KÖŞƏ

Qvami Məhəbbətoğlu

Bütün dünya ermənilərə borcludurmu?

24 noyabr 2020 20:28
695

Prezident İlham Əliyev son 17 il ərzində dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərini demişdi. Demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdi ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Lakin Ermənistan rəsmiləri, o cümlədən Nikol Paşinyan bu sözlərə əhəmiyyət vermədilər. Nəticədə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan  Ordusu 44 gün ərzində təcavüzkarı işğal edilmiş torpaqlarımızdan qovub çıxardı, öz ərazi bütövlüyünü bərpa etdi və imzalanan üçtərəfli bəyanatla ölkəmizin Vətən müharibəsindəki qələbəsini dünya səviyyəsində rəsmiləşdirdi.

Ermənistan işğaldan heç nə qazanmadı. Üstəlik, ölkə daxilində vəziyyət daha da gərginləşdi. Belə ki, Ermənistanda iqtisadiyyatın tam tənəzzülə uğraması, yüksək vəzifəli şəxslərin istefa vermələri, koronavirus pandemiyasının geniş vüsət alması, müharibədə öldürülənlərin cəsədlərinin hələ də ailələrinə verilməməsi Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətə qarşı etirazların daha da artmasına səbəb olub. Etiraz edənlərin arasında təkcə müxalifət deyil, bir zamanlar Nikol Paşinyanı dəstəkləyənlər də var. Dünənədək demokratiyadan, insan azadlığından dəm vuran Nikol Paşinyan isə küçələrə hərbi və polis qüvvələri çıxararaq sələfləri kimi etirazları güc yolu ilə dağıtmağa, həmçinin özü üçün təhlükəli saydığı şəxsləri həbsə atmağa üstünlük verir. Nə qədər qəribə olsa da, Nikol Paşinyanın  bu kimi addımlarına beynəlxalq təşkilatlar heç bir  reaksiya vermirlər. Prezident İlham Əliyevin dediyi kimi, Qərb də susur buna, susur, ağzına su alıb: “Görmür ki, nələr baş verir orada?!”

…Lakin hər gün keçirilən etiraz aksiyalarını hakimiyyət təzyiqlərlə yatırsa da, gərginlik səngimək bilmir. İndi onlar bu rəzil durumda bir-birini didir, olmayan dövlətçiliyin işartılarını da məhv edirlər. Şübhəsiz, bütün bunlar Azərbaycanın 44 günlük müharibədə Ermənistana olduqca dərin siyasi, hərbi, həm də iqtisadi və mənəvi zərbə vurmasından, daha doğrusu, diz çökdürməsindən irəli gəlib. Hazırda tarixinin ən ağır günlərini yaşayan Ermənistanın bu zərbələrdən özünə gələ bilməsi mümkünsüz görünür.

Bu gün işğalçı ölkənin siyasiləri, ekspertləri də bunu etiraf etməkdədirlər. Məsələn, beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan bildirib ki,  Ermənistan bu günə kimi az-çox müstəqil idisə də, artıq bu mümkün olmayacaq. Ekspert bu acınacaqlı durumu Nikol Paşinyanın səriştəsizliyi ilə əlaqələndirib. Hətta  o mövcud hökumətin ən kiçik səlahiyyətli nümayəndəsinə  qədər istefa verməyənədək Ermənistanın bu fəlakətdən qurtulmaq şansı olmadığını vurğulayıb. İqtisadçı ekspert Tadevos Avetisyan da bütün bu uğursuzluqları heç bir idarəçilik bacarığı olmayan Nikol Paşinyanın populist addımlarının nəticəsi kimi dəyərləndirib. Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyan isə Qarabağda müharibənin başlamasına səbəb Nikol Paşinyanın bərbad xarici siyasəti olduğunu bildirib. Ermənistan polisinin keçmiş rəis müavini, polis general-mayoru Qaqik Hambardzumyan mövcud durumu həqiqətən ağrılı vəziyyət kimi xarakterizə edib.

Bütün bunlara əsasən belə qənaətə gəlmək olar: Artıq dünya səviyyəsində rəzil olmuş Ermənistan müstəqil dövlət kimi yaşamaqda sözün həqiqi mənasında çətinlik çəkir. Görünən budur ki, hazırda gücsüz, taqətsiz durumda olan Ermənistan bu vəziyyətdən çıxmaq üçün başqa ölkələrdən yardım gözləyir. Bu məqamda Prezident İlham Əliyevin sözlərini xatırlatmaq lap yerinə düşərdi: “Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa.”

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?