22 may 2020 18:20
567

Deputat beynəlxalq təşkilatlara çağırış etdi

Ötən gün Azərbaycanın Şuşa şəhərində keçirilən Qarabağ separatçılarının yeni qondarma lideri Araik Arutunyana “andiçmə mərasimi” keçirilməsi və Ermənistanın baş naziri Nikol Paşinyanın da qondarma mərasimdə iştirak etməsi beynəlxalq hüquqa, sülhə və sabitliyə ciddi təhlükədir, o cümlədən Azərbaycana qarşı növbəti təxribatdır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib. O bildirib ki, ermənilər çox yaxşı bilirlər ki, nə qondarma Dağlıq Qarabağ Respublikasını, nə də orada keçirilən “seçki oyunu”nu Dünya Birliyi və Beynəlxalq Təşkilatlar tanımayıb və heç vaxt da tanınmayacaqlar: “Ermənistan rəhbərliyi hər zaman özlərinin əsassız iddialarına Azərbaycan Prezidenti tərəfindən dəfələrlə tutarlı cavablarını alıblar. Hamımız yaxşı xatırlayırıq ki, bu yaxınlarda cənab Prezident Ermənistanın Baş naziri Nikol Paşinyana tarixdən və beynəlxalq hüquqdan gözəl bir dərs keçdi və onu bütün dünyanın gözü qarşısında biabır edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu tarixi faktlarla bir daha sübut etdi”.

Xanım deputat bildirib ki, bütün bunlardan sonra Nikol Paşinyanın qondarma dövlətin və qondarma seçkilərlə qalib olmuş qondarma prezidentinin qondarma and içmə mərasimində iştirak etməsi və məhz bu mərasimin Şuşada keçirilməsinin məqsədi Azərbaycanı və xalqımızı qıcıqlandırmaqdır: “Biz əminik ki, beynəlxalq təşkilatların tanımadığı bu qondarma seçkilərin “andiçmə mərasimi” də bütün dünya tərəfindən şiddətlə qınanılacaq. Biz Şuşada keçirilən “andiçmə mərasimi”nə və Ermənistanın Baş nazirinin orada iştirakına bir daha etiraz edir və beynəlxalq təşkilatları da bu hadisələri qınamağa çağırırıq.