KÖŞƏ

Azər Qismət

Cənab İlham Əliyevdən Paşinyana soyuq duş effekti...

15 oktyabr 2019 11:07
225

“Parazit” bir orqanizmdir. Həmin orqanizm başqa orqanizmin hesabına yaşayır. Elə adamlar var ki, onlar fikirlərini aydın və səlis ifadə etməyə çətinlik çəkirlər. Yaxud, elə danışırlar ki, sanki nitqdən çirkab tökülür. Bu, bəzən parazitlərin hesabına belə olur. Əgər orqanizmdə parazit çoxdursa, o insan harada nə gəldi danışır və sözünün məsuliyyətini anlamır.

Nikol Paşinyan bütün cəhətlərinə görə parazit obrazı yaradır. Bir orqanizm başqa orqanizmin hesabına yaşamağa çalışır. İndi kiminsə orqanizminə daxil olmasa, yaşamağı çətinləşəcək. Tezliklə mövcudluğunu itirəcək. Ona görə də gah Şərqə, gah Qərbə, gah Şimala qaçır. Təkbətək görüşlərdə belə istəyi alınmayanda, bunu selfi ilə etməyə çalışır. Öz xalqının nümayəndələrinə isə “Dağlıq Qarabağ Ermənistandır” deməklə söz verir ki, “darxımayın, kiminsə orqanizminə daxil olacağıq”.

Elə Dağlıq Qarabağdakı pafoslu çıxışı ona xeyli reytinq gətirmişdi. Onun cavabı veriləcəkdi. Çörçil demişkən, “sözün məqamında deyilişi, Egey dənizindəki dalğaların qəflətən şahə qalxmasına bənzəyir”. Elə Azərbaycan Prezidenti də məqamı gözlədi. Və artıq iki zərbə endirildi. Təkcə Soçidəki “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi Ermənistanı qarışdırdı. Müxalifət nümayəndələri onu ittiham etdilər ki, “Paşinyan Əliyevə uduzur”. Növbəti zərbə Türkmənistanda vuruldu.

Prezident İlham Əliyevin nitqinin unikallığı onda idi ki, o Paşinyana qarşı təhqiramiz ifadələrdən istifadə etmədi. Bunun siyasətçiyə yaraşan hal olmadığını bilir. Həm də Moskvada aldığı təhsil sisteminə əsasən diplomatlar birbaşa zərbəni kənar vasitələrlə həyata keçirməlidirlər. Türkmənistandakı çıxış şəxsi təhqir etmədi, əvəzində daha geniş radiusu əhatəyə aldı: “Sənin ölkən faşizmə meyillidir. Abidəni qoyan keçmiş rəhbərliyin də faşist təfəkkürlüdür. Abidəni götürməyən sən də faşizmdə maraqlısan. Maraqlı deyilsənsə, götürməli idin”.

Prezident İlham Əliyev nasist Qaragen Njdeyə qoyulan abidə məsələsinə bir daha qayıtdı. Baş nazir aldığı ikinci zərbədən yayına bilmədi. Türkmənistanda MDB dövlət başçılarının görüşü qədər yüksək tədbirdə bunu gözləmirdi. Cənab İlham Əliyev Ermənistanın hansı amala xidmət etdiyini bir abidənin timsalında açıq şəkildə göstərdi. Anlatdı ki, nasistliyi təbliğ etməkdən çəkinməyən, hətta abidə qoymaqla əsl xislətini ortaya qoyan bir ölkə də MDB ailəsinin üzvüdür. Belə ölkənin regionda sülhə verəcəyi töhfə də şübhəlidir. Nəinki şübhəlidir, hətta mümkün deyil.

Prezidentin nitqinin tutarlı olması mənbəyə istinadla daha da kəskinliyi ilə seçildi. Qonşu ölkənin faşist ideologiyasına xidmət etməsinin sübutu üçün həm də Rusiya Xarici İşlər Nazirliyinin mövqeyini əsas gətirdi. Sergey Şoyqunun rəhbərliyi altında çıxan Ensiklopediyadan tarixi sitatı gətirməsi isə o demək idi ki, bütün faktları özünüz qeyd etmisiniz. Bəs, ortada olan susqunluq nədən ibarətdir, anlaşılmır. Cənab İlham Əliyev bununla Rusiyanın aidiyyəti orqanlarını da hərəkətə gəlməyə səslədi. Bunun təkcə Azərbaycanın işi olmadığını incə şəkildə nəzərə çatdırdı. Xatırlatdı ki, vəziyyətin ciddiliyi barədə vaxtilə özünüz də narahatlığınızı ifadə etmisiz. Sadəcə, o mövqe mövqe olaraq qalmamalıdır.

Prezident bunu yüksək səviyyəli tədbirdə bəyan etdi. Sözün harada deyilməsinin əhəmiyyəti ondan ibarətdir ki, o söz KİV vasitəsilə dünyaya yayıldı. Qaregin Njdenin Holokost soyqırımına verdiyi “töhfənin” xüsusilə vurgulanması isə hədəfi nişan aldı. Çünki Holokost soyqırımı dünyanın həm ağrılı, həm də incə səhifəsidir. Prezident bu soyqırımı xatırlamaqla zərbəni daha geniş radiusda götürdü. Bu, Ermənistanın beynəlxalq səviyyədə daha sıx və əhatəli şəkildə qınanılması üçün vacib mesaj idi.

Njdenin abidəsini qoyan keçmiş hakimiyyətin, o abidəni götürməyən indiki hakimiyyətin aldığı zərbə hələ çox müzakirə olunacaq. Soçi zərbəsi Ermənistan müxalifətini hərəkətə gətirdisə, Türkmənistan zərbəsi onu xalqının gözündən salacaq. Cənab İlham Əliyev səbrlə gözləyirdi ki, indiki rəhbərlik münaqişəyə ağıl prizmasından baxar. Pafoslu çıxışları görəndə isə soyuq duş effekti yaratdı. Belə duş Paşinyanı yuxudan ayıldacaq. Elə onu küçədən hakimiyyətə gətirən xalqını da.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...