11 iyul 2019 21:05
282

Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir

1990-cı illərin əvvəllərində Ermənistanın torpaqlarımızı işğalı nəticəsində evlərindən didərgin düşən məcburi köçkün və şəhid ailələrinə göstərilən qayğı son aylarda həyata keçirilən sosial paketin əsas istiqamətlərindəndir. Ulu öndər Heydər Əliyevin daim diqqət göstərdiyi qaçqınlara və məcburi köçkünlərə qayğı son illərdə daha da artırılmışdır.

Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik və qəsəbə salınmış, təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilmişdir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillərin, evlərin, 6 mindən çox şəhid ailəsinə minik avtomobillərinin verilməsi sosial islahatların tərkib hissəsidir.

Sosial islahatları insan amilinə diqqət kimi nəzərdə saxlayan, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə yaxından maraqlanan Prezident İlham Əliyevin bu tezisi həqiqətdir: Dünyada elə bir ölkə yoxdur ki, əhaliyə, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş şəhid ailələrinə Azərbaycanda olduğu qədər diqqət, qayğı göstərilsin.

Regionlara səfərləri zamanı sakinlərlə görüşən, insanların istəkləri ilə maraqlanan dövlət başçımızın “ Azərbaycanın dövlət siyasətinin əsasında insan amilidir” tezisi söz, vəd deyil, əməli fəaliyyətdir. “Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim” söyləyən cənab İlham Əliyevin 2018-ci ilin 11 aprel prezident seçkilərindən sonra imzaladığı ilk Fərmanın şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olması da təsadüfi deyildir. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələr verildi.

Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Böyük vəsait tələb edən bu proqramın icrası üçün dövlət büdcəsindən ümumilikdə 135 milyon manat vəsait ayrıldı.

Təkcə keçən il 626 şəhid ailəsi yeni mənzillərlə, fərdi evlərlə təmin olundu. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcəkdir. Növbəti bir neçə il ərzində bütün şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitləri tam yaxşılaşdırılacaq.

“Bu, bizim siyasətimizdir, bu, bizim yolumuzdur, biz bu yolu gedirik” söyləyən cənab İlham Əliyevin, birinci xanım Mehriban xanım Əliyevanın bu günlərdə Pirallahı rayonundakı yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün inşa olunan yeni yaşayış kompleksinin açılışında iştirakı sosial paketdə nəzərdə tutulan islahatların davamlı olmasını göstərir.

 Pirallahı rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış kompleksi dövlət başçımızın 2011-ci ildə imzaladığı Sərəncam əsasında inşa olunub.

Kompleksdə layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir. Sosial obyektlərin də daxil olduğu yaşayış kompleksində digər zəruri infrastruktur yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.

Ümumi sahəsi 24 min kvadratmetr olan kompleksdə inşa olunan təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır.

 Xatırladaq ki, son illərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr əsasında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında müvəqqəti yaşayan məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binaları da məcburi köçkünlərin istifadəsinə verilib. 2007-ci ildə sonuncu çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ildə 58 min 223 ailə və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə ötən il 5923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. 2019-cu ilin birinci rübündə isə 2.227 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Müasir tələblər səviyyəsində salınan Cocuq- Mərcanlı, Şıxarx kimi yaşayış məskənləri sakinlərini qəbul edib.

Pirallahıda olarkən son illərdə paytaxtımızda, respublikanın müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərin məişət problemlərinin uğurla həll olunduğunu diqqətə çatdıran dövlət başçımız məcburi köçkünlərin problemlərinin həlli üçün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırdı.

Pirallahıda əsasən Laçın rayonundan olan 306 köçkün ailəsi üçün gözəl şəraitin yaradılması rayonda uğurla davam etdirilən inkişafın da göstəricisidir. Rayonda 286 ailəni əhatə edən 1104 nəfər məcburi köçkün məskunlaşıb. 286 ailədən 110-u Laçın rayonundandır. İstifadəyə verilən Laçın rayonu, 220 yerlik Bozlu tam orta məktəbində də tədrisin yüksək səviyyədə təşkili, müasir texnologiyalardan səmərəli istifadə üçün lazımi şərait yaradılıb.

Son illərdə rayonda aparılan quruculuq işləri Pirallahıya yeni görkəm vermişdir. Gündən-günə gözəlləşən rayonda yeni sənaye müəssisələri inşa olunmuş, şpris zavodu açılmışdır. Dərman zavodunun tikintisi davam etdirilir, yeni istirahət güşələri salınır, yollar abadlaşdırılır. Rayonun sakinləri üçün sosial evlər tikilir.

Kompleksin açılışında iştirak edən, məcburi köçkünlər üçün nəzərdə tutulan layihələrin bundan sonra da davam etdiriləcəyini bildirən dövlət başçımız vurğuladı ki, hələ də ağır vəziyyətdə yaşayan köçkünlərimiz var və onların problemləri də gündəlikdədir: “İndi genişmiqyaslı işlər aparılır ki, tezliklə bütün köçkünlər yaxşı şəraitlə təmin olunsunlar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticəsində torpaqlarımız işğal altına düşüb. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə işlər aparılır, həm siyasi-diplomatik sahədə, həm ordu quruculuğu sahəsində.”

Görüşdə qeyd olunduğu kimi, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması qəbul olunan Dövlət Proqramı əsasında həyata keçirilir, evlər tikilir, qəsəbələr salınır. Gələn il daha çox evlər inşa olunacaq. Yəni, “Bir dənə də olsun çadır şəhərciyi qalmamalıdır” söyləyən cənab İlham Əliyev bu vədini də yerinə yetirir.

Məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması, iş yerləri ilə təmin olunması, özünüməşğulluq layihəsinə cəlb edilməsi daim diqqətdə saxlanılan sosial məsələdir. Köçkünlərin də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün sağlam biznes mühiti formalaşdırılıb. Pirallahıda məskunlaşan, iş adamları üçün ayrılan imtiyazlardan istifadə edən sahibkarlar yeni iş yerlərinin açılmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dəstək göstərirlər.

“Bizim gəlirlərimiz artır. Bu ilin altı ayında gəlirlərimiz təxminən 400 milyon manatdan çox artmışdır. Biz, ilk növbədə, bu vəsaiti sosial layihələrə istiqamətləndiririk. Bildiyiniz kimi, bu il çox ciddi sosial paket təsdiqləndi, müavinətlər, o cümlədən məcburi köçkünlər üçün nəzərdə tutulan müavinətlər 50 faiz artırıldı. Problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapdı. Maaşlar, pensiyalar artırıldı. Bu, əlbəttə ki, islahatların birbaşa nəticəsidir. Çünki bu islahatlar bizə əlavə gəlirlər gətirir və biz bu gəlirləri, ilk növbədə, sosial sahəyə yönəldirik. Sosial sahə bundan sonra da bizim üçün prioritet sahə olacaq. Çünki Azərbaycan vətəndaşları ildən-ilə daha da yaxşı yaşamalıdır və biz buna nail olacağıq” söyləyən cənab İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini, dövlət başçımızın ətrafında sıx birləşdiklərini qeyd edən məcburi köçkünlər onlara göstərilən diqqəti əməli işləri ilə doğruldacaqlarını söylədilər.

Xuraman İsmayılqızı, “İki sahil”