KÖŞƏ

Elçin Zaman

"Camaatı özünüzə güldürməyin"

08 iyul 2020 18:49
4060

Cəmil Həsənli cəbhəçilərin Əli Kərimli haqqında yaratdıqları «mifdən» bezib və o, artıq AXCP sədrinin liderliyini qəbul etmək niyyətində deyil

Xeyli vaxtdır ki, sosial şəbəkələrdə qondarma «Milli Şura»nın onlayn iclaslarının bəzən gülüş doğuran, bəzən isə acınacaqlı vəziyyətə düşdüklərini əks etdirən görüntüləri yayılmaqdadır. Onların son videokonfraslarında isə qondarma şuranın üzvü Rahim Hacıyev «lap gül vurub.» O, AXCP sədri Əli Kərimlini hətta zamanın Məmməd Əmin Rəsulzadəsi adlandırıb. Bu populist cəbhəçinin Əli Kərimlini belə vəsf etməsi hətta qondarma «Milli Şura»nın qondarma sədri Cəmil Həsənlini özündən çıxarır. Cəmil Həsənli Rahim Hacıyevin bu sözlərinə kəskin etiraz edərək camaatı özlərinə güldürməməyi tövsiyə edir və deyir ki,  belə təriflər camaatda aydın şəkildə qıcıq yaradır. O, bununla Rahim Hacıyevi bir daha sarsaqlamamağa dəvət edir.

Eyni zamanda, sətiraltı olaraq Əli Kərimlinin liderliyinə şübhə ilə yanaşdığını ifadə edir. Görünən odur ki, Cəmil Həsənli cəbhəçilərin Əli Kərimli haqqında yaratdıqları «mifdən» bezib və AXCP sədrini lider kimi qəbul etmək niyyətində deyil. Onun bu etirazına qondarma «Milli Şura»nın digər üzvü Vidadi Mirkamal da qoşulur. O da barıtı çox qoyduğu üçün Rahim Hacıyevi danlayır. Ancaq Qənimət Zahid isə Rahim Hacıyevi müdafiə etməklə bərabər, Əli Kərimlinin əzabkeş rolda təqdim olunmasını, hətta yalan olsa belə,  ona olan təzyiqlərin şişirdilməsini tövsiyə edir.

Bu videogörüntülər dağıdıcıların fərsizliklərini və saxta vətənpərvərliklərini olduqları kimi göstərməklə qondarma «Milli Şura»nın ifşasını sürətləndirir. Eyni zamanda, görüntülər təkcə qondarma «Milli Şura»nın siyasi gücsüzlüyünü göstərmir, həm də onların sadəcə  söyüş söyməklə, qeybətlə məşğul olduqlarını aşkara çıxarır.

Hətta qondarma qurumun əvvəllər yayımlanan videokonfraslarını izləyəndə də təəssüf edirsən ki, belələri siyasətlə məşğul olmaq iddiasındadırlar. Təbii ki, söyüş söymək, başqalarını təhqir etmək, qeybətlə məşğul olmaq nəinki siyasətçiyə, ümumilikdə, insana yaraşan xarakter deyil. Bu, məsələnin daha çox mənəvi tərəfidir.

Məsələnin siyasi tərəfi üzərində də daha çox dayanılmalıdır. O baxımdan ki, bu qurumda çəmləşənlər guya ciddi siyasətlə məşğul olan, bütün günü hakimiyyəti tənqid edib, onun yerinə gəlmək iddiasına düşmüş şəxslərdir. İllərdir görüntü yaradırlar ki, ciddi proqramlar üzərində işləyiblər və ölkənin gələcəyi ilə bağlı müəyyən yeni baxışlara malikdirlər, hakimiyyətə gəlsələr, indikindən daha yaxşı işlər görəcəklər. Amma illərdir ki, bunu necə edəcəklərini sanki sirr saxlayırlar. Reallıqda konkret heç bir ağlabatan proqrama malik olmasalar da müəyyən qədər bu görüntünü yaratmağa çalışırdılar.

Bu videokonfransdan əvvəlki videokonfranslarda da dəfələrlə «gül vurublar.» Hətta  qondarma qurumun üzvü Gültəkin Hacıbəyli  neftin qiymətinin 14 dollara düşməsindən sevinir və «əqidədaşlarını» muştuluqlayır. Məhz Azərbaycan neftinin qiymətinin aşağı düşməsinə sevinən ermənilərlə Gültəkin Hacıbəylinin xistləti əkizlik yaradır.

İngilis bayrağı kimi külək hara əssə o istiqamətə əyilən, yəni, hər iki-üç ildən bir siyasi mövqeyini dəyişən Gültəkin Hacıbəyli digər bir videokonfransda  inəklərin bioloji durumlarından bir lətifə də guppuldadıb. Deyib: «Cəmil müəllim, yadınızdadır siz mənə danışmışdınız: Bakıdan Mərkəzi Komitənin katiblərindən biri gedib  rayondakı mal fermasına. Buğanı görüb deyib ki, nə qəşəng inəkləriniz var. Deyiblər ki, inək deyil- buğadır. O da başa düşməyib ki, buğa nədir? Deyiblər ki, bu inəyin erkəyidir. O da qayıdıb deyib ki, hə demək istəyirsiniz ki, inəyin əridir də…»

Bu zaman qondarma qurumun üzvləri bir xeyli gülüşürlər və inəyin «ərinin» müzakirəsi onların əsas mövzusu olur. Yəni, bu, bir daha göstərir ki,  qondarma «Milli Şura»nın elə bir ciddi üzvü və normal düşüncəli insanı yoxdur ki, ciddi mövzulara, maraqlı söhbətlərə baş qoşsunlar. Bu görüntülər bir daha göstərir ki, qurum daha çox baytarlar birliyinə bənzəyir

Haqlı olaraq insanlar düşünürlər: bu söyüşcül, iradəsiz və savadsız bir toplumlamı hakimiyyətə gəlmək istəyirsininz? Bu, artıq dəhşətdir, populistlərin imkanlarından min dəfə irəli hoppana biləcəyinə dair sərsəmləmədir, vəssalam...Özlərinin də dedikləri kimi, 100 insanı «Eşkiya dünyaya hökmdar olmaz» serialına baxmaqdan qoparıb öz videoçıxışlarına baxmağa məcbur edə bilmirlər. Çünki cəmiyyət artıq onların boşboğazlıqlarından təngə gəlib.

Başqa bir məqam : yenə də əvvəlki  videokonfranslarda iclasın müəyyən bir yerində İbrahim İbrahimliyə söz verilir və «deyəsən, yatıb onu qıdıqlamaq lazımdır» deyilir. Çox gülməli və acınacaqlı səhnələrdir. Bəli, mütləq bunları qıdıqlamaq lazımdır ki, yuxudan ayılsınlar, dünyaya açıq gözlə, həm də bir az məsuliyyətlə baxsınlar.  

Sonuncu gülməli məqam isə Əli Kərimlinin telefonunun iclasda deyildiyi kimi, «Deyəsən Əli bəyin «zaryadkası» qurtardı» ifadəsidir. Bu, sözün birbaşa mənasında o deməkdir ki, Əli Kərimlinin həqiqətən, siyasi baxımdan «zaryadkası» çoxdan qırmızı göstərir. Bütün siyasi fəaliyyəti boyunca ciddi yanlışlara yol verən, populizmdən və siyasi riyakarlıqdan əl çəkməyən Əli Kərimli  xeyli tərəfdarlarını itirib. Bu gün  AXCP sədri sadəcə bir qrup adamla qeybət etməklə məşğuldur. Onun və qondarma «Milli Şura»dakıların isə iki hədəfi var imiş - sosial şəbəkələrdə «fırtına» yaratmaq, digər müxalifətçiləri aşağılayıb gözdən salmaq. Həqiqətən, bunu yaxşı bacarırlar…

Bu və digər bir çox görüntülər bir daha sübüt etdi ki, qondarma «Milli Şura»da cəmləşənlər bu ağılla, illərdir dəyişməyən düşüncələri ilə siyasətlə məşğul olmaqdan birdəfəlik əl çəkməlidirlər.  

Danılmaz faktdır ki, «Milli Şura» adlanan qondarma qrup xalqın dəstəyindən məhrumdur. Hər hansı sosial qayğıların, siyasi çətinliklərin çözümü ilə bağlı real heç bir proqrama malik olmayan qurum şər-böhtanla, özlərinin də dedikləri kimi, sosial şəbəkələrdə «fırtına» qopartmağa güc veriblər. Axırıncı videogörüntülər isə onların məhv olma prosesi idi və bununla da onlar iflas kəndirini boğazlarına məhz özləri keçirmiş oldular.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?