14 may 2019 10:05
375

Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının  96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə “Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə  bu ağır vəziyyətdən, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu” söyləyən  dövlətimizin başçısı İlham Əliyev  Azərbaycanın bütün sahələrdə davamlı uğurlara imza atdığını əsaslı şəkildə diqqətə çatdıraraq bir  məqamı da  xüsusi vurğulamışdır ki, 2003-cü ildə  prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirəcəyəm və xalq Heydər Əliyev siyasətinə səs verdi: “O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi. Azərbaycanda sabitlik təmin olunub, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir.”

Keçilən yola qısa nəzər salaq. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü  siyasəti nəticəsində ölkədə sabitliyin təmin olunması  normal biznes mühitinin yaranmasında və Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında  maraqlı  dövlətlərin  sayının artmasında stimulverici amildir. Dövlətimizin başçısı İlham Əliyevin mərasimdə qeyd etdiyi kimi, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın həyata keçirilən  siyasətə göstərdiyi dəstək  imkan verir ki, islahatlar dərinləşsin və Azərbaycanın uğurlu dayanıqlı inkişafı təmin edilsin: “Sabitlik hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Dünyaya, beynəlxalq mənzərəyə baxın. Harada ki, sabitlik pozulur, ölkələr geriyə gedir, idarəolunmaz vəziyyətə düşür, ölkələrdə xoşagəlməz proseslər başlayır, xarici təsir artır, daxili çəkişmələr baş verir və ölkələr öz gələcəyini itirir. Son illər ərzində sabitliyi pozulan ölkələrin bugünkü mənzərəsinə nəzər salın. Nə görəcəyik? Müharibə, qardaş qanının tökülməsi, dağılmış şəhərlər, sıradan çıxmış infrastruktur, iflic vəziyyətə düşmüş sənaye, milyonlarla qaçqın-köçkün, çadır şəhərcikləri, o şəhərciklər ki, biz onlardan 2007-ci ildə xilas olmuşuq.”

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təminatı önəmli qərarların qəbulunda əhəmiyyətli rol oynadı. 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması, həmin il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və sair kimi biri-birindən önəmli addımlar Azərbaycanın beynəlxalq aləmdə yeri və roluna da öz müsbət təsirini göstərdi. Bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayan Azərbaycan ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, dünyaya günəş kimi doğdu.

2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirmişdir ki, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün ən başlıcası Heydər Əliyev siyasətini davam etdirməliyik. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında böyük inam və qətiyyətlə  bildirir ki, son 15 ildə Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir.

Sabitliyin, təhlükəsizliyin təminatı  bu gün Azərbaycanın dünyada  ən sabit və ən uğurla inkişaf edən ölkə kimi tanınmasında əsasdır. Azərbaycan yerləşdiyi coğrafi məkana uyğun olaraq dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində  nümunəvi ölkəyə çevrilib. Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri  bir ailə kimi sülh, mehribanlıq, dostluq şəraitində  yaşayırlar. Azərbaycanın multikultural cəmiyyətlərin  formalaşmasına davamlı töhfələri diqqət çəkir. Məhz bu baxımdan ölkəmizdə 2016-cı il dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilmişdir.  Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu gün  Azərbaycan dünyada  böyük rəğbətə, hörmətə malik olan bir ölkədir. Əlbəttə ki, həyat yerində durmur, yeni vəzifələr, yeni çağırışlar  ortaya çıxır. Amma ölkəmiz  bu çağırışlara hazır olduğunu təkmil islahatları ilə təsdiqləyir.  Bir sözlə,  dahi şəxsiyyətin  qoyduğu təməl üzərində  qüdrətli dövlət qurulur. O dövlət ki, onunla hesablaşırlar, məsləhətləşirlər.  Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də artan nüfuzunun, çəkisinin təsdiqidir. Ən əsası bu gün  Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınmaqla yanaşı, əhəmiyyətli tədbirlərin keçirilməsində   ideal məkan kimi qəbul olunur və dəyərləndirilir. Dövlətimizin başçısı bildirir: “Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni bu da tarixi nailiyyətimizdir. Bir çox beynəlxalq təşkilatlar bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə əsaslanan, bizim mövqeyimizi müdafiə edən qərar və qətnamələr qəbul etmişdir, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar. Bu bizim böyük diplomatik və siyasi uğurumuzdur.”

Hər bir önəmli hadisəni, bayram tədbirini ötən dövrün hesabatı, perspektivlərin müəyyənləşdirilməsi üçün əhəmiyyətli hadisə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev ölkəmizin son 15 ildə qazandığı uğurları bir daha diqqətə çatdıraraq bildirmişdir ki,  bugünkü reallıqlar   Heydər Əliyev siyasətinin hesabına qazanılıb.

Mərasimdə diqqəti ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarına yönəldən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, enerji təhlükəsizliyi sahəsində görün nə qədər böyük işlər görüldü. Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir.  Bu gəlir  xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına yönəldilib: “Bu gün biz daha böyük enerji layihəsini icra edirik və əminəm ki, uğurla başa vuracağıq. Baxmayaraq ki, açıq dənizə çıxışımız yoxdur, biz Azərbaycanı nəqliyyat mərkəzinə çevirmişik. Bu sahəyə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Çünki bundan sonra Azərbaycan onilliklər, yüzilliklər ərzində tranzit imkanlarından istifadə edərək öz büdcəsini artıracaqdır.”

Azərbaycanın  son 15 ildə uğurlu sosial-iqtisadi göstəriciləri  beynəlxalq maliyyə qurumlarının hesabatlarında da  birinciliyini qorumasını təmin edib.  Dünya Bankı Azərbaycanı  on ən islahatçı ölkədən biri kimi  elan edib. Həyata keçirilən iqtisadi islahatların zamanın tələbinə uyğunlaşdırılması uğurların davamlılığını təmin etməklə yanaşı, ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır.  Dövlətimizin başçısı İlham Əliyevin iqtisadiyyatı hər bir ölkənin təməl daşı kimi dəyərləndirməsi ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin davamı kimi qəbul olunur.  Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir, yeri və rolunu daha da möhkəmləndirir. “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi ərəfəsində  “Yeni əsrin müqaviləsi”nin imzalanması, ötən ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı,  onun əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi  Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Bu gün qarşıya qoyulan “neft kapitalını insan kapitalına çevirək” tezisi də uğurlu neft siyasətinə əsaslanır. Belə ki, iqtisadiyyatın inkişafında neft amilinə üstünlük verən ulu öndər Heydər Əliyevin 1999-cu ildə  böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinə əməl etməklə mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirdi. İqtisadi artımın qeyri-neft sektorunun  hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan Prezident İlham Əliyev regionların malik olduğu ehtiyatlardan səmərəli istifadə etmək məqsədilə Dövlət proqramlarını təsdiqlədi və onların icrası uğurla həyata keçirilərək, yeni sənədlərin qəbulunu zərurətə çevirir.  “Biz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görmüşük” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  iqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün praktiki addımlar atılır. Son 15 ildə  ümumi daxili məhsul 3 dəfə artıb,  normal biznes mühiti yaradılıb.  Dünya Bankının hesablamalarına görə, Azərbaycan bu göstərici üzrə dünya miqyasında 25-ci yerdədir. 

İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlandığı rəqəmlərdən də aydın görünür. Əmək haqlarının, pensiyaların artması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, yoxsulluğun aşağı salınmasına xidmət edən Dövlət proqramlarının uğurlu icrası və s. deyilənlərin təsdiqidir. Son 15 ildə əmək haqlarının, pensiyaların 10 dəfəyə yaxın  artırılması uğurlu sosial siyasətin nəticəsidir.  Beynəlxalq Valyuta Fondunun təmsilçiləri bildirirlər ki, inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda ölkədə yoxsul olmayacaq. Mərasimdə  sosial-iqtisadi göstəriciləri bir daha diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, biz islahatların növbəti mərhələsinin  başlanğıcındayıq və bu ilin dörd ayının yekunları deməyə əsas verir ki, çox böyük nəticələr əldə edilir: “Ulu Öndərin doğum günü ərəfəsində ilk DOST Mərkəzi yaradıldı. Bu da  sosial təminat sahəsində bir inqilabdır. Necə ki, vaxtilə “ASAN xidmət” mərkəzi ictimai xidmətlər sahəsində bir inqilab oldu. Artıq 6 milyondan çox insan “ASAN xidmət”dən  istifadə edib. Bu, Azərbaycan brendidir, biz  indi bu brendi intellektual məhsul kimi başqa ölkələrə ixrac edirik. Ona görə islahatların davam etdirilməsi zəruridir və bunun başqa yolu yoxdur.”

Neft gəlirlərinin ədalətli şəkildə bölünməsi də  əsas prioritet kimi elan edilmiş və bu gün  bunun nəticələrini əyani şəkildə görürük. Belə ki, Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi uğurlu, təkmil sosial-iqtisadi islahatların nəticəsidir. Bu gün Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan hədəflərin gerçəkləşməsini stimullaşdırır.   

Ölkəmizin  iqtisadi qüdrətinin artması  siyasi mövqeyinin möhkəmlənməsini şərtləndirir. Əvvəldə də qeyd etdiyimiz kimi,   Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dövlətin xarici siyasətinin zirvəsidir. Bu uğurlar sözsüz ki, ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə  yol açır.  Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması   Prezident İlham Əliyevin qətiyyətinin və gərgin səylərinin nəticəsidir.  Cənab İlham Əliyev  ən yüksək tribunalardan  Azərbaycanın dəyişməz mövqeyini bəyan edir - Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Cənab İlham Əliyev  tədbirdə bir daha bəyan etmişdir ki, münaqişə ilə bağlı  prinsipial mövqeyimiz dəyişməz olaraq qalır: “Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşamış və yaratmışdır. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında öz həllini tapmalıdır. Bu, yeganə yoldur və biz bu yolla gedirik və gedəcəyik.”

Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb yolunu seçdiyi təqdirdə də  qələbəsi şəksizdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, dünya standartlarına cavab verən  ordusu var. 2016-cı ilin aprel, ötən ilin Naxçıvan qələbələri  bunu bir daha təsdiqlədi. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin, Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən paradlar Azərbaycan ordusunun nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Orduların gücünü müəyyən edən aparıcı  reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında  görürlər. Üç il bundan əvvəl  Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Xalqımız tam əmindir ki,  gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaq.

Göründüyü kimi, Azərbaycan hər sahədə davamlı uğurları ilə diqqət mərkəzindədir. Ölkəmiz artıq kosmik klubun üzvüdür. Təkmilləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə saxlayan dövlətimizin başçısı İlham Əliyev  ən yeni təcrübələrin öyrənilməsinin və tətbiqinin vacibliyini bildirir. Mərasimdə “Əlbəttə ki, əldə edilmiş nəticələr haqqında çox danışmaq olar. Amma bizim əsas vəzifəmiz gələcəyə baxışımızdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev özlüyündə yaranan “Biz necə inkişaf etməliyik, hansı yollarla inkişaf etməliyik” sualını belə cavablandırmışdır:  “Bir şeyi qətiyyətlə deyə bilərəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz daim irəliyə baxmalıyıq. Dünya dəyişir, bölgə dəyişir, bölgədə yeni çağırışlar meydana çıxır, 15-20 il bundan əvvəl olan vəziyyət bu gün tamamilə fərqlidir. Bölgənin, dünyanın geosiyasi mənzərəsi tam fərqlidir və biz buna hazır olmalıyıq. Ona görə hər bir məsələ ilə bağlı biz çox operativ və çevik fəaliyyət göstərməliyik və göstəririk. Ölkəmizin maraqlarını müdafiə etməliyik. Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq, necə ki, bu günə qədər qorumuşuq.”

Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda Strateji Yol xəritələri icra olunur.  Bu sənədlər davamlı inkişaf çağırışları üçün bir yol xəritələridir.

Yeganə Əliyeva, “İki sahil”