaycan ildən-ilə özünün iqtisadi və hərbi gücünü artırır.

Ermənistan isə əksinə, ildən-ilə işğalçı ordunu saxlamaq, onu silah-sursat, ərzaq və hətta əsgərlə təmin etmək üçün problemlərlə üzləşir. Təkcə bir fakt: Azərbaycanın gələn il üçün nəzərdə tutulan hərbi büdcəsi 2.27 milyard dollardır. Ermənistanın hərbi büdcəsi isə 625 milyon dollar müəyyən olunub. Fərqi gördünüzmü?  Bizim hərbi büdcəmiz az qala, işğalçı ölkənin gələn ilki hərbi büdcəsindən  4 dəfə  çoxdur. Odur ki, Paşinyan hökumətinin fikirləşməyə çox az vaxtı qalıb.  Rusiya və digər həmsədr dövlətlər də vəziyyətin uzun müddət belə davam edə bilməyəcəyinin fərqindədirlər.

Qərarı isə işğalçı tərəf kimi  İrəvan verməli, ilk addımı o atmalıdır. Çünki Azərbaycanın güzəştə gedəcəyi bir şey yoxdur. Azərbaycan öz qanuni torpağının bir hissəsini (7 rayon), başqa bir hissəsinə (Dağlıq Qarabağ) dəyişmək niyyətində deyil və olmayacaq. Ən yaxşı həll formulu “torpaq əvəzinə sülh” ola bilər - hansına ki, Ter-Petrosyan razılıq vermişdi, ancaq buna görə də xarici dairələr və “Qarabağ klanı” vasitəsilə devrilmişdi. Lakin Azərbaycan indi 1990-cı illərin  Azərbaycanı deyil.      

“Paşinyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın yaradıcısı olduğu formatı yaxın zamanlarda bərpa etmək arzusundadır”. Bu sözləri İrəvanda “İcmal” verilişinin efirində Ermənistan parlamentinin deputatı, Ter-Petrosyanın rəhbəri olduğu Erməni Milli Konqres Partiyası sədrinin müavini Levon Zurabyan deyib.

Bəs Paşinyanın dəstək verə biləcəyi Ter-Petrosyan variantı nədən ibarət idi? Variantın qayəsində problemin mərhələli həlli dururdu. Birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilməli, sərhədlər və kommunikasiyalar açılmalı, blokada götürülməli, sonuncu mərhələdə isə regionun statusu razılaşdırılmalı idi. Bu da Petrosyanın sözüdür, o vaxt erməni xalqına müraciətlə demişdi: “Realist olmaq və beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ ətrafında mövcud vəziyyətlə barışmayacağını anlamaq lazımdır. Çünki bu vəziyyət bölgədəki əməkdaşlığa, təhlükəsizliyə və Qərbin neft maraqlarına təhdid yaradır. Kompromisə getmək lazımdır. Əks halda, vaxt gələcək, biz kompromisə gedilməsi barədə xahiş edəcəyik. Kompromisdən imtina edilməsi və maksimalizm Qarabağın süqutuna və Ermənistandakı vəziyyətin pisləşməsinə aparan ən qısa yoldur”.

Beləliklə, Ermənistan özü yaratdığı labirintdən çıxmalı, bunun üçün isə işğal altında saxladığı Azərbaycan torpaqlarını boşaltmalıdır. Necə deyərlər, donuz darı zəmisindən öz xoşu ilə çıxmalıdır, yoxsa...

Qvami Məhəbbətoğlu
Siyasət nəhəngi
Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?