Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 oktyabr 2020 17:22
410

COVID-19: Virusun ön cəbhəyə keçməməsi üçün …

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 41 milyonu ötüb. “Worldometers.info”nun məlumatına əsasən, indiyədək 41,518,945 nəfər koronavirusa yoluxub. 1,136,848 nəfər bu virusdan dünyasını dəyişib, 30,930,286 nəfər sağalıb. 

Avropada COVID-19 infeksiyasının yeni halları sürətlə artır, lakin bugünkü vəziyyət baharda olduğundan çox fərqlidir.  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Kluge epidemioloji vəziyyəti təhlil edərək, bir çox ölkələrdə məhdudiyyətlərin tətbiq edilməsini bəyənib, vəziyyətin pisləşməməsi və daha sərt addımların atılmaması məqsədilə onlara ciddi riayət edilməsinə çağırıb.

Hazırda digər dünya dövlətlərində olduğu kimi, ölkəmizdə də  virusa yoluxma sayında artım müşahidə olunur. Oktyabrın 22-nə olan statistikaya əsasən, Azərbaycan Respublikasında koronavirus infeksiyasına 825  yeni yoluxma faktı qeydə alınıb, daha 171 nəfər sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 47 min 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 619 nəfər müalicə olunaraq sağalıb, 648 nəfər vəfat edib. Aktiv xəstə sayı 6151 nəfərdir. Ötən müddət ərzində 1 milyon 260 min 193 test aparılıb. Bugünkü test sayı isə 9457-dir.

Təəssüflə qeyd etməliyik ki, son günlər koronavirusa yoluxma statistikasında yenidən kəskin artım müşahidə olunur. Ölkə üzrə aktiv xəstə sayı da ötən aylarla müqayisədə təxminən dəfələrlə artaraq 6 min nəfəri ötüb. Ümumiyyətlə, hazırkı duruma görə deyə bilərik ki, artıq Azərbaycanda koronavirusa yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişir, sanitar-epidemioloji durum pisləşir. Ötən həftədəki 500-ü keçmə həddi səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Sutka ərzində yoluxma sayının müşahidə edilməyən bir rəqəmin-800-dən yuxarı  həddin üstündə olması, həyəcan təbilidir, ciddi təhlükədir, narahatlıq üçün əsasdır. Görünür, koronavirusla mübarizədə əldə olunmuş uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb, bu da virusun varlığının unudulmasına səbəb olub.

Azərbaycanda son günlər koronavirusla bağlı yoluxma statistikasında dalğavari dəyişmə baş verməsinin əsas səbəblərindən biri vətəndaşların karantin davranışlarına əməl etməməsidir. Konkret olaraq bu,  fərdi məsuliyyətsizlik və arxayınlaşma xəstəliyin artmasına səbəb olur. İnsanların sentyabr ayında “COVID”ə yoluxma sayında azalmanın olmasına görə bir qədər rahatlanması bu nəticəyə gətirib çıxardı. Baxmayaraq, yumşalmalardan sonra təkrar artımın ola biləcəyi dəfələrlə qeyd edilmişdi. Görünən odur ki, məktəblərin bağlanması, metronun işləməməsi yetərli olmaya bilər. Hazırda reanimasiya bölümündə yatan 209 xəstə var. Onlardan 18 nəfəri süni tənəffüs aparatına qoşulub. Biz hər birimiz bunun məsuliyyətini hiss eləməliyik.  ÜST tərəfindən COVID-19-un profilaktikasında istifadə olunan təsdiqlənmiş qoruyucu, profilaktik dərman preparatı yoxdur. Amma biz özümüzü həm mexaniki qorunma vasitələri - maska, əl gigiyenası, sosial məsafə, həm də fizioloji qorunma, yaxşı qidalanma, ən azı 8 saat normal yuxu rejimi ilə orqanizmimizi möhkəmləndirə bilərik. Bəzən insanlar qorunma vasitələrinə inzibati qayda olaraq əməl edirlər. Məsələn, maskanı ancaq ağız hissəsinə taxıb və ya çənədə saxlamaqla virusdan qorunmaq mümkün deyil. Çünki virus nəfəs yollarından və ağızdan daxil olur. Ona görə də maska burun hissəsi tamamilə qapanmalıdır. Virusa yoluxmamağın ən sadə, asan yolu ehtiyatlı olmaq, qorunmaq, tələblərə əməl etməklə başqalarını da qorumaqdır.  Hazırkı şəraitdə hər kəsin diqqəti ön cəbhədədir.

Koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək heç kim üçün çətin olmamalıdır. Buna görə də hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir.  Vətən müharibəsi bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və  ikinci plana keçirib. Bu gün Vətənimizin torpaqlarının işğaldan azad olunması məsələsi gündəmdədir və hər kəs bu məsələdə çalışır ki, öz töhfəsini versin. Buna ən böyük töhfə isə vətəndaşların məsuliyyətli olmasıdır. Koronavirusla mübarizədə arxa cəbhədə müşahidə olunan məsuliyyətsizlik pandemiyanın  bu  cür  geniş yayılmasına səbəb olur, nəticədə də virus çox asanlıqla ön cəbhəyə keçə bilər. Bu gün hər birimiz koronavirusa yoluxanların sayını azaltmağa məcburuq.  Dünya dövlətlərindəki çağırışlardan fərqli olaraq, indi Azərbaycan təkcə öz sağlamlığı üçün deyil, həm də əsgəri üçün, Vətəni üçün, Ordusu üçün  COVID -19-dan qorunmalıdır.

Yaqut  Ağaşahqızı, “İki sahil”