KÖŞƏ

Zahid Rza

Dağıdıcı müxalifətin deqradasiyası: “Diqlas”dan Notr-Damadək...

22 aprel 2019 10:53
830

Aprelin 15-də Fransa paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsində  (Notr-Dam de Pari) yanğın baş verdi.  10 saatdan çox davam edən yanğın nəticəsində kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa rəsmilərinin bildirdiklərinə görə, “Notr-Dam-de-Pari” kilsəsində baş vermiş yanğın zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dövlətin rəsmiləri açıqlama verərək yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıblar. Fransa Prezidenti Emmanuel Makron isə kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytarılacağına söz verib. Makron xalqa müraciətində tarixi kilsəni beş il ərzində bərpa etməyi nəzərdə tutduqlarını bildirib. Artıq Notr-Dam kilsəsinin dağılan şpilini bərpa etmək üçün beynəlxalq memarlıq müsabiqəsi keçiriləcəyi barədə məlumatlar yayılıb.

Əslində bu məlumatları tam təfsilatı ilə verməkdə bir məqsədimiz var. Məsələ ondadır ki, Parisdə ildə yüz minlərlə turistin ziyarət etdiyi 800 illik bir tarixi abidə yandı, fransız müxalifətçilər Azərbaycan müxalifətinin pozucu, dağıdıcı kəsimi kimi haray-həşir qopararaq yanğına görə  Fransa hökumətini ittiham etmədilər, iqtidarın əleyhinə əsassız iddialar səsləndirmədilər. Əksinə,  əsrlərin yadigarı və Parisin simvollarından olan bu tarixi mədəniyyət abidəsinin bərpası üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirdilər. Bu gün artıq güclü yanğından zərər görən “Notr-Dam de Pari” kilsəsinin bərpası üçün toplanan ianələrin miqdarı 1 milyard avroya çatıb. Vəsait əsasən böyük şirkətlərdən və iş adamlarından, eləcə də Fransa Mədəniyyət Nazirliyi tərəfindən seçilmiş dörd ictimai fonddan daxil olur. Qurum rəhbəri Frank Riester “Twitter” səhifəsində kilsənin bərpası üçün maliyyə yardımının göstəriləcəyi internet portalın açıldığını bildirib.

Fransız müxalifətçilər öz ölkələrində Notr-Damdakı yanğınla bağlı əsl vətəndaşlıq mövqeyi sərgilədilər. Bəs AXCP və “Milli Şura” başda olmaqla bu gün antimilli fəaliyyətlərinə, inkarçı, pozucu mövqelərinə görə cəmiyyətimiz tərəfindən təcrid olunan, marginallaşan dağıdıcı müxalifət necə, ölkəmizdə belə yanğınlar, təbii fəlakətlər zamanı əsl vətəndaş mövqeyi sərgiləyə bilirlərmi? Əsla və əsla yox!

Əksinə onlar ölkədə baş verən yanğınlardan, sel və daşqınlardan, texnogen hadisələrdən, zəlzələlərdən, bir sözlə, təbii fəlakətdən siyasi dividentlər qazanmaq üçün iqtidar əleyhinə əsassız, şər-böhtan dolu kampaniya aparırlar. Təbii ki, dağıdıcı müxalifətin təbii fəlakətdən siyasi kampaniya kimi istifadə etməsinin arxasında ancaq çirkin niyyətlər durur.

Onların əksinə olaraq dövlətimizin başçısı təbii fəlakətə məruz qalan bölgələrə baş çəkir, orada yaşayan insanlarla birbaşa təmasda olur, onların dərd-sərlərini dinləyir, o bölgədəki əhalinin təhlükəsizliyinin təmin olunması, onlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması, təhlükənin aradan qaldırılması üçün göstərişlər verir, problemlərin aradan qaldırılması üçün Fərman və sərəncamlar imzalayır.

Elə martın 26-da Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı ölkə başısının mövqeyi ictimaiyyətimiz tərəfindən alqışla qarşılandı. Belə ki, “Diqlas”dakı yanğın Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürüldü. “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün Azərbaycan Respublikası  Prezidentinin tapşırığına əsasən İqtisadiyyat Nazirliyində İşçi Qrupu yaradıldı. Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar ziyan dəymiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrupu tərəfindən cari ilin 29-31 mart tarixlərində onların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda fərdi qaydada görüşülərək dinlənilməsi həyata keçirildi.

Bütün bunlar bir daha göstərdi ki,  dövlətimiz ən ağır zamanlarda öz vətəndaşının yanındadır. İyimi ildən artıq çox müddətdə pozucu, inkarçı və qeyri-konstruktiv mövqeyi ilə tanınan, Azərbaycan əleyhdarları ilə işbirliyinə girərək antimilli fəaliyyət göstərən, marginallaşaraq özünü cəmiyyətdən təcrid edən, bütün bunlara görə də siyasi səhnədən silinib gedən dağıdıcı müxalifətin əsl siması ölkədə baş verən belə yanğınlar, təbii fəlakətlər zamanı dəfələrlə üzə çıxıb.  “Diqlas”da və Notr-Damda baş verən yanğınların ətrafında baş verən hadisələrin müqayisəsi fonunda onların simasızlığı isə bir daha ortaya çıxdı.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...