20 noyabr 2019 19:46
142

Cavid Osmanov: Xalqımız üçün YAP əmin-amanlıq, firavanlıq, sabitlik deməkdir

Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası  ölkə qarşısında duran problemləri həll etməyə qadir monolit bir siyasi qüvvədir. Güclü sosial bazası, praqmatik və gerçəkliyə əsaslanan bitkin proqramı olan partiya XX əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi. Bu gün xalqımız üçün YAP əmin-amanlıq, firavanlıq, sabitlik deməkdir.

Bu fikirləri YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov İkisahil.TV-yə müsahibəsində bildirib.

Cavid Osmanov qeyd edib ki, Partiyanın keçdiyi şərəfli yola nəzər saldıqda görürük ki, bu yol heç də həmişə hamar olmamışdır. Belə ki, müstəqilliyimizin ilk illərində ölkənin siyasi həyatı iflic vəziyyətdə idi. Ərazilərimizin dalbadal işğalı, dərin iqtisadi-siyasi böhran, əhalinin ağır sosial durumu vətənpərvər insanları Azərbaycanın gələcəyi ilə bağlı ciddi düşünməyə vadar edirdi. Son dərəcə mürəkkəb bir şəraitdə meydana çıxan Yeni Azərbaycan Partiyası xalqımızın taleyində yeni mərhələnin başlanğıcı oldu. Yeni yaranmış partiyanın bəyanatında bildirilirdi ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivil, demokratik hüquqi dövlət, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir.

Bu gün Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının həmişə olduğu kimi, xalqımızın tükənməz hörmətini, rəğbətini qazanması, sıralarını kəmiyyət və keyfiyyət baxımından genişləndirməsi ilə ümumxalq partiyası olduğunu bir daha sübut edib və etməkdədir. Yeni Azərbaycan Partiyası beynəlxalq mühitdə siyasi əməkdaşlıq, sivilizasiyaların dialoqunun tərəfdarı kimi çıxış edərək ölkədə milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının təbliği və inkişafı istiqamətində çox mühüm işlər görür. Bütün bunlar Yeni Azərbaycan Partiyasının dünyanın siyasi təşkilatları arasında nüfuzunu artırır, Azərbaycan cəmiyyətindəki mövqeyini daha da möhkəmləndirir.

C.Osmanov qeyd etdi ki, 27 il əvvəl təsis olunmuş partiyamız bu gün dünyanın, regionun tanınmış siyasi güc mərkəzi və Cənubi Qafqaz regionunda yerləşən ölkələr içərisində yaranan siyasi partiyalar arasında ən uzunömürlü və ən çox iqtidarda olan siyasi partiyadır. 1993-cü ildə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa müddət ərzində ictimai-siyasi sabitliyi bərpa edərək ölkəmizi inkişaf yoluna çıxardı. Hazırda ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparır. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, onun Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun daha da yüksəlməsi istiqamətindəki səyləri bu prosesdə Azərbaycan qadınlarının təmsilçiliyi kimi də qəbul olunmalıdır.

Cavid Osmanov diqqətə çatdırdı ki, YAP regionun yeganə siyasi təşkilatıdır ki, Avropa, Asiya, Amerika qitələrində fəaliyyət göstərən siyasi təşkilatlarla qarşılıqlı tərəfdaşlıq əlaqələri qurub. Eləcə də böyük ölkələrin nüfuzlu partiyaları ilə münasibətlər mövcuddur. Bu münasibətlər partiyalar səviyyəsində dövlətlərarası əməkdaşlığa töhfələr verir. Hesab edirəm ki, bu fəaliyyət region ölkələrinin siyasi təşkilatları üçün nümunədir. Əgər 27 yaşı olan bir partiya 26 il iqtidardadırsa və xalqın mütləq əksəriyyəti onun siyasətini dəstəkləyirsə, bu, həmin ölkəyə yalnız uğur, rifah və çiçəklənmə gətirir.

C.Osmanov diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, partiyanın liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”. Hesab edirəm ki, Azərbaycanın sahib olduğu bütün uğurların müəllifi Yeni Azərbaycan Partiyasıdır. Belə bir partiyanın sıralarında olmaq hər kəs üçün şərəfdir. Bu gün doğrudan da böyük bayramdır. Azərbaycanı dinamik inkişaf yoluna çıxaran bir partiyanın 27 yaşı tamam olur. Fəxrlə deyirəm ki, mən də bu partiyanın üzvüyəm.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”