16 iyul 2019 19:47
392

Davamlı sosial siyasətin uğurlu nəticələri

İlin əvvəlindən bəri dövlət başçısı bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalayıb.

Dövlət başçısının imzaladığı sənədlər əsasında müvafiq kateqoriyadan olan şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsini, problemli kreditlər məsələsinin həllini tapmasını, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsini, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılmasını və digər belə tədbirləri qeyd edə bilərik. Sosial sahədə atılan bu kimi addımlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına hesablanıb. Bütövlükdə deyə bilərik ki, 2019-cu ilin əvvəlindən bəri Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrılıb.

Prezident İlham Əliyev iyunun 18-də minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzalması dövlət və özəl sektorda çalışanların gəlirlərini  əhəmiyyətli dərəcədə artırması dövlətin sosial siyasətinin davamlı olduğunun parlaq təzahürüdür.

Dövlətimizin başçısı məcburi köçkünlərin də yaşayış səviyyəsinin yüksəldilməsinə daim qayğı göstərir, onların yaşayış şəraitlərinin yaxşılaşması üçün əhəmiyyətli tədbirlər həyata keçirir. Ölkədə bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını bəyan edən Azərbaycan Prezidenti verdiyi vədi artıq yerinə yetirib. Bu müddətdə qaçqın və məcburi köçkünlərin işlə təmin olunmaları və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Şəhidlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillər alınması, şəhid ailələri üçün Prezidentin aylıq təqaüdünün 300 manata çatdırılması, sosial müavinətlərin orta hesabla 100 faiz, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətlərin 50 faiz artırılması və digər müvafiq qərarlar sosial sahədə inqilabi dəyişikliklərin davamlı xarakter aldığını göstərir. Ümumilikdə, 3 milyona yaxın insanı əhatə edən bu sosial paket ölkə başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığına bariz nümunədir.

 Həmçinin problemli kreditlərlə bağlı məsələ ölkə başçısının 2019-cu il 28 fevral tarixli Fərmanı ilə birdəfəlik həllini tapdı. 800 mindən çox insanın narahatlığına bir gündə son qoyuldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu Fərmanın dünyada analoqu yoxdur: “Dövlət bir daha göstərdi ki, vətəndaşının yanındadır. Ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü və vətəndaşın marağını güdən addım olmamışdır”. İllərdən bəri yığılıb qalmış daha bir problem dövlətimizin başçısının fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanla həllini tapdı. Bu sənəddən istismarına icazə verilməmiş yaşayış binalarında mənzil alan 340-400 minədək insan faydalanacaq.

Zahid Rza, “İki sahil”