09 sentyabr 2020 18:09
1750

Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan iqtisadi cəhətdən inkişafda olan, Ermənistan isə yoxsul, başqasının əlinə baxan, ianələrlə dolanan bir ölkədir

 

Bu gün dünya, o cümlədən  Azərbaycan COVID-19-la mübarizə tədbirlərini daha da gücləndirməkdə, virusun növbəti dalğalarının yaşanmaması üçün bütün zəruri olan addımları atmaqdadır. Mübarizə tədbirlərinin ilk günündən insanların sağlamlığı prioritet məsələ olsa da, iqtisadi dayanıqlılığın təmin edilməsi istiqamətində görülən tədbirlər də  davamlılığı ilə diqqət çəkir. Azərbaycanın, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə  Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsindən sonra  qəbul olunan Bəyannamələrdə  pandemiyanın fəsadlarını aradan qaldırmaq üçün bütün sahələrdə, xüsusilə  səhiyyə, iqtisadiyyat sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinin aparılmasına böyük zərurət duyulduğunun önə çəkilməsi də Azərbaycan təcrübəsindən yararlanmaq istəyindən irəli gəlirdi.

Pandemiya dövründə Azərbaycan iqtisadi inkişafın davamlılığını təmin etməklə yanaşı, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də səylərini artırmış, işğalçı dövlətin daxildəki gərginlikləri ört-basdır etmək, həmçinin bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasını həzm etmədiyindən  meyil göstərdiyi təxribatlarının qarşısı qətiyyətlə alınmış, əsl siması bir daha dünyaya bəyan edilmişdir.

     Hər zaman  bəyan edildiyi kimi, problemin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ədalətli mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənir, ən əsası erməni işğalçılarının torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi bəyan edilir.  30  ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ikili yanaşmalar göz önündədir. Baxmayaraq ki, beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyi dəstəklənir, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur, bəyanatlardan konkret əmələ keçməkdə tərəddüdlər inkaredilməzdir. 

   İyulun 12-də  Ermənistan silahlı  qüvvələrinin bölmələri növbəti dəfə  təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində  mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdi.  Azərbaycan Ordusunun həyata keçirdiyi  əks-tədbirlər nəticəsində düşmən geri  oturduldu, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər  yetirildi. Dövlətimizin başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında  bildirdi ki, bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur: «Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq.»

     Dövlətimizin başçısı İlham Əliyevin bəyanatlarında daim  beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqini təmin etmək üçün  vahid mexanizmin müəyyənləşdirilməsi məsələsi əsas yer tutur. Ermənistan 25 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana  gəldikdə isə 25 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

      Hər zaman bu reallıq da önə çəkilir ki,  ölkənin inkişafında  dövlət başçısının xalq qarşısında verdiyi vədləri  əməli işində təsdiqləməsi nə qədər əsasdırsa, dünyada mövcud olan münaqişələrin ədalətli həlli üçün  bəyanatlarında beynəlxalq hüququn norma və prinsiplərinə riayət edən dövlətlərin bu sənədlərin icrasında maraqlı olmaları, ən əsası səy göstərmələri bir o qədər əhəmiyyət kəsb edir. Yalnız bu halda istər beynəlxalq təşkilatlar, istərsə də dövlətlər özlərinə  qarşı böyük inam hissi formalaşdırar, ümumilikdə isə münaqişələrin həlli prosesinin uzanmasına imkan verməzlər. Amma təəssüflər olsun ki, hələ də dünya dövlətlərinin yanaşmalarında eyniliyi görmək, ədalətə maraqların deyil, elə ədalətin gözü ilə baxmalarının şahidi olmaq həlli mümkünsüz olan məsələyə çevrilib. Belə olan təqdirdə rəsmi Bakının dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantına üstünlük veriləcəyi ilə bağlı  mütəmadi səsləndirdiyi bəyanat işğalçı Ermənistanda, eyni zamanda, ona havadarlıq edən dövlətlərdə  danışıqlar prosesindən yayınmaq kimi fikirləri yaratmamalı,  bu bəyanatın  səsləndirilməsində dünyanın oynadığı ikili oyunlara diqqət yetirməyin  nə qədər zəruri olduğu dərk edilməlidir.

      Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə  1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun ötən dövr ərzində fəaliyyətinə nəzər salmaq kifayətdir ki, missiyasını fərqli anlamda dərk etdiyi aydın olsun. Nəticəsiz səfərlər münaqişənin həllinə nə kimi təsir göstərmək imkanındadır, bu artıq maraq doğurur. Qeyri-konstruktiv mövqe nümayiş etdirən, daim müxtəlif bəhanələrlə, təxribatlar törətməklə  danışıqlar prosesindən yayınan Ermənistan açıq-aşkar məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir. Əgər  münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən qurumun həmsədr dövlətləri müxtəlif adlar altında  işğalçı dövlətə dəstək göstərirlərsə, ən əsası silahlandırırsa, artıq məsləyə ədalətli yanaşmadan söhbət gedə bilməz. Elə bu  yanaşmanın nəticəsidir ki, təkcə cari ilin ötən dövrünə diqqət yetirsək, ermənilərin təxribatlarının davamlı olduğunu görərik. Livan ermənilərinin Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması cəhdləri, Paşinyanın bu torpaqlara səfərləri və orda səsləndirdiyi bəyanatlar, xanımının «silaha sarılaraq» erməni qadınlarına «Qarabağ uğrunda döyüşlərə» çağırışlar etməsi və sair kimi çirkin əməllər Ermənistanın işğalçılıq siyasətinin təzahürüdür.     

       Dünya dövlətləri, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri    məsələyə ədalətli yanaşsalar  Dağlıq Qarabağ münaqişəsinin həllinin  bu günə qədər niyə uzanmasının fərqində olarlar və fərqindədirlər. İşğal olunmuş ərazilərə qanunsuz səfərlərə, cəbhə xəttində ermənilərin mütəmadi atəşkəsi pozmalarına, işğalçı dövlətin rəhbərliyinin sərsəm bəyanatlarına və sair kimi sayı-hesabı olmayan olaylara  göz yumulması nəyə işarədir? Ədalət nə zamanadək maraqların arxasında əriməyə məcburdur? Görəsən, beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq edən dünyanın iri dövlətləri  bu suallar ətrafında düşünürlərmi?

    Dövlətimizin başçısı İlham Əliyev bildirir: «Real həyatda biz nəyi görürük: Ermənistan uğursuz dövlətdir… Bu uğursuzluq, əslində, onların işğalçılıq siyasəti nəticəsində olmuşdur. Çünki əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf olsun. Biz bu adekvatlığı görmürük. İndi Ermənistanın qeyri-adekvat addımları, hərəkətləri, yüksək kürsülərdən səslənən bəyanatları bu ölkəni daha da ağır vəziyyətə salacaq.»

       İqtisadi güc  hər bir məsələnin həllində vacib amildir.  Hədəflərə yüksək səviyyədə və nəzərdə tutulmuş vaxtda çatmaq üçün bütün zəruri addımlar atılır.    Bir məqamı da xüsusi qeyd etməliyik ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır.  Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və nüfuz qazanır. Yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslardan səmərəli istifadə  əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır. Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın göstəricisi olaraq, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun aydın ifadəsidir.  O da məlumdur ki,  Azərbaycan  Avropa İttifaqının üzvü olan 9 ölkə ilə  strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Əvvəldə də qeyd etdiyimiz kimi, «Tərəfdaşlığın prioritetləri» adlı sənəddə Azərbaycanın bu və ya digər sahələrdə Avropa İttifaqı, eyni zamanda, quruma üzv olan dövlətlərlə əməkdaşlığının  mövcud imkanları  öz əksini tapıb. Təşəbbüsləri gerçəkliyə çevirən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu, multikultural dəyərlərin inkişafına töhfələri təqdir edilir. Ən əsası Azərbaycanın yeniliyə, modernləşməyə verdiyi önəm xüsusi qeyd olunur. 

    Göründüyü kimi, Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi bütün sahələrdə uğurlu addımların atılmasına  yol açır. Hər bir ölkənin təhlükəsizliyinin, suverenliyinin qarantı olan ordu quruculuğu sahəsində əldə olunan nəticələr də göz önündədir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan qələbələri, cari ilin iyulunda törədilən təxribatın qarşısının böyük qətiyyətlə alınması Azərbaycan ordusunun gücünün  təqdimatıdır.  Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır.

    «Bir sözlə, biz ölkəmizi bundan sonra da bu siyasətlə inkişaf etdirəcəyik» söyləyən dövlətimizin başçısı İlham Əliyev  Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını bildirir. Rəsmi statistikaya görə Ermənistanda  yoxsulluq  50 faizə çatır. Kütləvi işsizlik baş verir. İqtisadi inkişaf üçün heç bir əsas yoxdur. Pandemiyadan daha çox əziyyət işğalçı dövlətdir. Məhz buna görədir ki, baş nazir Nikol Paşinyan daxili siyasətdəki uğursuzluqlara əlavə olunan diplomatik geriləmələrin yaratdığı həddən ziyadə mənfi effekti azaltmaq üçün Azərbaycana yönəlmiş aqressiv ritorikanı daha da kəskinləşdirmək niyyətindədir.

 «Bu mövcud problemlər, üstəgəl onların işğalçılıq siyasəti faktiki olaraq əvvəlki kriminal rejimin çökməsinə gətirib çıxardı» söyləyən cənab İlham Əliyev bu ağır, çətin vəziyyətdən xilasın  yeganə yolunu da göstərir - Torpaqlarımızdan çıxmaq. Bundan sonra Ermənistanın inkişafı üçün şərait yaradıla bilər.

   Təhlillər işğalçı Ermənistanın «uğursuz dövlət»  imicinə  işıq salır. Özünə saxta tarix yazıb, qonşu dövlətlərə əsassız torpaq iddiası irəli sürən, müstəqilliyi formal xarakter daşıyan, bu və ya digər dövlətin maraqlarının  həyata keçirilməsində bir vasitəçiyə çevrilən, bugünkü gündə  himayədarlarının maddi və mənəvi dəstəyindən məhrum olan Ermənistanın ciddi  düşünmə zamanıdır. Proseslərin bu şəkildə davamı bu ölkə üçün yaxşı  heç  nə  vəd etmir. Təsəlli xarakterli  sərsəm bəyanatlar vəziyyətdən çıxış yolu deyil.

BMT Təhlükəsizlik Şurasının, eyni zamanda, digər dövlətlərin və təşkilatların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistana ciddi sanksiyaların tətbiq olunması zamanı çoxdan keçsə də, Azərbaycan dövləti dünyadan bu addımı hələ də gözləməkdədir. İşğalçı nə zamanadək adı ilə çağırılmayıb, ədalətli mövqedən danışmaq qeyri-mümkündür. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri işğalçının adı ilə çağırılmasını münaqişənin həllinə  mənfi təsir göstərəcək addım, ən əsası birtərəflilik kimi dəyərləndirirlər. Ədaləti müdafiə etmək birtərəflilikdirsə, bu halda dünya  münaqişələrin həlli  prinsiplərini və  standartlarını açıqlasın.

Bu günümüzün əsas çağırışı kağız üzərində qalan bəyanatların icrasına başlanılmasıdır. Yazının əvvəlində də vurğuladığımız kimi,  nədənsə dünya dövlətləri, təşkilatları bəyanatlarında ədaləti müdafiə edir, amma konkret məqam yetişəndə susmağa daha çox üstünlük verirlər. Təbii ki, burada erməni sevgisindən, diqqətindən söhbət gedə bilməz. Sadəcə hər bir dövlət məsələnin həllinə öz maraqlarından yanaşdığından, işğalçı dövlətdən öz maraqlarını həyata keçirmək üçün bir vasitə kimi bəhrələndiklərindən sözlə əməl birliklərini qorumaqdan yayınırlar. Bunun beynəlxalq müstəvidə qiyməti ikili standartlardır.

Azərbaycan dövlətinin qətiyyəti, uğurlu daxili və xarici siyasəti nəticəsində diplomatik mübarizədə qələbəmiz, artan iqtisadi imkanlarımız fonunda güclənən və qüdrətlənən ordumuz bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalacanağına əminliyi  daha da artırır.

Yeganə Əliyeva, «İki sahil»