12 sentyabr 2019 13:01
95

DİN Azərbaycanda əxlaq polisinin yaradılması ideyası haqda yayılan məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda əxlaq polisinin yaradılması ideyası haqda sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

AZƏRTAC Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsinə istinadla xəbər verir ki, məlumatda son günlər sosial şəbəkələrdə Azərbaycanda əxlaq polisinin yaradılacağı barədə şayiələrin yayıldığı bildirilib. Qeyd olunub ki, bu cür söz-söhbətlər polisin Bakının mərkəzində turistlərə intim xidmətlər təklif edən yüngül əxlaqlı qadınlara qarşı mübarizəni gücləndirməsindən qaynaqlanır. Ancaq milli mentalitetə yad düşüncə və asosial hadisələrə qarşı mübarizə aparmaqla, əxlaq polisi adlı ayrıca bir qurum yaratmaq tamamilə başqa məsələlərdir.

Bu söz-söhbətlər nə dərəcədə doğrudur?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu barədə bildirib: “Paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də “Torqovı” adlanan ərazidən (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər. Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb.

Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər polisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun - əxlaq polisinin yaradılacağı barədə məlumatlar yayırlar. Bununla əlaqədar olaraq bildirirəm ki, bu məlumatlar əsassızdır. Ümumiyyətlə, nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində əxlaq polisi strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur”.

Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, Azərbaycan polisi indiyədək qanunda nəzərdə tutulmuş vəzifələri ləyaqətlə yerinə yetirib və cinayətkarlığa, eləcə də vətəndaşların haqlı narazılığına səbəb olan hər hansı qanunazidd hərəkətlərə qarşı bundan sonra da mübarizə aparacaq və ictimai sabitliyi təmin edəcək.