18 iyul 2019 17:57
447

BP-nin mütəxəssisləri TTSİ-nin Təlim Mərkəzində olublar - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinə sahə səfəri edən BP şirkətinin rəhbər heyəti və aparıcı mütəxəssisləri Mərkəzin imkanları ilə tanış olublar.

Mərkəzdə Beynəlxalq Dəniz Təşkilatının, Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) standartlarına və Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (IMCA) tələblərinə uyğun olaraq yenidənhazırlanma, təlimatlandırma, maarifləndirmə, təkmilləşdirmə və ixtisasartırma kurslarının təşkil edildiyi qonaqların diqqətinə çatdırılıb.

Qonaqlar ixtisaslaşmış hovuz təlim kompleksində, xilasedici təlim bloklarında və yanğın təlim poliqonunda praktiki məşğələləri izləyiblər.

Praktiki məşğələlər zamanı helikopter bucurğadı ilə insanların sudan xilas olunması, çevrilmiş xilasedici salın ilkin vəziyyətə gətirilməsi, xilasedici qayıqların suya endirilməsi və sudan qaldırılması, xilasedici corabla təxliyə, şərti yanğınların söndürülməsi, nəfəs aparatları ilə “Tüstü labirinti”nə daxil olaraq xəsarət alanların axtarışı və təxliyə edilməsi, ilk tibbi yardım göstərilməsi qaydaları nümayiş olunub.

Mərkəzin imkanları ilə tanışlıq və praktiki təlimlər qonaqlarda xoş təəssürat yaradıb.

Orxan Vahidoğlu, “İki sahil”