Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Sevinc Azadi

Cəzasız qalan Ermənistan hərbi cinayətlərini davam etdirir

08 oktyabr 2020 18:01
831

Terrorçu ölkə dünya dövlətləri tərəfindən qəbul edilən heç bir beynəlxalq hüquq normasına məhəl qoymur, Azərbaycana qarşı hərbi təcavüzə başladığı gündən etibarən uşaqları, qadınları, qocaları qətlə yetirməkdə davam edir

Azərbaycan Ordusunun qələbələri və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti qarşısında dayana bilməyən, artıq öz məğlubiyyətini görən Ermənistan hazırda yalnız Dağlıq Qarabağ, ətraf rayonlar, sərhəd rayonlarında olan mülki əhalini deyil, həmçinin bu ərazilərdən çox-çox uzaqda olan sənaye əhəmiyyətli şəhərləri, mülki əhalini hədəfə alır, öz ərazisindən - Gorus, Sisian, Cermuk və Berd şəhərlərindən Azərbaycanın şəhərlərini, mülki əhalini, obyektləri atəşə tutur.

Ermənistanın bu mənfur siyasəti nəticəsində mülki əhali, o cümlədən uşaqlar, qadınlar, qocalar həlak olurlar, yaralanırlar. Yalnız sentyabrın 27-dən etibarən Ermənistanın mülki əhaliyə hücumu nəticəsində 30 nəfər həlak olub, 143 nəfər yaralanıb, 400-dən çox yaşayış binası və mülki obyekt dağıdılıb. Digər tərəfdən Azərbaycanda xalq-ordu-Prezident həmrəyliyini görməkdə kor olan Ermənistanın məqsədi Azərbaycan əhalisi arasında panika yaratmaq, öz işğalçılıq siyasətini asanlıqla davam etdirməkdir. Lakin Ermənistanın döyüş bölgəsindən kənar əraziləri, mülki əhalini atəşə tutması, mülki əhali arasında həlak olanların, yaralananların olması, kütləvi dağıntılar insanları daha da qəzəbləndirir. Azərbaycan Ordusuna və Ali Baş Komandana güvənən xalqımız heç bir təxribata uymur və torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün daha qətiyyətlə mübarizə aparır.

Beynəlxalq sənədlər silahlı münaqişələrdə vətəndaşların hüquqlarının qorunmasında vacib mexanizmdir. Lakin mülki əhalinin müharibələr dövründə qorunması ilə birbaşa bağlı olan bir çox konvensiyalar -1907-ci il Quru müharibəsi qanunları və adətləri haqqında IV Haaqa konvensiyası, 1949-cu il 12 avqust tarixli Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair dördüncü Cenevrə konvensiyası və 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokol, 1954-cü il Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa konvensiyası, 1999-cu il ona əlavə protokol, Baş Məclisin 1974-cü il 14 dekabr tarixli qətnaməsinə əsasən qəbul etdiyi Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bəyannamə, Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il 10 dekabr tarixli konvensiya, 1989-cu il uşaq hüquqları konvensiyası və insanlığın müdafiəsinə yönəldilmiş bir çox konvensiyalar Ermənistan tərəfindən  kobudcasına pozulur.

Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bəyannamənin 1-ci bəndində deyilir ki, mülki əhaliyə, xüsusən də onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara saysız-hesabsız əzab-əziyyət gətirən hücumlar, bombalamalar qadağan edilir və belə hərəkət pislənilməlidir. 5-ci bəndə görə isə müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində və ya işğal edilmiş ərazilərdə həbs etmə, işgəncə vermə, güllələmə, kollektiv cəzalandırma, mənzilləri dağıtma və yaşayış yerlərindən zorla qovma daxil olmaqla, qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddar, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər hesab edilir. Uşaq hüquqları konvensiyasının 4-cü maddəsində isə yazılır: “Silahlı münaqişələr zamanı mülki əhalinin qorunması, beynəlxalq hüquq normalarına riayət etmək üçün iştirakçı dövlətlər uşaqların qorunması və onların münaqişə zonasından çıxarılmasını təmin etmək məqsədilə bütün mümkün tədbirlərdən istifadə etməlidirlər”.

Dünyada qadağan olunmuş silahlardan XXI əsrdə insanlığa qarşı istifadə edən barbar, terrorçu Ermənistan dövləti dünya dövlətləri tərəfindən qəbul edilən heç bir beynəlxalq hüquq normasına məhəl qoymur, Azərbaycana qarşı hərbi təcavüzə başladığı gündən etibarən uşaqları, qadınları, qocaları qətlə yetirməkdə davam edir və bütün bunlar dünya birliyi tərəfindən sükutla qarşılanır, cinayətkar, terrorçu Ermənistan hökuməti cəzasız qaldığı üçün daha da şirniklənir və daha çox cinayətlərə əl atır.

Oktyabrın 4-5-də Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılıb və ətrafa mərmi qalıqları səpələnib.

Həmçinin Ermənistan Silahlı Qüvvələrinin silahlı birləşmənin üzvləri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə oktyabrın 6-da saat 18:30 radələrində Azərbaycan Respublikasının Yevlax rayonunun silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən, fərqləndirilən və xam neft və kondensat ixrac edən kəmərləri hədəfə almaqla, eləcə də döyüşlərdə iştirak etməyən, hərbi əməliyyatlar aparılan ərazidən ən azı 50 kilometrdən artıq məsafədə yerləşən Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində beynəlxalq hüquqla qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını tətbiq edib mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara raketlə hücum etməklə 9M525 qəlpəli “Smerç” nəslindən olub böyük dağıdıcı qüvvəyə malik, içərisində 300 ədəd 9N235 bombacıqları olan reaktiv yaylım atəşli raketdən atəş açıb. Raketin Azərbaycan Silahlı Qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində onun içərisində olan bombacıqların bir hissəsi Yevlax rayonunun Aran qəsəbəsindən keçən, diametri 42 düym olan Cənub Qafqaz Genişlənmiş Boru kəmərinin boru xəttinin üzərinə, bir hissəsi həmin ərazidən keçməklə xam nefti Qara dəniz sahilinə nəql edən Qərb İxrac Boru kəmərindən 120 metr məsafəyə, digər hissələri isə həmin qəsəbədən keçən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 100 metr məsafəyə səpələnib. Bununla da neft ixrac edən və dağıdılması əhəmiyyətli əmlak ziyanının vurulmasına səbəb ola bilən böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaratmaqla infrastruktur obyektlərinə və digərlərinə məxsus xüsusilə külli miqdarda əmlakın qəsdən məhv edilməsinə cəhd olunub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılaraq aparılıb, terrorçuluq cinayəti törədilib. Əlbəttə ki, işğalçı erməni qoşunlarından başqa hec nə gözləmək olmazdı. Soyqırım törətmiş, etnik təmizləmələr aparmış, qadın, qoca və uşaqları öldürən insanlar hazırda Ermənistana rəhbərlik edirlər. Silahsız dinc vətəndaşların qətlində şəxsən iştirak edən insanlar üçün təkcə qadağan edilmiş silah deyil, həm də "Metsamor" AES-in işlənmiş nüvə yanacağından istifadə edilməklə yaradıla bilən "çirkli bombalar"ın tətbiq edilməsini əmr etmək çətin bir şey deyil. Lakin heç nə Azərbaycan Ordusunu, xalqını müqəddəs amalından döndərə bilməz! Ermənistanın növbəti silahlı təxribatına layiqi cavab verilir! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini addım-addım azad edir. Azərbaycan Ordusu öz torpağında Azərbaycanın  ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, işğala son qoyulmalıdır və  Azərbaycan xalqının ən ülvi arzusu məhz budur. İşğal altında olan torpaqlarımızın azad olunması, şəhidlərimizin ruhu qarşısında borcumuzun yerinə yetirilməsi deməkdir. Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimizin  qanının yerdə qalmayacağını bəyan edən Prezident İlham Əliyev böyük qətiyyətlə və inamla bildirir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! 

Mənsumə Babayeva
28 illik işğala son
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?