19 may 2019 10:09
207

Bu gün Gürcüstanda aralıq seçkiləri keçirilir

Mayın 19-da Gürcüstanda parlamentə, yerli şuralara və bəzi rayonların icra hakimiyyəti başçıları vəzifələrinə aralıq və növbədənkənar seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo və Zestafoni rayonlarına icra başçıları seçiləcək.

Səsvermə yerli vaxtla səhər saat 8:00-da başlayıb. Seçkilər ölkə üzrə 410 seçki məntəqəsində keçiriləcək. Bu məntəqələrdə 402 min 91 seçici qeydiyyata alınıb.

Səsvermənin gedişini 49 yerli təşkilatdan 6139, 7 beynəlxalq təşkilatdan 47 müşahidəçi izləyir.

Eyni zamanda 45 KİV-dən 1917 jurnalist səsvermənin gedişini müşahidə edir.

Məlumat üçün qeyd edək ki, bu gün azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə də seçkilər keçirilir. Marneuli rayonunda da məntəqələr vaxtında açılıb. Məntəqələr Azərbaycan dilində seçki bülletenləri ilə təmin olunub.