08 noyabr 2019 20:20
203

“Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” tezisi geniş piar effekti verdi

Noyabrın 8-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu oktyabr ayında dünyada və regionda baş vermiş beynəlxalq ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş mətbuat konfransı keçirdi.

Regionda vəziyyətin Azərbaycanın xeyrinə olduğunu, ölkəmizin hər bir cəhətdən Ermənistandan üstün mövqedə dayandığını jurnalistlərin diqqətinə çatdıran M.Əhmədoğlu qeyd etdi ki, Azərbaycan-Rusiya münasibətlərində yeni keyfiyyətin yarandığını ehtimal etməyə ciddi əsaslar var: “Dövlət başçısı İlham Əliyev Soçidə keçirilən “Valday” Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına (RF) səfər etdi və həmin ölkənin Prezidenti Vladimir Putinlə görüşdü. RF Prezidenti V.Putin Rusiya-Azərbaycan münasibətlərinə üstün qiymət verdi. V.Putin iki ölkə arasındakı münasibətləri yüksəldən layihələrin müəllifinin məhz Azərbaycan Prezidenti İlham Əliyev olduğunu bildirdi. Prezident V.Putinin səsləndirdiyi bu fikirlər təkcə beynəlxalq kontekst deyil, həm də ölkədaxili məsələlər prizmasından kifayət qədər təsirlidir. Bir daha bəlli oldu ki, Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə münasibətləri çox yüksək səviyyədədir. Görüşdə səslənən digər fikirlər də bunu göstərdi”.

M.Əhmədoğlunun sözlərinə görə, vacib məsələlərdən biri də budur ki, “Valday” Diskussiya Klubunda iştirakdan əvvəl məhz Azərbaycan tərəfinin təklifi ilə RF Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibət bildirdi: “S.Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır nöqtə” bəyanatını tənzimlənmə prosesinə maneə kimi qiymətləndirdi. Prezident İlham Əliyev “Valday” Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərkən kifayət qədər yüksək səviyyədə auditoriyanın diqqətini özünə cəlb etdi və məşhur “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” tezisini ortaya qoydu. Bu tezis çox geniş piar effekti verdi.

Cavid Əkbərov, “İki sahil”