11 avqust 2020 18:42
1505

Dilimiz nədən xəbər verir? Özünü diaqnostika

Qulaqlarımızla ətrafdan sağlamlıqla bağlı hər şeyi öyrənməyi bacarsaq da, orqanizmimizin vəziyyəti barədə daha dolğun məlumatı əslində dilimiz bizə verə bilər. Belə ki, sadəcə dilimizin “dilini” bilsək, xəstəlik bizə güc gəlmədən vaxtında həkimə müraciət edə bilərik.

 İnsanların çoxu düşünür ki, təmiz, ərpsiz dil sağlam həzm sisteminin bir göstəricisidir. Əslində isə dilin hər bir nöqtəsi praktiki olaraq, bütün orqanlardan və sistemlərdən xəbər verir. Daha ətraflı desək, dilin sonluğu çanaq orqanlarının, soldan orta hissəsi qaraciyər, sağdan orta hissəsi isə dalağın vəziyyətini göstərir. Dilin yan kənarları ağciyərləri göstərir, sağ böyrü müvafiq olaraq, sağ ağciyər, sol böyrü sol ağciyər haqqında məlumat verir. Dilin orta hissəsi mədənin vəziyyətini göstərir. Bütün bu orqanlarda baş verən nasazlıqlar mütləq şəkildə dilin səthinin görünüşündə dəyişikliklərə səbəb olur. Bu və ya digər orqanın sağlamlığını dilin rənginə, onun selikli qişasına, üzərindəki ərpin xarakterinə görə müyyən etmək olur. Ərp qatı nə qədər qalındırsa, xəstəlik bir o qədər xronikidir. Aşağıda daha dəqiq əlamətlərə nəzər sala bilərsiniz:

— Disbakterioz, stomatit, göbələk zamanı dilin üzərini qalın ərp örtür.

— Xroniki alkoqol intoksikasiyaları zamanı dilin üzəri dibindən ucuna kimi qəhvəyi ərplə örtülür.

— Göyümtül dil rəngi ürək-damar problemlərindən xəbər verir, lakin bu hal hələ ürəkdə gərginlik artmadan, ağrılar və zəiflik güclənmədən özünü büruzə verməyə başlayır.  

— Dilin üzərinin bütünlüklə hamarlığı mədədə aşağı turşuluqdan və qastritdən xəbər verir.

— Üzəri “xəritə” kimi olan dil uşaqlarda adətən qida allergiyalarını göstərir.
— Dil sonluğunda qızartı və yüngül ağrı hissi çanaq üzvlərində problemlərlə bağlı yarana bilər.
— Dilin orta hissəsində və hər iki kənarlarında ağrı hissi ciddi ağciyər xəstəliklərindən xəbər verə bilər.

Qısacası, son tibbi müayinədən sonra dilinizin görünüşündə və ya həssaslığında hər hansı bir kəskin dəyişiklik aşkar etmisinizsə, mütləq həkimə müraciət edin və hər hansı bir orqanda olan problem ciddiləşmədən üstünə düşün ki, sağlam qalasınız.

Nubar Süleymanova, “İki sahil”