11 fevral 2020 20:42
1419

Davamlı islahatlara, demokratik proseslərin genişlənməsinə böyük töhfə

Bu gün Azərbaycanda uğurla reallaşdırılan islahatların davamlı və ardıcıl xarakter daşıması, demokratik təsisatların sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, insan hüquq və azadlıqlarının, həmçinin mətbuat azadlığının daha da möhkəmləndirilməsi ölkəmizin demokratiya yolunda inamla addımladığının, demokratik, hüquqi dövlət quruculuğu prosesinin dönməz xarakter aldığının bariz nümunəsidir.

Fevralın 9-da növbədənkənar parlament seçkilərinin  beynəlxalq standartlara və normalara uyğun, azad, demokratik, şəffaf, sesçicilərin yüksək fəallığı ilə  keçirilməsi Prezident İlham Əliyevin siyasi iradəsinə və əzminə əsaslanan iqtisadi, siyasi, hüquqi islatlar kursunun, demokratikləşmə konsepsiyasının ardıcıllığının, son illərdə bu sahədə əldə edilən uğurların nəticəsi və parlaq təzahürüdür.

Demokratik dəyərlərin inkişafı istiqamətində  həyata keçirilən tədbirlər, bu sahədə reallaşdırılan islahatların davamlı və sürətli xarakter alması, çoxpartiyalı sistemin mövcudluğu, Seçki Məcəlləsinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, qanunvericilik bazasının möhkəmləndirilməsi  seçkilərin azad, şəffaf, ədalətli keçirilməsinin təmin edilməsi son illər respublikamızda demokratik tərəqqi  yolunda böyük nailiyyətlərə imza atılmasının əyani təsdiqidir.

Seçkilərdə iştirak edən namizədlərə, siyasi partiyalara qanunvericiliyin tələblərinə müvafiq qaydada təbliğat-təşviqat kampaniyaları aparmaları üçün lazımi şəraitin yaradılması,  seçkilərin gedişinin izlənilməsi üçün yerli və beynəlxalq müşahidəçilərə dünya standartlarına uyğunluğun təmin olunması, Mərkəzi Seçki Komissiyası tərəfindən maarifləndirmə işinin yüksək səviyyədə təşkil edilməsi, növbəti parlament seçkilərinin şəffaf, demokratik və ədalətli şəraitdə baş tutmasını təmin edilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən bütün zəruri addımların atılmasının göstəricisidir.

Fevralın 9-da  Azərbaycan demokratiyanın tərəqqisi yolunda növbəti uğurlu addımını atdı. Belə ki, həmin gün ölkəmizdə seçkilər Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və ölkəmizin beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutdu.  Səsvermə gününə qədər namizədlərin qeydə alınmasında bərabərhüquqlu davranış nümayiş etdirilməsi, namizədlər üçün sağlam təbliğat və təşviqat mühitinin yaradılması, kütləvi informasiya vasitələrinin seçki prosesini işıqlandırması üçün bütün məhdudiyyətlərin aradan qaldırılması, həmçinin rəqbətli seçki mühitinin yaradılması, seçkilərdə çoxistiqamətli-yerli və beynəlxalq müşahidə missiyalarının iştirakının təmin edilməsi, “exit-poll” keçirilməsi, seçki məntəqələrində veb-kameraların quraşdırılması, səsvermə günü hüquq-mühafizə orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrasının təmin edilməsi, seçki prosesində yeni texnologiyaların tətbiqi  sayəsində şəffaflığın təmin edilməsi, təhlükəsizlik və hüquq qaydasının etibarlı qorunması 9 fevral seçki prosesinin yüksək səviyyədə həyata keçirilməsini təmin edən əsas məqamlardandır.

Növbədənkənar parlament seçkilərində 125 yer uğrunda qeydə alınmış 1314 namizəd mübarizə aparıb. Fevralın 9-da əlverişsiz hava şəraitinə baxmayaraq vətəndaşların yüksək seçici fəallığı nümayiş etdirməsi, həmçinin ötən seçkilərlə müqayisədə qeydə alınmış qadın namizədlərin sayının əhəmiyyətli dərəcədə artması, 19 siyasi partiya namizədlərinin təmsil olunması ilə geniş plüralizmin təmin edilməsi kimi məqamlarla əlamətdar olub. Bütün bunlar seçkiləri izləyən beynəlxalq müşahidə missiyalarının, eləcə də xarici və yerli KİV nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.

Təbii ki, fevralın 9-da azad, demokratik, şəffaf, ədalətli baş tutan  parlament seçkiləri ölkə başçısının həyata keçirdiyi islahatlara öz müsbət təsirini göstərəcək, müasir çağırışlara adekvat olaraq ölkəmizdəki davamlı, dinamik inkişafa, demokratik proseslərin genişlənməsinə, bütövlükdə  yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın tərəqqisinə böyük töhfələr verəcək.

Prezident İlham Əliyev seçkiləri izləyən beynəlxalq müşahidə missiyasının üzvlərini qəbul edərkən bütün bunları bir daha vurğulayaraq bildirib ki, bunlar 2018-ci ildə prezident seçkilərindən sonra elan edilən islahatların davamıdır: “Hər şey Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına və demokratik proseslərin genişlənməsinə yönəlmiş ümumi inkişaf strategiyası çərçivəsində gedir. Buna görə də həyata keçirilən struktur islahatları, o cümlədən kadr islahatları da bir məqsədə xidmət edir: biz yerimizdə saymayaq. Çünki müvəffəqiyyətlərdən arxayınlaşmaq olmaz. Ötən illər ərzində böyük nailiyyətlər əldə olunub. Lakin həyat öz şərtlərini diktə edir. Dünyada, bizim regionda, iqtisadi sahədə şərait dəyişir, yeni çağırışlar meydana çıxır. Ona görə biz buna hazır olmalıyıq və vaxt itirməməliyik. Bu səbəbdən hökumətin, Prezident Administrasiyasının, mərkəzi və yerli hakimiyyət orqanlarının yenilənməsi, kadr islahatları parlamentdən yan keçə bilməzdi.

Hər kəs reallıqla barışmalıdır. Reallıqlar belədir ki, şərait yaradılıb, maksimum şəffaflıq təmin edilib. Həm də gözlənilməz çətin hava şəraitinə baxmayaraq, Azərbaycan vətəndaşları səs verdilər. Düşünürəm ki, seçki fəallığı da yaxşı olub. Hərçənd başlıca olan bu deyil, əsas odur ki, xalqın seçəcəyi insanlar məsuliyyət hiss etsinlər. Bilsinlər ki, əgər yenə də seçilmək istəyirlərsə, onda dairələrdə iş aparmalıdırlar. Bax bu, keçmiş parlamentdə çatışmırdı. Buna görə də parlamentin bir çox keçmiş üzvü dairələrdə işləmədikləri üçün seçkilərdə iştirak etmədi. Bu, yeni parlamentin qarşısında duran əsas vəzifələrdən biri olacaq. Çünki bütün ölkənin dayanıqlı inkişafının təmin edilməsi üçün deputat korpusu regionların problemlərini dərk etməlidir, onları üzə çıxarmalıdır və hökumətə, ictimaiyyətə çatdırmaqla onların həllinə kömək etməlidir.”

Zahid Rza, “İki sahil”