04 aprel 2020 20:23
1152

Cavid Osmanov: Vətəndaşlarımızın evdə qalmaları üçün çox ciddi tədbirlər görülür

“Bildiyimiz kimi koronavirus pandemiyası bütün dünya ölkələrinin həyat və fəaliyyətini iflic vəziyyətə salıb. Bu günə qədər virusa qarşı heç bir dərman və ya vaksin tapılmayıb. Nəticədə 100 minlərlə insan infeksiyaya yoluxub, minlərlə insan isə dünyasını dəyişib. Bu gün bütün dövlətlər, dünyanın ən inkişaf etmiş ölkələri, iqtisadiyyat baxımdan güclü olan, eləcə də səhiyyə sahəsinin ən yüksək zirvəsinə çatan ABŞ, Almaniya, İtaliya, İspaniya kimi ölkələr belə yaranan vəziyyətdə aciz qalıblar." Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Bütün dünya ölkələri, o cümlədən də Azərbaycan dövlətinin virusla mübarizə istiqamətində yüksək fəaliyyət ortaya qoyduğunu deyən deputat söyləyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik və tapşırıqları ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vaxtında təsirli addımlar, bütün lazımi qabaqlayıcı tədbirlər həyata keçirilir:
“İnsanların, xüsusilə də işləməyən vətəndaşlarımızın evdə qalmaları üçün çox ciddi tədbirlər görülür. İlkin dövrdə inveksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. 
Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. 
Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb."
 C.Osmanov bildirib ki, Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb: "Virusu ciddiyə almayan ölkələrdə, xüsusilə də ABŞ və Avropada zamanında görülməyən tədbirlər, eləcə də insanların infeksiyaya qarşı məsuliyyət münasibəti nəticəsində vəziyyət daha kritikdir.  Əgər Azərbaycanda da insanlar qoyulan qaydalara, xüsusi krantin rejiminə, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələrə əməl etməsə, bizim də aqibətimiz bu ölkələr kimi ola bilər. Azərbaycanda koronavirusla bağlı gündəlik statistik rəqəmlərə baxdıqda aprelin 4-nə olan məlumatına görə,ölkədə 555 yoluxma faktı qeydə alınıb. 
Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı sosial şəbəkələrdə müəyyən mülahizələr irəli sürülür və suallar verilir. Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydı alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb.  Gürcüstanda isə yoluxmaların sayı 156 nəfər təşkil edir, lakin ölüm halı hələlik qeydə alınmayıb."
Milli Məclisin deputatı məlumat verib ki, regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır: "Hər bir ölkə və region üçün bu hal spesifikdir.
Bu o deməkdir ki, bizdə də virusa yoluxma artan dinamika üzrə gedir. Bu baxımdan hər kəsdən karantin rejiminə əməl etməyi xahiş edirik. Hətta bu rejimin əməl edilməsi ilə bağlı qanunvericilikdə cəza tədbirləri nəzərdə tutulub. Bu baxımdan hər birimiz sosial məsuliyyətimizi anlamalı, əzizlərimiz, ailəmiz, doğmalarımız , yaxınlarımız, dövlətimiz üçün bütün tədbirlərə əməl etməliyik. Çünki biz özümüzü qorumaqla ölkəmizi, xalqımızı, dövlətimizi qorumuş oluruq. Əgər biz real məsuliyyətimizi anlayıb, izolyasiya tədbirləri, karantin rejiminə əməl etsək o zaman prosesdən daha az itki ilə yaxa qurtara bilərik. Lakin çox təəssüf ki, bəzi insanlar bunu anlamaq istəmir, qoyulan qaydalara riayət etməməklə ailə üzvlərini, yaxınlarını, eləcə də digərlərinin yoluxma ehtimalını artırırlar. Əgər xalq olaraq mövcud olmaq istəyiriksə, mütləq şəkildə karantin rejiminə əməl etməliyik. Əks halda bizdə vəziyyət Avropa ölkələrindəki kimi acınacaqlı ola bilər. Gündəlik statistika da göstərir ki, bəzi insanların məsuliyyətsizliyi nəticəsində Azərbaycanda virusa yoluxma dinamikası artır."

Orxan Vahidoğlu,

"İki sahil"