25 noyabr 2020 18:52
360

COVİD-19: qaydalara mütləq əməl olunmalıdır…

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsi xalqımızın möhtəşəm qələbəsi ilə başa çatdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz döyüş meydanında düşmənin başını əzdi və tarixi ədalət bərpa olundu. Lakin bu gün bizim daha bir düşmənlə mübarizəmiz hələ də davam edir və təəssüflər olsun ki, bu savaşın statistikası heç də ürəkaçan deyil.

Hazırda bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ikinci dalğası bəşəriyyəti təhdid etməkdədir. Məlum olduğu kimi, bu ilin əvvəlindən Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin son dərəcə effektivliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmişdi. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan istər iqtisadiyyatı, istərsə də əhalisi pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmış ölkələr sırasında yer almışdı. Lakin yoluxma sayında kəskin azalmanın müşahidə olunması ilə əlaqədar ölkədə tətbiq olunmuş sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılması təəssüflər olsun ki, əksər vətəndaşlarımız tərəfindən tamamilə səhv olaraq pandemiyanın bitməsi kimi qəbul edildi. Bu isə öz növbəsində karantin rejiminin sosial məsafə saxlanılması, qoruyucu tibbi maskalardan istifadə və digər bu kimi vacib qaydalara etinasız yanaşma sərgilənməsinə gətirib çıxardı. Əlbəttə ki, bu etinasızlığın acı nəticələri də özünü çox gözlətmədi. Qısa müddət ərzində Azərbaycanda koronavirusa yoluxma hallarının günlük sayı min nəfəri keçdi. Bu gün isə bu statistik göstərici artıq 3000-dən yuxarı ədədlərlə ifadə edilir. Həmçinin koronavirusa yoluxan xəstələr arasında ölüm hallarının da göstəriciləri əvvəlki aylarla müqayisədə xeyli artmışdır.

Göründüyü kimi, ölkəmzidə koronavirusa yoluxma sayının hər gün artması narahatlıq doğurduğundan aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji vəziyyət təhlil olunaraq bütün lazımi addımlar atılır. Buna görə respublikamızda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb, eləcə də bəzi qadağaların yenidən tətbiq edilməsinə qərar verilib. Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 28 dekabradək uzadılıb, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə xidmətlər dayandırılıb.

Dünyada, o cümlədən Azərbaycanda mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib.

Digər qərar xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadənin məcburi olmasıdır. Bununla da maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Xatırladaq ki, tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Bu gün biz sadəcə karantin rejiminin tələblərinə əməl etməklə bu vəziyyəti yenidən öz xeyrimizə dəyişə bilərik. Şübhə yoxdur ki, koronavirus ümumxalq problemidir və bu problemlə mübarizədə hamımız səfərbər olmalıyıq. Bu isə çətin deyil, belə ki, sadə yollarla - sosial məsafə saxlamaq, tibbi maskadan istifadə etmək və gigiyenik qaydalara əməl etməklə gözəgörünməz düşmənə yəni, koronavirus infeksiyasına da qalib gələ bilərik.

Mənsumə Babayeva,   “İki sahil”