10 iyul 2020 13:38
408

Bu şəxslərin əməkhaqqının maliyyələşdirilməsi necə həyata keçiriləcək?

Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası” təsdiq edilib.

"İki sahil" xəbər verir ki, sosial iş yeri işəgötürənin ən azı 3 ay əvvəl vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir hissəsinin Nazirlik tərəfindən maliyyələşdirilən iş yeridir. Yeni Qayda da bu iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydasını müəyyən edir.

Sənədə əsasən, bu zaman əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Dövlət Statistika Komitəsinin əvvəlki il üçün müəyyən etdiyi ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamalıdır. Bu şərtlə həmin məbləğ işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların 50 faizini təşkil etməlidir.

Qaydada qeyd edilir ki, sosial iş yerlərində 2 ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının həmin hissəsi 3 aydan az və 12 aydan çox olmayan müddətdə Agentlik tərəfindən maliyyələşdirilir.

Əməkhaqqı sistemində nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr, digər ödənişlər isə işəgötürənlərin vəsaiti hesabına ödənməlidir.

Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər 1 işəgötürən üzrə 10 sosial iş yerindən çox ola bilməz.

Belə iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilməlidir.

Son 1 ildə fəaliyyətdə olan, habelə Agentlik tərəfindən müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan, yaxud yeni vakansiya yaradan hər bir işəgötürən (dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla) sosial iş yerləri üzrə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üçün müraciət edə bilər. Müraciət üçün isə onlar Nazirliyin “Məşğulluq” altsistemində müvafiq Ərizəni dolduraraq təsdiq etməlidirlər.

Qaydaya görə, müraciət qeydiyyata alındıqdan sonra Agentlik və ya “DOST” mərkəzləri  10 iş günü ərzində həmin işəgötürənin tələblərə uyğunluğunu araşdırır, tələblərə uyğun olduqda ona bu barədə elektron bildiriş göndərirlər. Bundan sonra Agentliklə işəgötürən arasında Ərizədə göstərilən boş (vakant) iş yerləri üzrə işə qəbul ediləcək işçilərin əməkhaqlarının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsinə dair Müqavilə imzalanır.

Agentliyin Müqavilə imzaladığı işəgötürənlərə sosial iş yerlərinə göndərişin verilməsi və göndərişə münasibətdə işəgötürənin qərarının təqdim edilməsi “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na uyğun olmalıdır. İşaxtaran və işsiz şəxsin sosial iş yeri üzrə işə qəbulu onunla əmək müqaviləsinin bağlanmasına dair bildirişin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə təsdiqlənir.

Ümumilikdə sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi işaxtaranlar və işsiz şəxslərin məşğulluq imkanlarını artırmaq, işəgötürənləri bu istiqamətdə həvəsləndirmək məqsədi daşıyır.