Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
16 oktyabr 2020 18:37
925

COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək

Yeganə tələb vətəndaşların  koronavirusa qarşı cəbhədə heç vaxt olmadığı qədər  ayıq-sayıq olmaları, sanitar-epidemioloji vəziyyətin sabitləşdirilməsində bu dəfə də dövlətlə çiyin-çiyinə mübarizəyə qoşulmalarıdır 

Bu günün reallıqları 2020-ci ilin əsas problemi olan COVID-19-la mübarizə tədbirlərinin gücləndirilməsini bir zərurətə çevirir. Koronavirus infeksiyasına yoluxanların sayı artır, müalicə olunanların sayı azalır. Statistik rəqəmlərdə dəyişikliklər daha məsuliyyətli olmağa, karantin qaydalarına əməl etməyə  çağırışlar edir. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin pandemiyanın birinci mərhələsini arxada qoyduğu zaman bu çağırışı edir ki, nəticələrlə kifayətlənməyib, yenə də  məsuliyyət hissinin artırılması və nizam-intizam qaydalarına riayət olunması əsasdır. Karantin rejimində tətbiq olunan yumşalmalar heç də pandemiyanın bitdiyi təsəvvürünü yaratmamalıdır.

Sadə gigiyena qaydalarına düzgün riayət olunması, sosial məsafənin saxlanılması xəstəliklə mübarizəyə öz müsbət təsirini göstərir. Məhz ölkəmizin ilk gündən özünütəcrid qaydalarını tətbiq etməsi digər ölkələrə nümunə olan təcrübə modelinin təqdimatında əhəmiyyətli rol oynadı. Özümüzü təcrid etməklə, ətrafımızı, doğmalarımızı da  qoruduq, onlara dəstək olduq.  Yeni texnologiyaların yaratdığı imkanlardan istifadə edərək  doğmalarımızla, ətrafımızdakı insanlarla  qurulan əlaqələr birliyimizin, həmrəyliyimizin zəifləməməsinə, əksinə daha da möhkəmlənməsinə stimul oldu. Karantin dövrünün tələbləri xalqımızın malik olduğu ən gözəl xüsusiyyətləri- ruh yüksəkliyi və  mərdliyi, mərhəmət və şəfqəti, inam və məhəbbəti də  qabartdı.

Eyni  çağırışlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa dəfələrlə müraciətlərində də öz əksini tapıb. Belə ki, “Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada» söyləyən Mehriban Əliyeva bildirir ki, müsbət nəticələr sayəsində  təcrid rejiminin müəyyən dərəcədə yumşaldılmasına imkan verə bilərik.  Bu, o deməkdirmi ki, hər şey arxada qaldı və biz gündəlik həyatımıza geri dönə bilərik? Əfsuslar olsun ki, həmin vaxt hələ gəlib çatmayıb.

Daim vurğuladığımız kimi, heç bir ölkə hansısa hadisədən, çətinlikdən sığortalanmayıb. Əsas olan  yaşanan durumun ətraflı  təhlili və vəziyyətdən çıxış yolunun düzgün müəyyənləşdirilməsidir. Qeyd etdiyimiz kimi,  Azərbaycan bu təcrübəni nümayiş etdirdi. Belə ki, heç bir  ajiotaj, depressiya yaşanmadan düşünülmüş və məqsədyönlü model ortaya qoyuldu.  «Bu gün koronavirusla bağlı əsas problem odur ki, xəstəliyin geniş yayılması o ölkələrin mövcud olan səhiyyə potensialından daha genişhəcmlidir» söyləyən dövlətimizin başçısı bildirir ki, ona görə bizim əsas vəzifəmiz  xəstəliyin geniş yayılmasına imkan verməmək idi: «Biz bilirdik ki, bu xəstəlik bizə xaricdən gəlib. Artıq daxildə yoluxma prosesi başlayanda bilirdik ki, bu yoluxma prosesinin qabağını almaq tam mümkün olmayacaq. Amma məhdudlaşdırmaq, xəstələnmə zəncirini qırmaq, vaxt udmaq, bu vaxtdan istifadə edərək bütün bizim tibb sahəsini təşkilatlandırmaq, maska, dezinfeksiya vasitələri müəssisələrini işə salmaq üçün bizə vaxt lazım idi. Eyni zamanda, mənim göstərişimlə bizim ən qabaqcıl xəstəxanalarda koronavirus xəstələri yerləşdirildi.»

Əvvəldə də qeyd etdiyimiz kimi, karantin rejiminin qaydalarının yumşaldılması insanları daha məsuliyyətli olmağa çağırır. Bu baxımdan ki, heç bir dövlət, eyni zamanda heç kəs hansısa hadisədən sığortalanmadığı kimi,  onu təkrar yaşaya biləcəyindən də xəbərdar ola bilməz. Əvvəldə də vurğuladıq ki,  bu gün dünyanın əksər ölkələrində pandemiyanın ikinci dalğası tüğyan edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirusla bağlı xalqa  müraciətində  bu fikirlər öz əksini tapmışdır ki, artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə  formalaşdırmaq lazım olduğunu göstərdi.  Bu prinsip  dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da  tövsiyələrə məhəl qoymur və çoxsaylı  insan tələfatına səbəb olur: «Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər.»

Pandemiyaya qarşı mübarizə tədbirlərinə  başlandığı vaxtdan  Azərbaycanın dünyaya səs salan əsas çağırışı bu oldu ki, “Biz birlikdə güclüyük!” Bu çağırış isə öz növbəsində birliyi, həmrəyliyi bir tələbə çevirdi. Tətbiq olunan qaydalarda ümumi məqsəd bu idi ki, virusa yoluxma və ölüm  halı sağalma halını üstələməsin. Bir müddət əvvəl  müsbət dinamikanın əldə olunması karantin rejiminin yumşaldılmasına yol açdı. Amma son zamanlar artıq bu dinamikada mənfiyə doğru dəyişikliklər yenidən karantin rejiminin sərtləşdirilməsini zərurətə çevirdi. Artıq oktyabrın 19-dan bəzi məhdudlaşdırıcı tədbirlərə başlanacaq.  

Bu, mübarizənin bir tərkib hissəsidir. Digər tərəfi həkim əməyi, məsuliyyəti,  səhiyyə sisteminin  təkmilliyi, maddi-texniki bazasının möhkəmliyi, bir sözlə, mövcud çətinlikdən xilas olmağa nə dərəcədə hazırlığıdır. Azərbaycan bu  sahədə də öncüllüyünü nümayiş etdirdi. Ən yüksək texnologiyalara, maddi-texniki bazaya malik xəstəxanalar koronavirus xəstələrinin ixtiyarına verilib.  Tibb   ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Görülən bütün bu işlərin isə bir məqsədi var: Azərbaycan vətəndaşları hərtərəfli tibbi xidmətlə təmin olunsun, insanların sağlamlığı qorunsun.

Qeyd etdiyimiz kimi, hər bir məsələnin həlli onun mahiyyətinin düzgün dərk olunmasından, maarifləndirmə işinin lazımi səviyyədə həyata keçirilməsindən asılıdır. Şəhərin hər bir guşəsində  rast gəldiyimiz reklam lövhələrində,  ictimai fikrə təsir imkanları böyük olan yazılı və elektron KİV-lərdə  yer alan  çağırışlar, gündəlik istifadə etdiyimiz  marşrutlarda milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edən təbliğat xarakterli müraciətlər və sair kimi biri-birindən əhəmiyyətli addımlar bu gün ölkəmizin birinci mərhələni uğurla  başa vurması barədə böyük  əhval-ruhiyyə  ilə danışmağımıza əsas verir.  Məhz bu təcrübəyə söykənərək ikinci dalğanın yaşanmamasına, sağlamlığımızın keşiyində ayıq-sayıq dayanmağımıza böyük ehtiyac var.  Daim «Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir» söyləyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu mühüm məqamı da  xüsusi qeyd edir ki, laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcək. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir. Hamı koronavirusa qarşı fəal mübarizəyə qoşulmalıdır.

Xalqımız bu çağırışlara dəstəklərini  əməlləri ilə təsdiqləyərək vətəndaş-dövlət birliyini, həmrəyliyini daha da möhkəmləndirməlidir. Bu isə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin davamlılığı üçün əsas amillərdən biridir.  Ölkə Prezidentinə ünvanlanan təşəkkür məktublarında da bu məqamlar öz əksini tapır ki, biz Sizinləyik, hörmətli Prezidentimiz! Günün tələblərinə uyğun qarşıya qoyulan hər bir  tapşırığa, çağırışa əməl etməyə hazırıq. Xalqımız üçün! Döğma Vətənimiz üçün! Güclü, qüdrətli Azərbaycanımız üçün! Bir mühüm məqamı da unutmamalıyıq ki, hazırda  rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək üçün fədakarlıq göstərir.  Cəbhədə əsgərlərimizin sağlamlığının mühafizəsi həm də  hər birimizin yerlərdə koronavirusla fəal mübarizəsindən birbaşa asılıdır. Vətəndaşlar koronavirusa qarşı cəbhədə heç vaxt olmadığı qədər ayıq-sayıq olmalı, sanitar-epidemioloji vəziyyətin sabitləşdirilməsində bu dəfə də dövlətlə çiyin-çiyinə mübarizəyə qoşulmalıdırlar. Çətin anlarda həmrəylik, yumruq kimi birləşərək düşmənə qarşı səfərbər olmaq Azərbaycan xalqının mühüm xüsusiyyətlərindəndir, bu mətinlik  koronavirusa qarşı mübarizədə də öz sözünü deyəcək. Tezliklə bu bəladan xilas olacaq, Azərbaycanın davamlı inkişafı postpandemiya dövrü üçün nəzərdə tutulan inkişaf modeli əsasında  təmin ediləcək.

Yeganə Əliyeva, «İki sahil»