25 noyabr 2020 10:46
349

Bu ömür heç vaxt unudulmaz

Nadir Möhkəm oğlu Əliyev  doğma Azərbaycana can borcunu şərflə  verərək ləyaqətli  bir ömür yaşadı. O, həyatı boyu haqqa, ədalətə tapınmaqla ülvi məqsədlər uğrunda mübarizə aparmış,  hər zaman millətinə  etibarlı, yurduna sədaqətli olmuşdur.  İnsanların xoşbəxtliyini düşünüb iş görmək isə onun həyat kredosu idi. Məhz buna görə də elin igid, dəyərli oğlu  aramızda olmasa da, qoyub getdiyi yaxşı əməllər  indinin  özündə də Günəş müqəddəsliyinə dönərək  həyatımızda daha böyük məhəbbət daşıyır.

 Dağlar diyarı Lerikin igid oğlu, adını tariximizə  qəhrəmanlıq nümunəsi kimi yazan Nadir Əliyev uşaq yaşlarında   əsl kişilik məktəbi olan hərbiyə maraq göstərir. 1986-cı ildə C. Naxçıvanski  adına Ali Hərbi Liseyi   bitirir. Daha sonra bu  sahədə  mükəmməl bilik əldə etmək üçün   Blaqoveşşensk  Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. Təhsilini  isə Daşkəndə davam edir. Burada onun hörməti  günü-gündən artır.  Təəssübkeş, qürurlu oğul olaraq  öz davranış qaydaları ilə çox millətdə  Azərbaycan xalqına məxsus  ölməz ənənələrə, ali mənəvi  sərvətlərə  sonsuz məhəbbət  oyadır.  Bir müddət keçəndə, yəni  vətənə cəsur igidlər gərək olduğu vaxtda Nadir Bakı Ümumqoşun  Bakı Ali  Hərbi Komandirlər Məktəbinə gəlir. 1992-ci ilin may ayı təzəcən gəlmişdi. Nadirin əsas amalı  vətəni öz qanı bahasına  yaşadan qeyrətli oğullar sırasına qoşulub Dağlıq Qarabağ müharibəsinin bitənədək  müqəddəs  Azərbaycan  torpaqların müdafiəsində qalmaq idi. O, burada  üçüncü kursu bitirəndə   vətənin azadlığı naminə hərbiyə bağlılığı, eləcə də  ağılı, döyüş bacarığı, qabiliyyəti, daxili insanlıq ləyaqəti nəzərə alınıb  ona vaxtından əvvəl leytenant hərbi rütbəsi verilir.

 Günü-gündən azğınlaşan erməni dığaların  hücumları  hesabına cəbhədə  bir qədər də vəziyyət ağırlaşır. Nadir  bölük komandiri kimi Ağdamın Yusifcanlı, Mərzli,  Novruzlu, və digər yaşayış məntəqələrin müdafiəsi uğrunda  fədakarcasına  mübarizə aparır.  Bununla da cəsur komandirin  həyatında  gərgin döyüş günləri başlanır. Onun  düşməndən qisas almaq alovu  get-güdə güclənir. Həmişə səsi qaynar nöqtələrdən gəlir. Qəlbində vətən sevgisini yaşatmaqla  düşmənin üstünə  cəsarətlə gedir,  hərbi tapşırıqları yerinə yetirmək üçün  heç nədən çəkinmir. Olduğu döyüşlərdə  dığaların cavablarını  birə-beş qaytarmaqla  tabeliyində olanlara  qayğı, düzgün istiqamət göstərir, onları nümunəvi xidməti ilə yalnız qələbəyə aparır. Əsgərlərinə bir də təlqin edir ki,  vətəni qorumaq, onun yolunda öz canından keçmək hər  oğlun  şərəfli borcudur.

  Müdafiə Nazirliyin əmrinə əsasən Nadir Əliyev Naxçıvanda yerləşən hərbi briqadanın sərəncamına  göndərilir. Baş leytenant rütbəsi alır.  Yüksək intizamına, mənəvi əxlaqi keyfiyyətlərinə görə  xidmət etdiyi  taborun  qərargah  rəisi olur. Taboru  Ordubad rayonunda  yerləşən Soyuq-dağ  yüksəkliyini  qorumaqda   böyük qəhrəmanlıq göstərir. Elə burada vətənin yaşaması naminə  öz sinəsini ona tuşlanan düşmən gülləsinin qabağına verir.  Və bu  tarixi qəhrəmanlığı  Nadirə  əbədiyaşarlıq gətirir.

 Zəfər Əliyev,

Azərbaycan jurnalistlər Birliyinin üzvü