10 iyun 2019 10:20
496

Dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizin banisi, xilaskarıdır

9 iyun 1993-cü ildə Bakıya qayıdışı ilə suverenliyimizi əbədiləşdirən Ulu Öndər müasir Azərbaycanın müəllifi olduğunu əməlləri ilə təsdiqlədi

“Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdir” söyləyən cənab İlham Əliyev o dövrdə baş verən hadisələri xarakterizə edərək bildirir ki, o illərdə ölkəmizin gələcəyi aydın deyildi. 1993-cü ilin yay aylarında AXC-Müsavat cütlüyünün fərasətsizliyi üzündən ölkədə qardaş qanı axıdıldı, vətəndaş müharibəsi təhlükəsi yarandı. Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi zamanda iqtidarda təmsil olunanlar arasında vəzifə bölgüsü üstündə yaranan ikitirəlik Azərbaycanı uçuruma aparırdı.

Naxçıvan MR Ali Sovetinin Sədri işlədiyi müddətdə müstəqilliyimizin əbədiliyi naminə önəmli islahatlar aparan ulu öndər Heydər Əliyev Bakıda yaranan siyasi gərginlikdən çox narahat idi. Uzaqgörən siyasətçi olduğunu Naxçıvanda gördüyü taleyüklü işlərlə sübut edən Heydər Əliyev Ümummilli Lider adını məhz o illərdə qazandı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını, himnini, gerbini bərpa edən Ulu Öndərə xalq məhəbbəti sonsuz idi. Ondan fərqli olaraq Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyünə inam tükənmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkədəki xaos, anarxiya, küçələrdə əli silahlı gəzən başıpozuq dəstələr insanlarda təşviş yaradırdı.

“Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir” söyləyən Prezident İlham Əliyev dünyada qüdrətli dövlət kimi tanınan Azərbaycanı Ulu Öndərin şah əsəri adlandırır.

Azərbaycan xalqı o vaxt böyüklüyünü göstərərək müdrik siyasətçi Heydər Əliyevi hakimiyyətə dəvət etməklə düzgün yol seçdi. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu. İnsanlarda azərbaycançılıq ideologiyası, milli məfkurə formalaşdı. Bu gün də bir həqiqət etiraf olunur ki, əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi.

“Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik” söyləyən, Ulu Öndərin xidmətlərini suverenlik yolunda atılan tarixi addımlar adlandıran Prezident İlham Əliyev bildirir ki, o, Ulu Öndərə xalq məhəbbəti və ehtiramına qısqanclıqla yanaşan, bu etimadı özlərinin iflası kimi anlayan o dövrdəki səbatsız hakimiyyətin səriştəsizliyi üzündən Azərbaycanın üzləşdiyi çətinliklər Ümummilli Liderin fədakarlığı sayəsində aradan qaldırıldı. 1992-ci ildən1993-cü ilin iyun ayına qədərki müddəti fəlakət dövrü adlandıranlar qənaətlərində haqlı idilər. AXC-Müsavat qruplaşması ölkəni uçuruma aparmaqla yaranan iqtisadi böhranı daha da gərginləşdirdilər. Respublikada cərəyan edən proseslər, büdcənin boşaldılması, yaranan iqtisadi böhran, sənayenin iflic vəziyyətinə düşməsi Ermənistanın Azərbaycan torpaqlarını asanlıqla zəbt etməsi ilə nəticələndi. Müxtəlif partiyalara xidmət edən qanunsuz silahlı birləşmələr dövlətin maraqlarına, xalqın mənafeyinə deyil, bir qrup naşı siyasətçiyə xidmət edirdi. Ermənistan ilə qanlı döyüşlərin getdiyi bir zamanda AXC-Müsavat qruplaşması hakimiyyətlərini saxlamaq naminə vətəndaş müharibəsinin başlanması təhlükəsini belə ciddi məsələ kimi görməyəcək qədər kor idilər.

O dövrdə Gəncə şəhərində korpus komandiri Surət Hüseynov tərəfindən qaldırılan qiyamı yatırmaqda aciz olan iqtidarsız iqtidarların günahı üzündən qardaş qanı axıdıldı. Hakimiyyətdə yüksək mövqe tutan İsa Qəmbər-Əli Kərimli-Surət Hüseynov arasında yaranan qarşıdurmalar, 4 iyun Gəncə hadisələri muxtar respublikada da narahatlıq doğururdu. 130 və 709 saylı hərbi hissələrin ərazilərində baş verən qanlı hadisələrdən sonra başlanan gərginliyin faciəli nəticə verəcəyini uzaqgörən siyasəti ilə başa düşən, yaranan gərginliyi izləyən və təhlil edən Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev bilirdi ki, ölkə daxilindəki belə iğtişaşlar fəlakətlə nəticələnə bilər. Çünki müstəqilliyimizə təhlükə olan Gəncə hadisələri Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, hər an alovlana biləcək bir qığılcım idi. İnsanların qənaəti isə bu idi ki, hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz iqtidarı belə çətin məsələləri həll etmək gücündə, bacarığında deyil. Ayrı-ayrı imperialist qüvvələrin strateji maraqlarına xidmət edən Ayaz Mütəllibov kimi, doqquz dövlətin dəstəyi ilə iqtidara gəldiklərini etiraf edən AXC-Müsavat cütlüyünün rəhbərləri də oyuncaq rejim olmaqla kimlərinsə tərtib etdikləri planlara uyğun “siyasət” yeridirdilər. Siyasətdən bixəbər iqtidarın savadsızlığı o dərəcə gülünc idi ki, havadarları tərəfindən müdafiə olunan ermənilərin Azərbaycana torpaq iddialarının genişləndiyi bir vaxtda Naxçıvanın muxtariyyat statusunun ləğv olunması barədə xəyanətkar təkliflər səslənirdi. Vəziyyətin ağırlığını hiss edən ziyalılar, sadə vətəndaşlar, Azərbaycanın taleyi üçün narahat olan insanlar müdrik siyasətçi Heydər Əliyevdən kömək diləyirdilər.

Bunları nəzərə alan ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən Naxçıvan MR Ali Məclisinin və muxtar respublika Nazirlər Kabinetinin birgə iclasında vəziyyət geniş təhlil olundu və hadisəyə münasibət bildirildi. “İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub, Faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və kəşməkəşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik... Bunların qarşısı dərhal alınmalıdır. Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik” söyləyən ulu öndər Heydər Əliyev müdrik siyasətçi, təcrübəli dövlət başçısı kimi xalqı birliyə çağırdı. İnsanlar başa düşürdülər ki, Azərbaycanda gərginliyin səbəbi təkcə Dağlıq Qarabağ münaqişəsi deyil, ölkədə vətəndaş müharibəsi üçün qığılcım olan həm də Gəncə hadisələridir. Ümid yeri, xilas yolu axtaran xalqın nəzərləri yenə də Naxçıvana yönəldi. Yekdil ictimai fikir isə yeganə və dəyişilməz idi: Heydər Əliyev Bakıya gəlməli, Azərbaycanı düşdüyü ağır, çətin vəziyyətdən xilas etməlidir.

9 iyun 1993-cü ildə paytaxta gələn Heydər Əliyev əsl vəziyyəti öyrənmək üçün Gəncədə oldu. İyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında hadisələrdə zərər çəkən, əzizlərini itirən gəncəlilərlə görüşü barədə məlumat verdi.

Azərbaycanın tarixinə əlamətdar hadisə kimi yazılan həmin gün deputatların yekdil səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu.

Sonra xalqın etimadı ilə Prezident seçilən və andiçmə mərasimində  demokratik, müstəqil cəmiyyət quruculuğunda önəmli nailiyyətlər əldə olunacağına dövlət başçısı kimi əminlik ifadə edən Heydər Əliyev Azərbaycanı dünya birliyində qüdrətli ölkə kimi tanıdacağına söz verdi. Vədinə də əməl etdi. Xalqın xilaskarı olduğu 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da təsdiqləndi. Ümummilli lider Heydər Əliyevin zəkası qara qüvvələrə qalib gəldi. Azərbaycan milli intibahın zirvəsinə qədəm qoydu. “Əsrin müqaviləsi” kimi kontraktın imzalanmasını gerçəkləşdirməklə xalqlar arasında əməkdaşlığın təməlini qoydu, neft strategiyasını müəyyənləşdirdi, Azərbaycanın inkişaf parametrlərini düzgün istiqamətləndirdi.

Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət ümummilli lider Heydər Əliyevin arzusunda olduğu möhtəşəm Azərbaycanı dünyada tanıtdı, fərqləndirdi, nüfuzunu artırdı. Bu baxımdan əminliklə deyirik ki, müasir Azərbaycanın hamını heyrətləndirən inkişaf tarixi, müstəqilliyinin əbədiliyi 9 iyun 1993-cü ildən başlanır.

Xuraman İsmayılqızı, “İki sahil”