10 iyul 2020 10:38
474

COVID-19-un qlobal təhlükəsi davam edir

Dünya ölkələrində yenidən qadağalar bərpa edilir, sərt karantin rejimləri tətbiq olunur

Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. 09.07.2020-ci il tarixinə olan statistikaya əsasən, dünyada 12 milyon 257 min nəfər virusa yoluxub, 554 min nəfər isə ölüb. Virusa yoluxmanın yenidən yüksələn xətt üzrə artmasının əsas səbəbi odur ki, yumşalmaya getmiş bütün ölkələrdə insanlar karantin qaydalarına riayət etməyi unutdu, maskadan istifadəni dayandırdı, sosial məsafə qorunmadı, dezinfeksiya vasitələrindən istifadə etmədilər. Bu səbəbdən də dünya ölkələrində virusa yoluxma halları getdikcə artdığından bir çox dövlətlər yenidən qadağaları bərpa etməyə, sərt karantin rejimi tətbiq etməyə başlayıblar.

Fələstində yoluxma artdı, karantin rejimi uzadıldı

Fələstində karantinlə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Bu addım bir sutkada 2 ölüm hadisəsi baş verəndən sonra atılıb. Qeyd edilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi daha 5 gün uzadılıb.

Fələstin polisinin məlumatına əsasən, artıq ölkədə 121 mağaza qapadılıb, 55 avtomobil müsadirə edilib, 13 vətəndaş isə karantin qaydalarını pozduqlarına görə həbs edilib. Son statistikaya görə, Fələstində 5544 koronavirusa yoluxma halı var. Bunlardan 475-i elə son bir neçə sutka ərazində qeydə alınıb.

Özbəkistan sərt rejimə qayıdır: Nə həkim, nə də çarpayı qalıb!

İyulun 8-də Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində Səhiyyə və Daxili İşlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə brifinq keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin Koronavirusla Mübarizə Baş İdarəsinin üzvü, professor Həbibulla Okilov Özbəkistanda sərt karantin rejimininin niyə bərpa edildiyini açıqlayıb. “Yüngülləşmədən sonra insanlar qaydalara riayət etməməyə başladılar. Xəstələrin sayı hər gün artmaqda davam edir. Resurslar tükənir. Çarpayılar dolub. Bütün həkimlər 14 gün işləyirlər və sonra karantinə alınırlar. Nə həkim, nə də çarpayı qalıb”,-deyə Okilov qeyd edib.

O bildirib ki, yaranmış vəziyyətlə əlaqədar müvafiq orqanlar Özbəkistanda sərt karantin rejiminin bərpa edilməsini təklif ediblər. “Xüsusi komissiya təkliflərimizi qəbul etdi. Asimptomatik xəstələrin evdə müalicə olunmasına icazə verilib. Karantin müddətini hotellərdə keçirmək olar, ancaq bu vəziyyətdə belə çarpayılarımız yoxdur. Bütün stasionar yerlər dolub”,-deyə professor bildirib.

O, həmçinin xəstələrin sayının kəskin artması səbəbindən kifayət qədər testlərin aparıla bilmədiyini bildirib: “Gündə 20-22 min test çatmır. Əvvəllər nəticələr bir neçə saatdan sonra hazır olurdu, indi isə bu bir neçə gün çəkir”.

Okilov bütün vətəndaşları ciddi şəkildə karantin qaydalarına əməl etməyə çağırıb. “Vəziyyət pisləşsə və hər gün 500, 1000 və ya 1500 xəstə təyin olunarsa, çöküş yaşanacaq. Sistem belə bir yükə dözə bilməyəcək “,-deyə Həbibulla Okilov yekunlaşdırıb.

İspaniya, Bolqarıstan və Kolumbiya karantin rejimini uzatdılar

Koronavirusa (COVID-19) yoluxma və ölüm faktları yenidən bir neçə ölkədə artmağa başlayıb. Bununla əlaqədar olaraq bəzi ölkələr karantin rejimini uzatmaq haqda qərar qəbul ediblər.

Yoluxma statistikasında nəzərəçarpan artımlara görə Bolqarıstan, Kolumbiya və İspaniyanın şimal şərqində yerləşən Kataloniyada da karantin rejimi uzadılıb.

Bolqarıstan hakimiyyəti fövqəladə vəziyyət rejimini iyul ayının sonuna qədər uzadıb. Səhiyyə naziri Kirill Ananyevin sözlərinə görə, yaxın günlərdə Bolqarıstana girişinə icazə veriləcək ölkələrin siyahısı təsdiqlənəcək. Həmin ölkələrdən gələn vətəndaşlar 14 günlük karantində qalacaqlar.

Kolumbiya isə karantin rejimini avqustun 1-dək uzatmaq qərarına gəlib. Bunu ölkə rəhbəri İvan Duke bəyan edib.

Kataloniyanın qərbində yerləşən, 210 min əhalisi olan Serqiya bölgəsində yoluxma hallarında kəskin artımların müşahidə olunduğu üçün karantin rejimi müddətsiz uzadılıb. Belə ki, bölgəyə yalnız iş səbəbinə görə giriş-çıxışa icazə verilir.

Bütün kütləvi tədbirlər ləğv edilib, 10 nəfərdən artıq insan bir araya gələ bilməz. Yaşlı insanlara evdə qalmaları tövsiyə edilib, qocalar evləri isə müvəqqəti olaraq bağlanıb.

Üç Avropa ölkəsində yoluxma artdı: Səyahət xəbərdarlığı elan edildi

Avstriya hökuməti daha üç Avropa ölkəsi (Bolqarıstan, Rumıniya və Moldova) ilə bağlı ən yüksək səyahət xəbərdarlığı elan edib.

Avstriya Nazirlər Kabinetinin iclasında qəbul edilmiş qərar bu ölkələrdəki yoluxma hallarının artması ilə əlaqələndirilib. Avstriya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda Avstriya vətəndaşlarına bu ölkələrə vacib olmayan səfərləri təxirə salmaq, eləcə də hazırda bu ölkələrdə olan şəxslərə ən qısa zamanda geri dönmək tövsiyə edilib.

Nazirlər Kabineti öz iclasında, həmçinin ölkənin şərq (Macarıstan) və cənub (Sloveniya) sərhədlərində nəzarətin gücləndirilməsi ilə bağlı qərar qəbul edib. Qərbi Balkan ölkələrində yoluxma hallarının artmasını nəzərə alaraq, sərhəd-keçid məntəqələrində yaxın həftələrdə 1800 polis əməkdaşının xidmət göstərməsi nəzərdə tutulur. Polis qüvvələrinə Balkan regionundan geri qayıdan bütün avtomobilləri və eləcə də bütün səyahət avtobuslarını istisnasız olaraq yoxlamaq barədə tapşırıq verilib.

Qazaxıstanda da iki həftəlik karantin rejimi elan edilir

Qazaxıstanda da iki həftəlik karantin rejimi elan edilə bilər. Bu barədə Qazaxıstanın Nur-Sultan şəhərinin meri Altay Kulqinov deyib.

O bildirib ki, karantinin uzadılması hər bir kəsdən asılı olacaq: “Xatırlayırsınız ki, biz fövqəladə rejim elan etmişdik, karantin tətbiq etmişdik və sərt qaydalar müəyyənləşdirmişdik. Bu tədbirlər kömək olsa da, may ayının 11-dən sonra insanlar normalara, qaydalara riayət etməyi unutdular. Beləliklə də, xəstəliyə yoluxan vətəndaşların sayı artdı. Biz bu səhvləri yenidən təkrar etməməliyik. Əlbəttə ki, fövqəladə rejim doğru yol olsa da, həkimlərin və dövlət büdcəsinin yükü nəzərə alınmamışdı. İndi biz iki həftəlik karantin rejimi elan etmək məcburiyyətindəyik”.

Altay Kulqinov xəbərdarlıq edib ki, əgər karantin rejiminin qaydalarına əməl edilməsə, müddət yenidən uzadıla bilər: “Lakin biz bunu istəmirik. Karantinin uzadılmasını istəmiriksə, buraxılmış səhvləri unutmamalıyıq”.

İsveçrədə COVID-19 qadağaları yenidən aktuallaşır

İsveçrənin Federal Şurasının verdiyi qərara əsasən, iyul ayının 6-dan etibarən ictimai nəqliyyatın bütün istifadəçilərinin maskadan istifadə etməsi məcburi xarakter alıb. Bu qərar ölkənin bütün kantonlarına aiddir.

Qərara əsasən, xarici ölkələrdən İsveçrəyə gəlmiş istənilən şəxs 10 gün karantində qalmalı olacaq. Hətta, bununla əlaqədar ötən gün vətəndaşlarının gəlişi qadağan olunmuş ölkələrin siyahısı da dərc olunub. Siyahıya ABŞ, Braziliya, İsrail, Rusiya, Belarus, hətta Şengen zonasının dövlətləri də daxildir.

Bu qadağalar iyul ayının 20-dək qüvvədə olacaq.

Qeyd edək ki, İsveçrənin Federal Şurası ölkənin 2021-ci il üçün dövlət büdcəsini də təsdiq edib. Lakin gələn ilin büdcəsi 1 milyard franklıq defisitlə icra olunacaq.

Avstraliyanın Melburn şəhərində altı həftəlik karantin rejimi elan edilir

Avstraliyanın Viktoriya ştatının meri Deniel Endryus Melburn şəhərində altı həftəlik karantin rejiminin tətbiq olunduğunu elan edib. Avstraliyanın ikinci ən böyük şəhəri olan Melburnda 24 saat ərzində 191 nəfər COVID-19 virusuna yoluxub. Bu səbəbdən də bu şəhərdə karantin rejiminin tətbiqi haqqında qərar iyul ayının 8-dən qüvvəyə minib.

Mer bildirib ki, virusun yayılma

sının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlərin görülməsi vacibdir. Onun sözlərinə görə, əgər sərt tədbirlər həyata keçirilməsə, yoluxanların sayı artacaq, vəziyyət nəzarətdən çıxacaq.

Entoni Fauçi: Dünya hələ koronavirus pandemiyasının başlanğıcındadır

ABŞ-ın baş infeksionisti, koronavirusla mübarizə üzrə işçi qrupunun baş eksperti, doktor Entoni Fauçi deyib ki, dünya hələ yeni koronavirus pandemiyasının ilkin mərhələsindədir.

“Biz Braziliya və Cənubi Afrika Respublikasında və indi də Asiyada koronavirusa kütləvi yoluxma hallarını müşahidə edirik. Biz çox güman ki, zəifləmədən öncə güclənəcək qlobal pandemiyanın hələ başlanğıcındayıq”, - deyə baş infeksionist qəzetə müsahibəsində bildirib.

Onun sözlərinə görə, dünya ölkələri pandemiyanın qarşısını almaq üçün birlikdə koordinasiyalı tədbirlər görməsə, virus daha bir neçə ay aktiv yayılacaq. Entoni Fauçi, həmçinin hökumətin ABŞ-da koronavirus infeksiyasının qarşısını almaqda aciz olduğunu etiraf edib. “Bəzi ştatlar fəaliyyəti bərpa etmək üçün tələsdilər və məhdudiyyətləri tez aradan qaldırdılar. İnsanların çoxu, əsasən də gənclər tövsiyələrə əməl etmədilər. Nəticədə Kaliforniya, Arizona, Florida və Texas kimi ştatlarda yoluxma halları artmağa başladı”, - deyə mütəxəssis əlavə edib.

ABŞ həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, hazırda Birləşmiş Ştatlarda 3 milyon 161 mindən çox yoluxma və 134 min 940 ölüm faktı qeydə alınıb, 1 milyon 393 min 363 nəfər isə koronavirus xəstəliyindən sağalıb.

Zamin Məmmədov, “İki sahil”