KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Deyir, məni Amerika buraxdı həbsdən…

18 mart 2019 12:09
353

Prezident İlham Əliyev bir daha böyüklüyünü göstərdi. Əfv sərəncamı imzaladı, 399 nəfəri ümumiyyətlə həbsdən buraxmaqla ümumilikdə 431 nəfəri Novruz bayramı öncəsi sevindirdi.

Böyük bir gedişdi bu. Böyük adama yaraşan gedişdi həm də. Bir dövlət adamı, bir lider belə də olmalıdır. Hər zaman böyük düşünüb böyük davranmalıdır. İlham Əliyev bunu bacarır, edir və xırda hesablara heç vaxt bənd olmur.

Amma İlham Əliyevin böyüklük göstərib əfv etdikləri də onun kimi böyük davrana bilirlərmi? Əlbəttə, biz adi cinayət hadisələrinə, hansısa səhvlərinə görə həbsxanaya düşmüş insanlardan İlham Əliyev böyüklüyü gözləyə bilmərik. Onlar o qədər böyük olsaydılar belə səhvlər etməzdilər ki. Amma ən adi nəzakətə, qədirbilənliyə sahib olmaq üçün heç prezident qədər böyük olmaq da lazım deyil axı.

Əfv edilənlərin azadlığa buraxılma tədbirlərində biz də iştirak etdik ötən bazar günü. Həbsxana qapılarında əzizlərinin bayıra çıxmasını gözləyən insanların üzündəki sevinci gözümüzlə gördük. Həm də azadlığa çıxanların yaşadığı sevincə tanıqlıq etdik. İnsanların hamısı minnətdardı. Onlar barələrində verilmiş sərəncama görə çox xoşbəxtdilər. Bunu çıxışlarında, mediaya müsahibələrində də açıq deyirdilər. Şövqlə deyirdilər, ürəkdən deyirdilər. Onların gözlərinə-üzlərinə baxanda dərhal hiss edilirdi ki, məhz Prezident İlham Əliyevin böyük davranışına görə xoşbəxtdirlər.

Heç kimə sübut etmək lazım deyil ki, bu əfv sərəncamı Prezident İlham Əliyevin şəxsən özünün gəldiyi qərardır. Onsuz da bilirik ki, Azərbaycan Prezidenti bütün qərarlarını özü sərbəst şəkildə verir, yalnız Azərbaycan xalqının iradəsilə hesablaşır, bu iradəni nəzərə alır. Sağdan-soldan edilən basqılar həmişə havada qalıb, bundan sonra da qalacaq.

Lakin dünəndən görürük ki, bəzi şəxslər yenə də cılız qərəzlərindən əl çəkmir, bu qədər böyük humanist aktı gözdən salmağa çalışır. Başa düşürük onları. Çünki adamlar Prezidentin daha bir səs gətirən akta imza atmasının hansı siyasi nəticələrinin olacağını yaxşı anlayırlar. Anladıqları üçün də gözdən salmağa cəhd göstərirlər. Amma alınmır. Çünki xalq çörəyi qulağına yemir. Hər şeyi görür, dəyərləndirməyə də savadı-biliyi yetir.

Biz hətta bu gözdənsalma kampaniyasını aparanlara bənd olmaq da istəməzdik. Səsləri zəif çıxır, vətəndaşımız onları vecinə də almır. Yəni bir-iki gün səs-küy salmağa cəhd edəcəklər, onunla da iş bitəcək. Əsas odur ki, həbsxanadakı insanlar öz doğmalarına qovuşa bilib. Qalanı təfərrüatdır.

Əfvi gözdən salmaq istəyənləri bir qırağa qoyub həyat və yaş təcrübəsi olan birinin də davranışlarına diqqət çəkmək istərdik. Bir zamanların ən ağır çəkili korrupsioneri, quzu balası kimi 13 il yarım həbsdə yatıb məhz İlham Əliyevin lütfü sayəsində bayıra çıxmış keçmiş səhiyyə naziri Əli İnsanov dünəndən medianı məşğul etməkdədir. Adam iddia edir ki, onu Amerika-Qərb çıxarıb həbsdən! Bu qədər nankorluq, hələ bu yaşda adama yaraşarmı?

İndi biz məcburuq bu adama bəzi suallar verək. Soruşuruq: Əli İnsanov, sənin o Amerikan Azərbaycan həbsxanasından adam çıxara bilən idisə, niyə 13 il yarımdır ordan çıxa bilmirdin? Əgər doğrudan da Prezident İlham Əliyevin lütfü deyil, Qərbin tələbi keçərlidirsə, gərək bu qədər müddəti orda qalmayaydın axı.

Hələ biz o sualı da verə bilərik ki, ABŞ-a və Qərbə iri çaplı bir korrupsioneri, öz ölkəsinin səhiyyəsini dağım-dağım etmiş, reputasiyası kirli birisini həbsdən çıxarmaq nə üçün lazımmış? Yaxud, ABŞ-Qərb doğrudanmı korrupsionerlərin hamisidir? Bizim bildiyimiz ABŞ-Qərb axı bu cür adamlardan, bu cür əməllərdən məsafəli davranır…

Hər kəs bilməli, eşitməli və anlamalıdır ki, Azərbaycan bir müstəqil dövlətdir. Azərbaycanın rəhbəri isə məhz öz iradəsinə, xalqının mənafeyinə söykənib qərar verir, addım atır. Biz dünyanı da anlayırıq, lakin dövlətimizin faydasına olmayacaq heç bir qərarın altına Prezidentimiz imza atmır. Ona görə də boşboğazlığı və stəkanda fırtına yaratmaq cəhdlərini bir kənara qoyub ciddi işlərlə məşğul olmaq lazımdır.

Həbsdən çıxıb Əli İnsanov sayağı davranmaq istəyənlərsə, bir daha düşünsünlər. Düşünsünlər ki, kimin sayəsində cəzalarının çəkilməyən hissəsindən azad ediliblər. Düşünsünlər ki, onların həbs həyatına son qoyan məhz Prezident İlham Əliyevdir. Həm də onu düşünsünlər ki, onların qədirbilənliyi həbsdə qalan başqa məhbusların da yolunu açmaq üçün işə yaraya bilər. Həm də yəni…

Sözardı: Məncə Azərbaycanın penitensiar sistemi bir yanlışa yol verdi dünən. Əli İnsanovu həbsdən buraxmaq üçün jurnalist həmkarım Afət Telmanqızını dəvət etmək lazım idi ora. Təsəvvür edin, Əli İnsanova həbsdən çıxmaq üçün buraxılışı bir zamanlar “konkret rədd ol!” dediyi jurnalist xanım təqdim etsəydi nələr olardı? Onda mən bu qoca korrupsionerin üzünə – gözlərinin içinə baxmaq istərdim. Qaçırdıq şansı, qaçırdıq…

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər