20 may 2020 17:23
733

Bütün ölkələrdə metrolar eynidirmi?

Metro dünyada ən məşhur nəqliyyat növüdür. İl ərzində milyonlarla sərnişin daşıyan metroda dünya üzrə fərqli məqamlar var. Məsələn, Banqkok metrosunda rahiblər üçün xüsusi yerlər düzəldilib və Helsinki şəhərində yerləşən dünyanın ən şimal metrosunda metro tuneli qayaların içərisində yerləşir. Dünyanın müxtəlif qitələrində qeyri-adi xüsusiyyətlərə malik metropolitenlərin hamısını gözlə görməsəniz də, aşağıda onlar haqqında maraqlı məlumatlar oxuya bilərsiniz:

Vuppertalda təkrelsli asma yol və xoşbəxt sonluqlu bədbəxt hadisə Almaniyanın Vuppertal şəhərində yerləşən metro XIX əsrin mühəndislərinin yaratdığı bir möcüzə hesab edilir. Adi metronu xatırlatmasa da, onu metropoliten adlandırırlar. 1898-ci ildə qurulmağa başlanılan həmin metro 1901-ci ildən istifadəyə verilib. Havadan asılı Vuppertal metrosunun cəmi bir xətti və 20 stansiyası var. Onun marşrutu 100 ildir ki, dəyişməz qalır. Vuppertal dünyada yeganə təkrelsli asma metrodur. Bu metronun bəzi hissələrinin çayların üzərindən keçməsi onu daha maraqlı edir.

Almanlar Vuppertal asma metrosunu “şvebeban” adlandırırlar.

Bir dəfə Alter Markt və Adlerbrücke stansiyaları arasında xoşbəxt sonluqla nəticələnən bir qəza baş vermişdi. Bir təşəbbüskar sirk sahibi şvebebanın köməyi ilə reklam etmək qərarına gəlir. Tuffi adlı sirk filini metronun vaqonlarından birinə mindirirlər. Ancaq fil qatar siqnallarından necə qorxursa, ən qısa zamanda oranı tərk etməyə can atır və Vupper çayına düşür. Xoşbəxtlikdən fili xilas etmək mümkün olur. Yaxınlıqdakı evlərdən birinin fasadında bu hadisəni xatırlatmaq üçün cəlbedici bir heyvan şəkli çəkilmişdir.

Məkkədə metro ilin cəmi yeddi günü işləyir

Məkkədə 2010-cu ildə müqəddəs şəhər və onun ətrafındakı ərazilərdən ziyarətçiləri daşımaq üçün metro açılıb. 12 vaqondan ibarət metronun ümumi tutumu 72 min sərnişin təşkil edir. Metro yalnız həcc günləri-ildə cəmi yeddi gün işləyir. Onun sərnişinlərinin çoxu kişilər olurlar. Həcc ziyarətinə gedənlərin arasında qadınlar az olduğuna, Səudiyyə Ərəbistanı səfirliklərinin çox vaxt 45 yaşdan aşağı və tək qadınlara viza vermədiyinə görə bu belədir.

Romada metro stansiyalarının birində arxeoloji tapıntılar görmək olar

2018-ci ildə Romada San Covanni adlı ilk arxeostansiya açıldı. Bu keçid stansiyasının tikintisi zamanı çoxlu arxeoloji tapıntılara rast gəlinmişdi. Həmin tapıntılar maraq üçün elə stansiyanın vestibülündə yerləşdirilib.

Sinqapur metrosundan hətta kiçik uşaq belə rahat istifadə edə bilər

Sinqapurda metro o qədər sadə və rahat qurulub ki, orada kiçik uşaq və ya təcrübəsiz bir turist belə çaş-baş qalmır. Stansiyaların adları var, bundan əlavə nömrəsi və öz rəngi var, dili başa düşməyib adını oxuya bilməyən insanlar nömrə və rənglə ayırd edirlər. Sinqapur metrosunu dünyanın ən müasir və texnoloji cəhətdən zəngin metrosu hesab edirlər. Orada platformalarda sərnişinlərin giriş və çıxışı zamanı bir-birlərinə mane olmamaları üçün rəngli xətlər çəkilib. Sinqapurda metroya durian adlı yerli meyvəni gətirmək qadağası var. Spesifik iyə malik həmin ekzotik meyvə bütün sərnişinlərin kefini poza bilər.

Fukuoki metrosunda 14 dildə işləyən sorğu məntəqəsi var

Yaponların dostsevər xalq olduğunu bilirik. Bunu onların metrosu da təsdiq edir. Belə ki, orada metropolitendə 14 dildə xidmət göstərən sorğu mərkəzləri var. Hər şeydə qayda-qanuna riayət edən yaponlar vaqonlara minən zaman ciddi şəkildə növbə gözləyirlər. Metroda narıncı Kuko xətti var ki, orada turistlər üçün şəhərin ən görməli yerlərinin xəritəsi təsvir edilir.

Vankuverdə metro qatarları üçün xüsusi körpü tikilib

Vankuverdə metro əsasən yeraltı olsa da “SkyTrain” (səma qatarı) adlanır. Orada bəzi yerüstü stansiyalar mövcuddur. “SkyBridge” adlı körpü yalnız qatarlar üçün nəzərdə tutulub və dünyada ən uzun yerüstü metro körpüsü hesab edilir.

Mumbayda qadınlar üçün xüsusi vaqonlar olur

Mumbayın təkrelsli qatarları 2014-cü ildə işə salınıb. Metronun hər stansiyasında içkilər və yemək satılır, amma vaqonda yeməyə icazə yoxdur. Orada qadınların təhlükəsizliyi və rahatlığı üçün ayrıca vaqonlar da ayrılıb.

Hayfada metro funikulyor kimi düzəldilib

Hayfa metrosu 1959-cu ildə açılıb və texniki cəhətdən dartma kabellərdən düzəldilmiş bir kabel maşınıdır, amma buna baxmayaraq, onu metro adlandırırlar. Cəmi 1 xətti və 6 stansiyası var, şəhərin mərkəzindən gözəl mənzərəli Karmel dağına qədər uzanır.

Bu, faktiki olaraq funikulyor olduğundan, stansiyalar meylli bir konfiqurasiyada qurulmuşdur. Eskalatorlar da diqqəti cəlb edir, çünki onlar yalnız yuxarıya doğru hərəkət edirlər. “Karmelit” dünyanın ən qısa yeraltı sistemi kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir: uzunluğu cəmi 2 km-dir.

Dünyada ən dar platformalar Qlazqo metrosundadır

Qlazqo metrosunu səyahət bələdçiləri, kompozisiyalarının rənginə görə “narıngi” adlandırırlar. Qlazqo metrosu dünyanın ən qədim metroları arasında 3-cü yeri tutur. Bütün stansiyalar yeraltıdır, platformaların orta eni cəmi 3 metr, uzunluğu isə 40 metrdır. Platformalar xüsusilə digərləri ilə müqayisədə çox dar görünür.

Pxenyan metrosu turistlər üçün pulsuzdur, ancaq mütləq turistin yanında səyahət bələdçisi olmalıdır

Koreyanın Pxenyan şəhərində metropoliten keçmiş sovet metrosunu xatırladır. Bu təsadüfi deyil, çünki onlardan nümunə götürülərək tikilmişdir. Pxenyan metrosu dünyada ən dərin metrodur. Bəzi stansiyalar 120 metr dərinlikdə yerləşirlər. Bəzi tunelləri bilərəkdən belə dərin qazıblar ki, müharibə zamanı istifadə etmək olsun. Pxenyan metrosu giriş qiymətlərinə görə dünyada ən ucuz metro sayılır. Turistlər üçün isə ümumiyyətlə ödənişsizdir, ancaq mütləq bələdçi ilə istifadə etməlidirlər. Orada vaqonların qapıları əl ilə metro işçiləri olan qadınlar tərəfindən açılır, ancaq avtomatik bağlanır.

Nubar Süleymanova, “İki sahil”