24 sentyabr 2019 19:22
269

Dağıdıcı müxalifətdə nə üçün vicdanlı, qərəzsiz siyasi rəqabət yoxdur?

Müsavatla AXCP arasındakı düşərgədaxili savaşın səbəbi antiazərbaycan dairələrin ayırdığı qrantlara daha çox sahiblənməkdir

AXCP və Müsavat partiyası arasında uzun illərdir ki, davam edən qarşıdurma və ittihamlar ona görə bitmək bilmir ki, onların dərin ziddiyətli məqamları var. Belə ki, mövzunun köhnəlmiş və çeynənmiş olmasına rəğmən, hər iki partiyanın rəhbərliyi hələ də qarşı tərəfi “satqın”, “xəyanətkar” ittihamı ilə suçlayırlar. Hətta hələ bir neçə il əvvəl Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı mətbuata verdiyi müsahibədə demişdi ki, satqınlar Əli Kərimlinin yanında yer alıblar: “Günahkar Əli Kərimlidir. Problem bir ideologiya ətrafında birləşməməkdir. Əbülfəz Elçibəy üçün Müsavat və AXCP anlayışı yox idi. Onun üçün müxalifət var idi. Mən onun iştirakı ilə AXCP rəhbərliyinin son yığıncağını xatırlayıram. Sonuncu dəfə Türkiyəyə getdiyi gün AXCP-nin bütün rəhbərliyini yığıb tövsiyələr verdi. Onun müşaviri kimi mən də orada iştirak edirdim. Birinci müavini Əli Kərimliyə göstəriş verdi ki, parlament seçkisinə Müsavatla birgə gedilsin. Ancaq bəyin dediyinə əməl edilmədi, AXCP parçalandı. Müxalifət düşərgəsindəki soyuqluğun təməli o vaxtdan qoyuldu.

Bu da bir faktdır ki,  Müsavat Partiyası o zaman Mirmahmud Mirəlioğlunun sonradan KXCP-yə dönüşən qanadını müdafiə etdi. AXCP-yə və Elçibəyə xəyanət də suçlananlar isə Əli Kərimlinin yanında yer aldılar. Çox təəssüf ki, böyük siyasətlə məşğul olan insanlar cılız, xırda hisslərdən xilas ola bilmirlər”.

Lakin Müsavatın bu kəskin ittihamlarından sonra qarşı tərəfdən ağır iddialar səslənmişdi. AXCP funksionerlərinin o vax ki  “Azadlıq” qəzetindəki məqalələrində bildirilmişdi ki, hər dəfə böyük birlikləri ilk tərk edən Müsavat olub. Başqa imzalarla çıxış edən AXCP sədri Əli Kərimli o vaxt yazmışdı ki,  “Əvvəla, qeyd edək ki, baş verənlər o qədər də uzaq tarix deyil və prosesin içində olanlar hər şeyi detallarına qədər  xatırlayır. Həmin dövrdə AXCP-Müsavat blokuna ilk zərbəni Müsavat özü vurdu. Hətta KXCP cinahına keçən şəxslərin plakatlarını küçələrə yapışdırıb, “AXCP Müsavatı dəstəkləyir” təbliğatı apardı. Bir faktı da demək lazımdır ki, Elçibəyin ölümündən öncə göndərdiyi siyahıda Əli Kərimlinin adı birinci yazılmasına baxmayaraq, Müsavat əks-cinahı dəstəklədi. İkincisi, proses həmin dövrlə yekunlaşmayıb. Sonrakı mərhələlərdə də AXCP şəxsi ambisiyalardan imtina edib, birlik formatı təklif eləyib. Hər dəfə böyük birlikləri ilk tərk edən Müsavat olub. Müxalifətin birlik formatı kimi yaranmış “Milli Şura”nı da ilk tərk edən Müsavat oldu.”

Əli Kərimli iddia etmişdi ki, həm də seçkilərdə Cəmil Həsənlini “dəstəkləyib”,  “Milli Şura” çətiri altında fəaliyyət göstərib, sonra “Milli Şura”nı “Rusiya proyekti” adlandıran da Müsavat Partiyası oldu. Amma AXCP bu gün də  “Milli Şura”da təmsil olunur və birlik formatının möhkəmlənməsinə xidmət edir. Uzun illərdən sonra AXCP-nin harada dayandığı göz önündədir. Müsavatdan fərqli olaraq AXCP xəyanətkarları müdafiə etməyə çalışmayıb”.

Beləliklə, Əli Kərimli Müsavata və rəhbərliyinə məsləhət görüb ki, daha özünü AXCP ilə müqayisə etməsin: “Hansı parametr üzrə Müsavat AXCP ilə müqayisə oluna bilər? AXCP-nin təkcə gənclər komitəsi Müsavat Partiyasından üstündür. Bəlkə, Müsavatın meydan gücü AXCP-dən artıqdır? Müsavat “Milli Şura”dan çıxdıqdan sonra neçə nəfəri yeni üzv qəbul edib? Xeyli müddətdir ki, AXCP Müsavatı rəqib görmür və heç bir parametr üzrə də rəqabət aparmağa əsas yoxdur. Çünki partiya əsas etibarilə sağlamdır.”

Beləliklə guya zaman-zaman barışıq axtarışına çıxmış hər iki partiya nəticə etibarilə daha betər düşmən tərəflərə çevrilimişlər. Bu isə sonu olmayan bir yola bənzəyir. Daha dəqiq desək, siyasi arenada hər iki partiya yolun sonuna çoxdan gəlib.

Bu bir reallıqdır ki, Azərbaycan siyasi düşərgəsində müxalifətin illərdən bəri yığılıb qalmış aqressiyası nəticəsində cəmiyyətdə də onlara qarşı dərin inamsızlıq var. Məhz bu gün də  AXCP ilə Müsavat Partiyası arasında “ana müxalifət” adı uğrunda mübarizə davam edir.  Bir-birinə olan münasibətlərinin rəqabət səviyyəsindən düşmənçilik müstəvisinə keçməsi  əvvəldə yazdığımız kimi, məhz qondarma “ Milli Şura”nın 2013-cü il prezident seçkilərində iştirakından sonra daha da intensivləşib. Görünür AXCP və Müsavatın bundan sonra artıq bir araya gəlməsi də mümkün olmayacaq. Ölkənin  dağıdıcı  müxalifət partiyaları arasında yaranan narazılıqlar, hətta onlar arasında olan qalmaqallar onların xalq qarşısında etibarını sıfra endirib. 

Bütün bunlara rəğmən demək olar ki, Azərbaycanda vicdanlı, təmiz siyasi rəqabət yoxdur və bunu dağıdıcı müxalifətin simasında tam aydın görmək olar. Məhz buna görədir ki, seçkilərdə onlara səs verənlərin sayı hər seçkidə daha çox azalır.

Qeyd edək ki, Müsavatın sabiq başqanı İsa Qəmbərin AXCP sədri Əli Kərimliyə qarşı davamlı antipatiyası mövcuddur. Məhz ötən on illər ərzində bu iki partiya rəhbərləri arasında gizli və açıq mübarizə davam edir. Bu gün də qatı düşmən mövqedə olduqlarını büruzə verən AXCP və Müsavat təmsilçiləri anlayırlar ki, onlar bir-birlərinə qarşı qeyri- səmimidirlər. Bu iki partiyanın münasibətlərindəki münaqişənin  günü-gündən böyüməsinin yeganə səbəbi isə düşərgədaxili savaşda önə çıxaraq antiazərbaycan qüvvələrin ayırdığı qrantlara daha çox sahiblənmək arzusudu.

Bu da faktdır ki, Müsavat partiyası ətrafında yeni bir manipulyativ birlik şousunun yaradılması cəhdlərinin nəticə verməməsinə əsas səbəb partiyada baş verən parçalanmadır. Yəni, dünənə qədər Müsavatı düşərgədə söz sahibi kimi tanıyan digər partiyalar artıq başqa mövqedən çıxış edirlər. Daha doğrusu, qurultaydan sonra ikiyə bölünmüş durumda olan Müsavat hətta kiçik bir partiya sədrindən və portfelindən ibarət olan  “çırtdanlar”ı da maraqlandırmır.

Eyni situasiya AXCP və onun təmsil olunduğu qondarma “Milli Şura”da da müşahidə olunmaqdadır. Hələ bir müddət öncədən Müsavatla hər hansı bir əməkdaşlığa getməyəcəyini bəyan edən Əli Kərimli qondarma “Milli Şura”nı “hazır birlik” formatı kimi xarici mərkəzlərə sırımağa çalışıb.

Ümumiyyətlə, dağıdıcı müxalifətin bu iki qanadı hələ də səbatsız ideyaları və korafəhim fəaliyyətləri ilə cəmiyyətin probleminə çevrilməkdədir. Fəaliyyətlərində hədəfləri bəlli olmayan və konstruktivlik nümayiş etdirməyən, ən başlıcası isə dövlətə və hakimiyyətə qarşı qeyri-əxlaqi mübarizə yolu tutmuş bu partiyalar yığnağı ölkədə   və dünyada gedən qlobal proseslərdən , dəyişikliklərdən geridə qalırlar.

Onların fəaliyyətlərindəki digər təhlükəli məqam xarici dövlətlərin, xüsusi missioner təşkilatların siyasi iradəsini ölkəmizdə təmsil etmələridir. Bütün seçkilərdə xalqdan deyil, yalnız xarici dövlətlərdən və təşkilatlardan dəstək ummağa vərdiş etmiş bu düşərgə funksionerləri son nəticədə uduzublar. Xüsusən, mitinqlərdə ABŞ bayrağını və prezidentinin şəklini önə çıxaranlar bu ölkədən rəsmi dəstək almağa çalışıblar. Amma bacarmayıblar.

Ölkədə keçirilən bütün  seçkilərdə biabırcasına məğlub olmuş müxalifət partiyalarının rəhbərləri, əslində, siyasi səhnədən çəkilməli olduqları halda yenidən namizədliklərini irəli sürüblər. Xarici ölkələrin təcrübəsində məğlubiyyətə uğramış liderlər, adətən, siyasi səhnədən ya birdəfəlik , ya da ki, müvəqqəti çəkilirlər. Onların yerinə isə daha şanslı insanlar çıxarılır.

Amma təəssüf ki, Azərbaycanın siyasi həyatında bu tendensiyaya rast gəlinmir və hər bir partiya lideri ona öz şəxsi mülkiyyəti kimi yanaşır. Inhisara alınmış bu tip partiyalar təbii ki, siyasi düşüncə tərzində və davranışında yenilik , mütərəqqi dünyagörüş əldə edə bilmirlər. Məhz müxalifət partiyalarındakı bu tip totalitar idarəçiliyin nəticəsidir ki, onları həm aşağılar, ( sıravi üzvlər) həm də yuxarılar ( funksionerlər) tərk etməkdədirlər. Bu tərketmələr səbəbindən müxalifətin radikal qanadında sosial bazanın dağılması prosesi sürətlənib.

Azərbaycan müxalifətinə rəhbərlik edənlərin siyasi dücüncələrindəki, primitivlik, şəxsi ambisiyalardan qurtula bilməmək mərəzi həm də partiyalararası anlaşmaları sıfır həddinə endirib.

Elçin Zaman, “İki sahil”