13 mart 2019 10:41
833

BSU-da “İlaxır çərşənbə səfirlərlə” - FOTO

Martın 13-də Bakı Slavyan Universitetində (BSU) Yel çərşənbəsinə həsr olunmuş “İlaxır çərşənbə səfirlərlə” adlı təntənəli tədbir keçirildi. Bayram tədbirində Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, Yunanıstanın səfiri Nikolaos Kanellos, Türkiyənin səfirinin xanımı Məltəm Özoral, Rusiya səfirinin mədəniyyət işləri üzrə məsləhətçisi İqor Yeronin, Ukraynanın Azərbaycandakı səfirinin birinci katibi Georgi Selski, Milli Məclisin vitse-spikeri Bahar Muradova, deputatlar Sahibə Qafarova, Mixail Zabelin, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, “İki  sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Trend  İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev,  təhsil eksperti, professor  Şahlar Əsgərov və media nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva hər il olduğu kimi, bu il də yazın gəlişinin BSU-da xüsusi ab-hava ilə qarşılandığını bildirdi. Qeyd etdi ki, Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm  hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf yönümündən baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında bayram kimi qeyd olunur. Novruzun bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir. Ümummilli Lider Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir.

Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən söhbət açan rektor vurğuladı ki, Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını xüsusi təntənə ilə qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb. Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu qeyd edən  N.Əliyeva xalqımızın milli adətlərini, süfrə mədəniyyətini dünya xalqlarına sərgiləmək məqsədilə xarici ölkə səfirlərinin tədbirə dəvət olunduğunu diqqətə çatdırdı. Dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağıran Nurlana Əliyeva bildirdi ki, uzun illər xalqımızın həyata, gələcəyə inam hissini, torpağa bağlılığını formalaşdıran Novruz bayramı ulu öndər Heydər Əliyevin milli dəyərlərimizə və adət-ənənələrimizə göstərdiyi diqqət və qayğı nəticəsində dövlət səviyyəli tədbirlər sırasına daxil edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada gedən davamlı inkişaf həyatın bütün sahələrini əhatə edən uğurlarımızın sayının artmasına və Novruz bayramının ildən-ilə daha firavan, xoş ovqat və əmin-amanlıqla qeyd edilməsinə şərait yaratmışdır”. Sonda rektor bayram münasibətilə hər kəsi təbrik edib, sağlam can, bol ruzi, firavanlıq arzuladı.

Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, Azərbaycan xalqının ruhunda multikulturalizm, tolerantlıq yaşayır. Hər bir xalq burada özünü çox gözəl hiss edir. Özlərinin milli bayramlarını azərbaycanlılarla birlikdə çox yüksək səviyyədə qeyd edirlər, eyni zamanda, Novruz bayramını da öz bayramları kimi sevə-sevə qarşılayırlar.

M.Zabelin qeyd etdi ki, ulu öndər Heydər Əliyevin böyük səyi nəticəsində Azərbaycanda Novruz bayramı uzun illərdir xüsusi təntənə ilə keçirilir: “Yaxın gələcəkdə Azərbaycan xalqının Novruz bayramını Qarabağda qeyd etməsini arzu edirəm”.

Sonra BSU-nun yerli və əcnəbi tələbələri müxtəlif dünya dillərində bayram təbriki səsləndirdilər.

Tədbir çərçivəsində rektor, professor Nurlana Əliyeva tərəfindən Çelyabinskdə keçirilən III Beynəlxalq Diplomatik Oyunlarının final mərhələsində qalib gələn BSU-nun  “Kaspi” komandasının üzvlərinə və Belarusun Minsk şəhərində keçirilən “54-cü Ulduz yürüşü” adlı beynəlxalq tədbirdə iştirak edən bir qrup fəal tələbələrə diplomlar verildi.

Əməkdar artist, cazmen Cavan Zeynallı öz ifası ilə mərasimə xüsusi rəngarənglik qatdı.

Tədbir BSU-nun “Arzu” rəqs ansamblı və özfəaliyyət dərnəyinin hazırladığı rəqslər və mahnılardan ibarət konsert proqramı ilə başa çatdı.

Şəmsiyyə Əliqızı, Röya Rasimqızı,
Vüsal Cahanov (foto), 
“İki sahil”