06 may 2019 19:29
156

BSU-nun rektoru MAPRYALın Rəyasət Heyətinin üzvü seçilib

Məlum olduğu kimi, bu il 29 aprel – 3 may tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Rus Dili və Ədəbiyyatı Müəllimləri Beynəlxalq Assosi­yasiyasının (MAPRYALın) XIV Konqresi və Baş Assambleyası keçirilib.

BSU-nun mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Konqresdə Bakı Slavyan Univer­sitetini tədris işləri üzrə prorektor professor Telman Cəfərov, elmi işlər üzrə prorektor professor Rafiq Novruzov, Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru Rəhilə Quliyeva təmsil ediblər.

49 ölkənin təmsil olunduğu mötəbər tədbirin açılışında Qazaxstan Respublikası və Rusiya Federasiyasının rəsmiləri iştirak ediblər. Hər iki ölkənin dövlət və hökümət başçılarının təbrik məktubları oxunub.

“Çoxdilli dünyada rus sözü” adı altında keçirilən XIV Konqres 14 elmi-metodiki istiqamət (bölmə) və 6 dairəvi masada 500-dən çox məruzə, çıxış və təqdimatı əhatə edib.

Mayın 2-də BSU-nun nümayəndələri-professor T.Cəfərov və professor R.Novruzov MAPRYALın prezidenti, akademik L.A.Verbitskayanın hesabatının dinlənildiyi, yeni prezidentin, vitse-prezidentlərin, növbəti – XV Konqresə ev sahibliyi edəcək şəhərin, Rəyasət Heyəti üzvlərini müəyyən edildiyi Baş Assambleyada həlledici səslə iştirak ediblər. Rusiya Prezidentinin rus dilinin inkişafı üzrə məsləhətçisi, L. N. Tolstoyun nəticəsi P.İ.Tolstoy MAPRYALın yeni prezidenti seçilib.

Assosiyasiya prezidentini hesabat məruzəsində və BSU nümayəndələrinin çıxışlarında Azərbaycanda  keçirilən tədbirlər, xüsusilə də Bakı Slavyan Univer­siteti və MAPRYALın təşkil etdiyi birgə elmi konfrans, seminarlar, ixtisasartırma tədbirləri yüksək qiymətləndirilib. 

Son üç ildə davamlı olaraq respublikada rus dilinin tədrisinə, rusdilli təhsilə, Rusiya–Azərbaycan əlaqələrinin inkişafına və qorunmasına verdiyi töhfələr  nəzərə alaınraq BSU-nun rektoru, professor Nurlana Əliyeva MAPRYAL prezidenti, milli assosiyasiyaların rəhbərləri, tanınmış elm və təhsil xadimləri tərəfindən MAPRYAL Rəyasət Heyətinə üzvlüyə namizəd irəli sürülüb və səs çoxluğu ilə qəbul edilib. Gizli səsvermə nəticəsində XV konqresin Sankt-Peterburqda keçirilməsi qərara alınıb.