17 sentyabr 2019 14:07
184

Ceyhun Bayramov Basqal qəsəbə tam orta məktəbinin açılışında iştirak edib

Sentyabrın 17-də İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin açılış mərasimi keçirilib. Açılış mərasimində təhsil naziri Ceyhun Bayramov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, məktəb kollektivi, valideynlər və yerli sakinlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil naziri Ceyhun Bayramov ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilən proqramların reallaşdırılması nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhəmiyyətli işlərdən danışıb. Təhsil naziri bildirib ki, 2003-2018-ci illər ərzində 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə bir milyondan şagirdin təlim şəraiti yaxşılaşdırılıb.

Ceyhun Bayramov təhsil sahəsində aparılan çoxsaylı işlər, islahatlar barədə məlumat verib. Nazir çıxışında təhsil sisteminin aparıcı qüvvəsi olan müəllim əməyinin stimullaşdırılması, bu peşənin nüfuzunun artırılması istiqamətində görülən işləri xüsusi vurğulayıb və son illər bu yöndə çox böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.

Nazir çıxışının sonunda yeni tədris binasının açılışı və dərs ilinin başlanması münasibətilə hər kəsi təbrik edib, uğurlar arzulayıb.

Çıxış edən  İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayon üzrə təhsil sahəsində görülən işlər, nailiyyətlərdən söz açıblar və təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. 

Daha sonra Təhsil naziri Ceyhun Bayramov məktəbdə yaradılmış şəraitlə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.

Qeyd edək ki, Ismayıllı rayonu Basqal qəsəbə tam orta məktəb 432 şagird yerlikdir.  Məktəb binasında 1 fizika, 1 kimya, 1 biologiya laboratoriyaları, 18 sinif otaqları, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, 190 yerlik akt zalı, idman zalı yerləşir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Məktəb binasının istiliklə təmin olunması üçün təbii qazla  işləyən müasir tələblərə cavab verən qazanxana və nasosxana da təchiz edilib.