06 may 2019 19:25
1152

BSU-nun kollektivi Cocuq Mərcanlıya səfər edib - FOTO

BSU-nun kollektivi Ümummilli Liderin 96-cı ildönümü ərəfəsində Cocuq Mərcanlıya səfər edib

Bakı Slavyan Universitetinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, mayın 4-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın təşəbbüsü və rəhbərliyi  ilə BSU-nun çoxsaylı müəllim və tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Ulu Öndərin anadan olmasının 96-cı ildönümü ərəfəsində baş tutan tədbirdə universitetin prorektorları, dekanları, kafedra müdirləri, ayrı-ayrı şöbələrin rəhbərləri də iştirak ediblər. Səfərdən məqsəd Cocuq Mərcanlı kəndində yerləşən tam orta məktəbə maddi və mənəvi dəstək göstərmək, sərhəd bölgəsində yaşayan insanların xalqımızın və dövlətimizin daim diqqət və qayğısı altında olduğunu diqqətə çatdırmaq olub.

Səfər marşrutuna, həmçinin Sabirabad rayonundakı Şəhidlər xiyabanında uyuyan Milli Qəhrəmanlarımız Mübariz Əhmədovun, Fərhad Ağayevin, Murad Mirzəyevin məzarlarını ziyarət etmək daxil olub. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və aparat üzvləri qonaqları rayon mərkəzində qarşılayıb və birgə xiyabana baş çəkərək müharibə qəhrəmanlarının məzarlarının üzərinə gül-çiçək dəstələri qoyublar. Qeyd edək ki, Milli Qəhrəman Mübariz Əhmədov Bakı Slavyn Universitetində təhsil alıb və Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Tədbir iştirakçıları Sabirabad şəhidlərinin məzarını ziyarət etdikdən və onların abidələrinin üzərinə gül dəstələri qoyduqdan sonra yollarına davam ediblər.

BSU-nun nümayəndə heyəti Cocuq Mərcanlı səfəri çərçivəsində, həmçinin Füzuli rayonunun Horadiz qəsəbəsində Aprel şəhidlərinin şərəfinə ucaldılmış əzəmətli “Aprel şəhidlərinə xatirə” abidəsini də ziyarət etmiş və  abidənin önünə gül dəstələri qoymuşlar.

Cocuq Mərcanlı kənd tam orta məktəbində universitet nümayəndələrini Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, adıçəkilən məktəbin müəllim və şagirdləri qarşılamış, məktəbin direktoru  Z.Həziyev məktəb barədə qonaqlara ətraflı məlumat vermişdir. O, 1990-cı illərin əvvəlində ermənilər tərəfindən işğal olunmuş kənddə bütün infrastrukturların dağıdıldığını, kəndin xarabalığa çevrildiyini bildirib. Z.Həziyev qeyd edib ki, 2016-cı il Aprel döyüşlərində igid Azərbaycan əsgərləri Lələtəpəyə zəfər bayrağını sancdıqdan sonra qısa müddət ərzində kənd tamamilə yenidən qurulub, məktəb, məscid, klub binası tikilib, park salınıb. Direktor Cocuq Mərcanlını daim diqqətdə saxlayan ölkə başçısı İlham Əliyevə,  Birinci vitse-prezident Mehriban Əliyevaya, rəsmi dövlət strukturlarına, bütövlükdə Azərbaycan xalqına dərin minnətdarlığını bildirib və Bakı Slavyan Universitetinin bu məsələdə xüsusi fərqləndiyini qeyd edib. O, hazırda məktəbdə 80 şagirdin təhsil aldığını, məktəbin bütün lazımı avadanlıqlarla təchiz edildiyini deyib.

BSU-nun rektoru, professor N.Əliyeva çıxışına ümummilli lider Heydər Əliyevin bir qarış torpağımız da düşmən tapdağı altında qalmayacaq fikrini xatırlatmaqla başlayıb. O, Ulu Öndərin doğum günü ərəfəsində cəbhə bölgəsində yerləşən belə bir abad kənddə olması ilə qürur duyduğunu bildirib. N.Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində vətənimizin gündən-günə  abadlaşdığını diqqətə çatdırıb, tezliklə digər torpaqlarımızın da düşmən tapdağından azad olacağına əmin olduğunu söyləyib. Azərbaycanın güclü orduya və hərbi texnikaya malik olduğunu qeyd edən rektor işğal olunmuş ərazilərin qan tökülmədən azad edilməsi üçün lazım olan bütün işlərin görüldüyünü vurğulayıb.

Daha sonra məktəb şagirdləri qonaqlar üçün vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər. BSU nümayəndələri məktəbə sutəmizləyici “Spenser” aparatı, laminasiya qurğusu, məktəb kitabxanasına xeyli sayda kitab hədiyyə verib, hər bir məktəbliyə ayrılıqda hədiyyə bağlaması təqdim ediblər. Qonaqlar daha sonra ağacəkmə aksiyası keçirərək,  Bakıdan gətirdikləri tingləri məktəb həyətində əkib sulayıblar. Səfərin ən maraqlı məqamlarından biri də Cocuq Mərcanlı kəndi və onun tarixi ilə ətraflı tanışlıq olub. Qonaqlar uşaq bağçasına, məscidə baş çəkib və istirahət üçün nəzərdə tutulan parkda gəzintiyə çıxıblar.

Bakı Slavyan Universitetinin tələbələri “Qayıdış” İcma Kilubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ümummilli Lider-xalqın qəhrəman oğlu” adlı geniş konsert proqramı ilə çıxış ediblər. Konsertdən öncə söz alan tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Ulu Öndərin doğum gününün işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində qeyd ediməsini gələcək böyük qələbələrin xoş sorağı kimi dəyərləndirib. O, növbəti bayram şənliklərinin Şuşada, Qubadlıda, Zəngilanda keçirilməsini, Azərbaycan bayrağının daha uca zirvələrdə dalğalanmasını arzu etdiyini dilə gətirib. Konsert yüksək əhval-ruhiyyə ilə davam edib.