KÖŞƏ

Sevinc Azadi

“Daşnaksütyun”un proqnozu, yaxud Paşinyan hakimiyyətdən gedəcəkmi?

06 may 2019 10:21
451

Millətçi “Daşnaksütyun” Partiyası bu ilin may-iyun aylarında Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən gedəcəyini proqnozlaşdırıb. Belə ki, onlar bunu “Qazprom Ermənistan”, “Ermənistan Elektrik Şəbəkəsi” və “Araratsement” zavodlarında kütləvi ixtisarlara görə ictimai narazılığın artmasına bağlayır. “Qrapark” qəzetinin məlumatına görə, daşnaklar bu məsələni “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarının nümayəndələri ilə də müzakirə ediblər. Xatırladaq ki, Ermənistanda dövlət aparatında ixtisarları nəzərdə tutan “Hökumətin quruluşu və fəaliyyəti haqqında” qanun layihəsi ötən ay hakim “Mənim addımım” fraksiyası tərəfindən parlamentə təqdim olunub. Onun lehinə yalnız bu fraksiyanın üzvləri səs veriblər. Müxalifətdə olan Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları isə qanun layihəsinin əleyhinə səs veriblər. Sənəd 70 səs lehinə və 40 səs əleyhinə olmaqla qəbul edilib. Qəbul edilən sənədə əsasən, Ermənistanda nazirlərin sayı 17-dən 12-dək azaldılacaq. Bu qanun əsasında Nazirlər Kabinetinin 200-yə yaxın əməkdaşı ixtisar olunacaq.  Ermənilərin “Joxovurd” nəşrinin yazdığına görə, müxalif qrupların nümayəndələri hökumətin bu addımının hansı effekt verəcəyi barədə hələ də xalqı məlumatlandırmayıblar. Bundan əlavə, onlar hökumətin bu addımının ölkə büdcəsinə nə qədər gəlir gətirəcəyi barədə dəqiq göstəricilər vermirlər. Hakimiyyət isə ixtisarların dərhal həyata keçirilməyəcəyini iddia edir. Nəşr yazır ki, Kənd Təsərrüfatı Nazirliyində 130, Mədəniyyət Nazirliyində 110, Diaspor Nazirliyində 80, İdman və Gənclər Nazirliyində 80 işçi ixtisara salınacaq. Əvvəlcə, 78 nəfərdən ibarət nazir müavinləri və şöbə müdirləri ixisar ediləcək. Bundan sonra isə işçilər arasında bal qiymətləndirilməsi keçiriləcək və daha sonra total ixtisarlar başlanılacaq.

“Qazprom Ermənistan” şirkətində də ixtisarlar gözlənilir. Belə ki, 6 minə yaxın işçiyə sahib olan şirkət yaxın vaxtlarda şirkətdə çalışan müfəttişlərin 50, çilingərlərin 30, mərkəzi ofis işçilərinin isə 10 faizini ixtisar edəcək. Xatırladaq ki, bu barədə “Verelq” informasiya-analitik mərkəzi “Qazprom Ermənistan” şirkətinin rəsmilərinə istinadən məlumat yayıb. “Qazprom Ermənistan” rəsmilərinin sözlərinə görə, ilin əvvəlində Ermənistan-Gürcüstan sərhədində nəql tarifləri 15 dollar artsa da əhali üçün qazın qiyməti dəyişməyib. Ona görə də şirkət ixtisar etməyə məcburdur. Şirkət rəhbərliyi idarə daxilində kadrların azaldılmasını yaranmış problemdən çıxış yolu kimi görür. Xatırladaq ki, bu ilin əvvəlində Rusiya Ermənistana tədarük olunan qazın qiymətinin sərhəddə min kubmetr üçün 150 dollardan 165 dollara qədər artırıb. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya tərəfi ilə danışıqları bu gün də davam etdirdiyini bəyan etsə də ,belə görünür ki, “Qazprom Ermənistan” yanacaq dəyərinin artmasını öz işçilərini ixtisar etməklə konpesasiya etmək istəyir.

Qeyd edək ki, Ermənistan işsizliyin səviyyəsinə görə MDB ölkələri arasında “lider” mövqeyini qoruyub saxlayır. Belə ki, açıqlanan son statistik rəqəmlərə görə, bu ölkədə əməkqabiliyyətli əhalinin 20,4 faizi (234 min vətəndaş) işsizdir. Lakin işsizlərin sayının rəsmi rəqəmlərdən daha çox olduğu bildirilir. Erməni KİV-ləri xəbər verir ki, rəsmi statistik rəqəmlərə görə, Ermənistanda əhalinin əməkqabiliyyətli hissəsinin yarısından da azı - cəmi 915 min nəfər işlə təmin olunub. Amma bu ölkənin Statistika Komitəsinin rəsmi nümayəndəsi Lusine Kalantaryan bildirib ki, əmək qabiliyyətli insanların bir hissəsi iş axtarmaq üçün rəsmi orqanlara müraciət etməyib və onların sayı bu statistikada əks olunmayıb. “Məsələn, sosial vəziyyəti ağır olan bir çox kənd sakinləri işləmək istəyirlər, lakin onların yaşadıqları rayonlarda iş tapmaq imkanları yox dərəcəsindədir. Digər tərəfdən, bir çoxları peşələrinin lazımsızlığı ucbatından işsiz qalıblar və yeni peşə öyrənmək üçün maraqları yoxdur. Digər tərəfdən, uzun illərdir işsiz qalan və ümidlərini itirmiş insanlar da iş axtarmaqdan usanıblar və rəsmi olaraq qeydiyyatdan keçmirlər”, - deyə Kalantaryan əlavə edib. Son aylar Paşinyanın hökumət strukturlarında apardığı ixtisarlar nəticəsində bu insanlara minlərlə yeni işsiz əlavə olunub.

Cavid Əkbərov
Hoqqabazlar
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...