18 noyabr 2019 20:38
361

Büdcənin sosialyönümlülüyü artır...

... sosial müdafiə gücləndirilir, yeni-yeni hədəflərə yol açılır

2020-ci ilin büdcəsinin gəlirləri və xərcləri bir daha bu reallığa işıq salır ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir

2019-cu ilin fevralında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, 2019-cu il sosial islahatlar ili olacaq. Elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəltməyə geniş imkanlar yaradır.

Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsində də bu istiqamətdə atılan addımlar və əldə olunan uğurlar əsas rol oynayır. Dövlətimiz  bütün vətəndaşların iqtisadi və ictimai tərəqqisinə imkanlar yaradır. Nəticə etibarilə bir nəfərin inkişafı hamının inkişafının şərti kimi çıxış edir. Bu baxımdan sosial dövlət vətəndaşların yüksək rifahının təminatçısıdır”. Əməkhaqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Təkcə cari ilin arxada qalan aylarında minimum əməkhaqqı və minimum pensiyalar iki dəfədən çox artıb. Hazırda minimum əməkhaqqının məbləği 250 manat, minimum pensiyanın məbləği 200 manatdır.

Ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi iki sosial paket 4,2 milyon insanı əhatə etməklə onların sosial rifah halının yaxşılaşmasına, həmçinin xoş əhval-ruhiyyələrinin yaranmasına səbəb olub.

Cənab İlham Əliyev məhz bu uğurlara söykənərək daim bildirir ki, qarşıdakı ilin büdcəsi əvvəlki ilin büdcəsindən kəmiyyət və keyfiyyət baxımından daha üstün olmalıdır. Dövlət büdcəsinin sosialyönümlülüyünün artırılması dövlətimizin həyata keçirdiyi siyasətin əsasında insan amilinin dayanmasını bir daha təsdiqləyir. Son 16 ildə  yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi, eyni zamanda, işsizliyin də eyni rəqəmlə ifadə olunması uğurlu siyasətin, həyata keçirilən Dövlət proqramlarının nəticəsidir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində hədəfləri açıqlayarkən bildirmişdir ki, yoxsulluq kimi sosial bəla aradan götürülməlidir. Beynəlxalq Valyuta Fondu proqnozlarında daim bu fikri açıqlayır ki, Azərbaycanda hazırkı inkişaf tempi davam edərsə, yoxsulluq həddi yaxın zamanlarda heçə enəcək. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların atılmasını şərtləndirir. Hazırda 2020-ci ilin büdcəsinə daxil olan məsələlər gündəmin əsas müzakirə mövzularındandır. Artıq Milli Məclisdə büdcə zərfinə daxil olan qanun layihələri müzakirədən sonra birinci oxunuşda qəbul olunub. Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri 26 milyard 913 milyon manat təşkil edəcək. Onu da qeyd edək ki, gələn ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub.

2020-ci ilin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib. Həmçinin, ölkəmizdə gələn il üçün ehtiyac meyarının həddi də müəyyənləşib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyənləşib. Hər iki qanun layihəsi Milli Məclisdə təsdiqlənib və 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki,  2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilmişdir. Ehtiyac meyarının həddi 143 manat müəyyən edilmişdir.

2019 və 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin və xərclərinin, eyni zamanda, büdcə zərflərinə daxil olan məsələlərin, yaşayış minimumunun və ehtiyac meyarının müqayisəli təhlili Azərbaycanın iqtisadi inkişafının aydın mənzərəsini yaradır.

“Bu siyasət davam etdiriləcək” söyləyən dövlətimizin başçısı İlham Əliyev iqtisadi imkanların artırılmasını vacib amil kimi diqqətə çatdırır.

Hər dövrün çağırışlarının lazımi səviyyədə yerinə yetirilməsi yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələb kimi ortaya qoyur. 2020-ci ilə qədər olan dövr üçün  əsas hədəflər inkişaf etmiş ölkələr sırasında addımlamaq, yüksək gəlirli ölkəyə çevrilmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Uğurlarımız bu hədəflərin artıq gerçək olduğunu təsdiqləyir.  

Yeganə Əliyeva, “İki sahil”