Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Mənsumə Babayeva

22 oktyabr 2020 17:19
548

BMT-nin bacarmadığı missiyanı Azərbaycan özü yerinə yetirir

Məlum olduğu kimi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul edib. Bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da lakin bu tələblər indiyə qədər yerinə yetirilməyib.

Belə ki, 1993-cü il noyabrın 12-də qəbul edilən 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir. Lakin Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir ki, kağız üzərində qalıb. Ermənistan beynəlxalq hüququ və TŞ-nın qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarıb, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutub.

Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilməyib. İşğalçı dövlətə qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxarıb. Hətta dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan illərdir lazımı təzyiq almayan və beləliklə də cəzasızlıq sindromu yaşayan işğalçı və terroru dövlət siyasəti həddinə gətirən Ermənistan daha da azğınlaşır, qudurur, özünü beynəlxalq hüquqdan xəbərsiz aparırdı.

Bütün bu ədalətsizliklərin fonunda, öz prinsipial mövqeyindən və siyasi iradəsindən dönməyən Prezident İlham Əliyev dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı. Lakin ən vacib məqam odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar tamamilə BMT-nin və həmsədr ölkələrin yadından çıxıb. Belə ki, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda onlar həmin sənədlərə toxunmurlar. Başqa sözlə desək, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdəki Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmalıdır, tələbi bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə icra olunur. Belə ki, bir qədər əvvəl Azərbaycanın qarşısında yeddi şərt qoyan Paşinyanın ordusu indi ölkəmizdən qeyd-şərtsiz çıxarılır. Artıq ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fran­sa prezidentlərinin dəfələrlə dedikləri və rəsmiləşdirdikləri “status-kvo qəbuledilməzdir” ifadəsini Azərbaycan Ordusu reallaşdırır. İndi artıq status-kvo da yoxdur, təmas xətti də. Dövlət başçısı cənab İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində bu məsələni daha yaxşı ifadə etmişdir: “Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik. Mən bunu bu toqquşma­lardan əvvəl demişdim, bir neçə dəfə demiş­dim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurası­nın dörd qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi”.

Bununla da Prezident İlham Əliyev həmin siyasi iradəni ortaya qoydu, qətnamələrin icra mexanizmlərini də müəyyən etdi. Ermənilər sentyabrın 27-dək hesab edirdilər ki, beynəlxalq hüququ daim əzib tapdalaya biləcəklər. Güman edirdilər ki, bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilərlər. Dövlət başçımızın dediyi kimi, biz onları məcbur etdik. Prezident İlham Əliyev bu məqamı bir qədər obrazlı şəkildə dilə gətirdi: “Bax, bizim yumru­ğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”.

Ən maraqlısı odur ki, ölkə başçısı yüksək səviyyədə qətiyyətlilik nümayiş etdirərək düşmənin bundan sonra da qovulacağını deyir: “Onlar artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qova­cağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır”.

Mənsumə Babayeva
28 illik işğala son
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?