26 sentyabr 2019 20:03
269

Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 74-cü sessiyasında Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, həmçinin haqqa, ədalətə dəstəyinin ifadəsi olan bu bəyanatının davamı olaraq, bildirmişdir ki, Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir

28 illik müstəqillik tarixinə malik olan, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olaraq bütün sahələrdə davamlı uğurlara imza atan ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın müstəqil siyasəti, ədalətli mövqeyi beynəlxalq təşkilatların qərar və qətnamələrində də reallıqların öz əksini tapmasını şərtləndirir.

Amma bir gerçəkliyi də hər zaman qeyd etməliyik ki, beynəlxalq hüquq problemi mövcudluğunda, münaqişələrin nizamlanmasında problem yaratmaqda davam edir. 25 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ikili yanaşmalar göz önündədir. Baxmayaraq ki, beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyi dəstəklənir, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur, bəyanatlardan konkret əmələ keçməkdə tərəddüdlər inkaredilməzdir.

BMT Baş Assambleyasının 74-cü sessiyasında Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan regionda sabitliyin, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi, həmçinin dünyaya ünvanlanan haqq, ədalət çağırışı fonunda əsas diqqəti Dağlıq Qarabağ probleminə yönəldərək bildirib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır. Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir. Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır.

Hər bir məsələdə Azərbaycanın yanında olan rəsmi Ankara dünyaya bu çağırışı edir ki, bütün münaqişəli məsələlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalı, ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Ötən il “Star” neft emalı zavodunun açılışında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə xüsusi diqqət yönlətmişdir. “Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz” söyləyən R.T.Ərdoğan əsas diqqəti Dağılq Qarabağ probleminin həllində dünyanın ikili siyasətinə yönəltmişdir: “Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik.”

Türkiyənin bu mövqeyi işğalçı dövlət və onun havadarları tərəfindən həmişə narazılıqla qarşılanıb. Hətta münaqişənin həllində Türkiyənin vasitəçiliyi məsələsi gündəmə gətiriləndə Ermənistan hakimiyyəti sərt mövqe ortaya qoyaraq, rəsmi Ankaranı birtərəflilikdə ittiham edir. Ədaləti dəstəkləmək birtərəflilikdimi? Görünür, Ermənistan rəhbərliyi üçün beynəlxalq hüquq normalarına məhəl qoymuyub, qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış etmək, saxta tarix yazıb özlərini yalanlarına inandırmaq ədalət, bu “ədalətə” dəstək olan dövlətlərin, təşkilatların mövqeyi isə birtərəflilik deyil, normaldır.

Azərbaycan-Türkiyə birliyi hər addımda özünü təsdiqləyir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Türkiyə -Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması, eyni zamanda, ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. “Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılması mümkün deyil” kimi qərarında israrlı olan rəsmi Ankaranın bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha bəyan edir. 

Ötən il Bakının azad olunmasının 100 illiyi münasibətilə Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı da bir əsrlik tarixə malik olan Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna bir daha işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyaya nümunə olan bu birlik sarsımazdır, əbədidir, yüksək zirvədədir. Həmin paradda Türkiyə Prezidenti R.T.Ərdoğan bu məqamı bir daha diqqətə çatdırmışdır ki, Türkiyənin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi məlumdur, aydındır, dəqiqdir. Bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir.

Bir müddət öncə Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirləri arasında keçirilən görüşlər, Naxçıvanda Türkiyə-Azərbaycan Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” adlı birgə döyüş atışlı taktiki təlimləri də deyilənlərin təsdiqidir. “Sarsılmaz qardaşlıq-2019” bütün dünyaya nümayiş etdirdi ki, Silahlı Qüvvələrimiz hər bir vəzifəni təkcə və birgə icra etməyə hazırdır və qadirdir.

Azərbaycanın möhkəmlənən beynəlxalq mövqeyi, iqtisadi imkanları fonunda güclənən və qüdrətlənən ordusu tezliklə yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı artırır. Qeyd etdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi, eyni zamanda, Bakının azad olunmasının 100 illiyi ilə bağlı parad, ölkəmizin ev sahibliyi etdiyi “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı.

Müharibə şəratində yaşayan bir ölkə üçün güclü və qüdrətli ordunun olması əsas şərtdir. Müstəqilliyimizin, ərazi bütövlüyümüzün qarantı olan Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Böyük inamla qeyd edirik ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycan sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını seçərsə, qələbəmiz şəksizdir. Ən yüksək tribunalardan bəyan edildiyi kimi, hərbi qüdrətimizin artırılması suveren hüququmuzdur. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.

Bu reallığı rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını ATƏT-in Minsk qrupu yerinə yetirsə də bütün beynəlxalq təşkilatların potensial imkanlarından istifadə etməkdə maraqlıdır. Xatırlasaq, Azərbaycan tərəfin Faktaraşdırıcı Missiyanın yaradılması təklifi ilə BMT-yə müraciət etmişdir. O zaman rəsmi Bakının bu addımını ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirən işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər belə bir addımın Minsk qrupu tərəfindən atılmasının məqsədəuyğun hesab olunduğunu bildirdilər. ATƏT-in Faktaraşdırıcı Missiyası yaradıldı və işğal olunmuş ərazilərimizdə vəziyyəti öyrənmək üçün həmin torpaqlarımızda oldu. Səfərin nəticəsi ilə bağlı hazırlanan hesabat bir daha ikili yanaşmanı nümayiş etdirdi.

BMT Baş Assambleyasının bütün sessiyalarında rəsmi Bakı Dağlıq Qarabağ məsələsinin müzakirəsinə nail olmuş, ermənilərin iç üzünü faktlar əsasında dünyaya bəyan edib. 72-ci sessiya bu baxımdan xüsusi diqqətçəkən, işğalçı dövlətin yalanlarının açıqlanması baxımından əhəmiyyətli olmuşdur. Baxmayaraq ki, həmin sessiyada Ermənistanın keçmiş prezidenti S.Sarksyan ənənəsinə uyğun olaraq yalanları ilə iştirakçıların diqqətini yayındırmağa cəhd göstərdi, amma dövlətimizin başçısı İlham Əliyevin çıxışı onun ssenarisini, çirkin niyyətini alt-üst etmişdi: “”Sual verilir: Necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğuna elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər.”

Rəsmi Bakı bu bəyanatları ilə bir daha diplomatik mübarizəninin önəmini nümayiş etdirir. Təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanan Azərbaycanın informasiya mübarizəsində uğurları davamlılığı ilə diqqət çəkir. Təbliğatını hər zaman yalan üzərində quran, saxta tarix yazmaqla dünyanın diqqətini özlərinə qarşı yönəldən, özlərini “yazıq, məzlum, əzilən” millət kimi təqdim edən ermənilər artıq yalanın ayaq tutub yerimədiyini qəbul etmək məcburiyyətindədirlər. Cənab İlham Əliyev bu bəyanatı da səsləndirir: “Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq.”

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi baza mövcuddur. Cənab İlham Əliyevin çıxışında da bu faktlar öz əksini tapıb ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, həmçinin İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, ATƏT-in, AŞPA-nın, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qətnamələrində Ermənistanın işğalçılıq siyasəti pislənilir, işğalçı qüvvələrin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması tələb edilir.

Real dünyada yaşayırıq. Ölkəmizə qarşı zaman-zaman təzyiqlərin səbəbləri də bəllidir. Ölkə Prezidentinin bəyan etdiyi kimi, bu, nəyi göstərir? Birincisi onu göstərir ki, dünyada ədalət yoxdur. İkincisi, beynəlxalq hüquq normaları dünyada kobudcasına tapdalanır. Elə bil ki, bu normalar kiçik dövlətlər üçün yazılıb. Böyük dövlətlər bunlara məhəl qoymur, bu normaları istədikləri şəkildə təhlil və tətbiq edirlər. Cənab İlham Əliyev bildirir: “Nə vaxt sərf edir ərazi bütövlüyü, nə vaxt sərf edir öz müqəddəratını təyinetmə prinsipi və digər məsələlər də, necə istəyirlər elə də yozurlar. Beynəlxalq hüququ pozan ölkələrə qarşı təzyiq mexanizmi yoxdur. Ancaq kiçik ölkələrə qarşı belə addımlar atılır. Ona görə, o qədər də böyük olmayan ölkə belə vəziyyətdə nə etməlidir, ilk növbədə öz daxili resurslarına arxalanmalıdır. İşlər elə getməlidir ki, ölkə güclənsin, insanlar daha da yaxşı yaşasınlar və təhlükəsizlik təmin edilsin.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da BMT Baş Assambleyasının iclasında bu məsələyə xüsusi diqqət yönəltmişdir. “Hər birimiz təhlükəsizlikdə deyilsək, deməli heç birimiz təhlükəsizlikdə deyilik” söyləyən R.T.Ərdoğan bildirmişdir ki, dünyanın bir tərəfi yüksək rifah və lüks səviyyədə yaşamağa davam edərkən, digər tərəfdə aclıq, səfalət və cəhalət yolverilməzdir”. BMT strukturunda islahatların aparılmasının vacibliyinə növbəti dəfə diqqət çəkən Türkiyə Prezidenti dünyanın beşdən böyük (BMT Təhlükəsizlik Şurasının veto hüququna malik olan 5 daimi üzvü nəzərdə tutulur) olduğunu, qaydaları dəyişdirməyin zamanının çoxdan gəldiyini söyləyib. Qeyd edək ki, bu tələblə dövlətimizin başçısı İlham Əliyev 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında bildirmişdir: “BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.” Rəsmi Bakı ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edir ki, münaqişə ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun öz həllini tapmalıdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri kağız üzərində qalırsa, hansısa sənədin qəbuluna ehtiyac varmı? O dövlət, təşkilat o zaman siyasətində, mövqeyində ciddi qəbul olunar, dəstəklənər ki, sözlə əməl birliyi olsun. Qəbul olunan sənədlər icra olunduğu təqdirdə ədalətsizliyə son qoymaq mümkündür. Rəsmi Bakının bəyanatlarında bu tələb də yer alır: “Əgər bu gün ikili standartlar dünya miqyasında, dünya siyasətində bir meyardırsa, onda onu bəyan etsinlər. Onda riyakarlığa son qoyulsun.”

Yeganə Əliyeva, “İki sahil”