20 yanvar 2021 18:05
344

Cavid Osmanov şəhid ailələri və qazilərlə görüşüb - FOTO

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov yanvar ayının 10-dan etibarən Ağdaş rayonundan Vətən müharibəsində iştirak edərək şəhid olan, itkin düşən hərbiçilərimizin ailələri və qazilərimizlə görüşlər keçirib. Görüşlər zamanı 27 şəhid, 1 itkin düşümüş hərbiçimizin ailəsinin və 44 qazinin evində olub, onların keçmiş olduqları döyüş yolu və göstərdikləri igidliklər haqqında qazilər və şəhidlərin ailə üzvləri ilə söhbətlər edilib. Hər bir ailəni narahat edən problemlər dinlənilib.

Görüşlər nəticəsində şəhid ailələrini və qaziləri narahat edən bəzi məsələlər dərhal həll edilib, digər müraciətlərin hər biri nəzarətə götürülüb, icrasını təmin etmək məqsədi ilə işlər davam etdirilir.
Hər bir şəhid ailəsi və qazimizlə keçirilən görüşlərdə Cavid Osmanov Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin heç vaxt unudulmayacağını, onların hər zaman ehtiramla yad ediləcəyini, adlarının uca tutulacağını bildirib.

Qeyd edilib ki, Prezidentimiz  cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva bu məsələlərə hər zaman xüsusi diqqət ayırıblar, onların rəhbərliyi ilə dövlətimiz hər zaman şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına qayğı göstərib, onların bütün sosial problemləri həll olunur. Şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə cənab Prezidentin həm birdəfəlik ödəmənin bütün şəhid ailələrinə verilməsi, həm də şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləğinin artırması haqqında Fərman və sərəncamları, şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. 
Şəhid ailələrinin üzvləri və qazilərimiz dövlətimiz tərəfindən göstərilən davamlı diqqət-qayğıya görə cənab Prezidentimiz, Müəzffər Ali Baş Komandanımız İlham Əliyevə, eyni zamanda Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Milli Məclisin deputatı Cavid Osmanov tərəfindən bu ailələrin ziyarət olunması mütamadi xarakter daşıyacaq.

Orxan Vahidoğlu, "İki sahil"