07 may 2019 20:22
451

BSU Volqoqrad Dövlət Sosial-Pedaqoji Universiteti ilə əməkdaşlıq edəcək

Mayın 7-də Bakı Slavyan Universiteti ilə Rusiyanın Volqoqrad Dövlət Sosial - Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

BSU-dan bildirilib ki, müqavilədə iki təhsil müəssiəsi arasında birgə elmi araşdırılmaların aparılması, müxtəlif tədbirlərin – konfrans, seminar, simpoziumların təşkili, müştərək elmi məqalə məcmuələrinin hazırlanması və nəşri, tərəflərin elmi-tarixi ədəbiyyatla təmin olunması məsələləri öz əksini tapıb.

Bununla bağlı keçirilən görüşdə BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, dünyanın tanınmış universitetləri ilə qurulan əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsindən və digər məsələlərdən söz açıb.

Rektor BSU-nun Rusiyanın qabaqcıl universitetləri ilə əlaqlərindən danışıb, həmin ali məktəblərdə fəaliyyət göstərən Azərbacan dili və mədəniyyəti mərkəzləri barədə məlumat verib.

Nurlana Əliyeva universitetdəki tədris-mədəniyyət mərkəzlərinin, xüsusən Rusiya Tədris və Mədəniyyəti Mərkəzi nəzdində “Moskva auditoriyası”nın fəaliyyətindən də söz açıb.

Volqoqrad Dövlət Sosial-Pedaqoji Universitetinin professoru Olqa Dmitriyeva Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirib, BSU-dakı təhsil sisteminin, burada yaradılan şəraitin bunun bariz nümunəsi olduğunu deyib.

Qonaq əməkdaşlıq müqaviləsinin Azərbaycan və Rusiya ali məktəbləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini söyləyib.