26 fevral 2020 20:31
2001

Bizim birliyimiz əbədidir

Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki dost, qardaş ölkənin birliyi, həmrəyliyi fonunda atılan birgə addımların bir daha aydın mənzərəsini təqdim etdi

“Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Ona görə, Strateji Əməkdaşlıq Şurasının bugünkü 8-ci toplantısı xüsusi əhəmiyyətə malik olan bir məsələdir. Çünki dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr bu gün öz gələcək işbirliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmişlər.”

Dövlətimizin başçısı İlham Əliyev möhkəm təmələ əsaslanan iki dost, qardaş ölkənin  bu və ya digər sahələrdə əlaqələrinin yüksələn xətlə inkişafını əsaslı şəkildə diqqətə çatdıraraq bildirdi ki,  gücümüzün birləşdirilməsi bizi daha da güclü edir: “Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik.”    

İki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olması biri-birindən əhəmiyyətli  enerji və nəqliyyat layihələrinin uğurlu icrasından da aydın görünür. Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlər müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlib.   Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin uğurlu icrası, yeni-yeni layihələrin gündəmə gətirilməsi Azərbaycanın regional əməkdaşlığın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuzuna aydınlıq gətirir və bu inam  ifadə olunur ki, icrası başa çatan və çatmaqda olan, həmçinin qarşıya qoyulan hədəflərə nail olmaq  üçün  gündəmə gətirilən layihələr Azərbaycanın rolunu daha da artıracaq. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin uğurlu sonluqla başa çatması Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərinin siyasi iradəsinin və qətiyyətinin nəticəsidir. 2017-ci ildə  əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi  Azərbaycan-Gürcüstan-Türkiyə birliyinə  daha bir yeniliyi əlavə etdi.

Keçilən yola qısa nəzər saldıqda arxada qalan hər ilin  iki dost və qardaş ölkələr-Azərbaycan-Türkiyə həmrəyliyinin möhkəmləndirilməsində  əhəmiyyətli il kimi yadda qalır. Son illərə diqqət yetirmək kifayətdir. “Star” neft emalı zafodunun açılışı mərasimində Azərbaycan və Türkiyəni  eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarına bənzədən  Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz bildirmişdir ki, həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı. “Star” neft emalı zavodunun  Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biri olduğunu vurğulayan  Fatih Dönməz həyata keçirilən layihələrin Azərbaycanın və Türkiyənin bölgədəki gücünü daha da artıracağına əminliyini ifadə etmişdir.

2018-ci ildə  TANAP və “Star” neft emalı zavodunun istifadəyə verilməsi, TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı yalnız dünyanın enerji təhlükəsizliyinə deyil,  Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə verəcəyi  töhfələr geniş şərh olundu.  TANAP-ın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki,  Türkiyə TANAP-ın reallaşması ilə tranzit ölkə olmaqdan çıxaraq istehsalçıdan son istehlakçıya uzanan dəyər zəncirinin hər mərhələsində rol oynayan əhəmiyyətli bir mövqeyə gəlib. Ölkəmiz regional enerji xətlərinin mərkəzinə çevrilmək missiyasına TANAP vasitəsilə bir addım da yaxınlaşdı. Gündəmə gətirilən layihələrin reallığa çevrilməsində böyük qətiyyət və səy nümayiş etdirən Azərbaycan və Türkiyənin bu kimi addımlarının nəticəsi olaraq region və dünya dövlətlərinin də  davamlı iqtisadi inkişafı üçün əlverişli şərait yarandığı xüsusi qeyd olunmuşdur.

Türkiyə Prezidenti ölkəmizə səfəri çərçivəsində  mətbuata bəyanatında bir daha Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurlu inkişafına diqqət yönlətmişdir.  20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etməyin mümkünsüzlüyünü önə çəkən R.T.Ərdoğan bildirmişdir ki, bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. Bu əminlik də ifadə edilmişdir ki, Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında imzalanan 14 sənəd- memorandum, saziş və protokol iki qardaş ölkənin əlaqələrinin daha da sürətlə inkişafını təmin edəcək.

Qeyd edək ki, ticarət dövriyyəsinin 2023-cü ildə  15 milyard dollara çatdırılması hədəflənib. Ötən il ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görüb.  Qarşılıqlı sərmayə qoyuluşu  çox yüksək səviyyədədir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Dövlətimizin başçsısı İlham Əliyevin qeyd etdiyi kimi, bu böyük ölçüdə sərmayənin qoyuluşu bir daha qardaşlığımızı təsdiqləyir: “Çünki ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər.”

Reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Türkiyə rəsmiləri də bu məqamı  qeyd edirlər ki, qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin  mənzərəsində aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrinin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur.

Rəsmi Ankaranın yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi, beynəlxalq təşkilatlarda Azərbaycana dəstəyi məlumdur. Rəsmi Ankara dünyaya bu çağırışı edir ki, bütün münaqişəli məsələlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalı, ərazi bütövlüyü prinsipi əsas götürülməlidir.   “Star” neft emalı zavodunun açılışında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz.

Dövlətimizin başçısı İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə, həmçinin mətbuata bəyanatlarında  da  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas diqqət yönəldilən məsələlərdən olmuşdur. “Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur” söyləyən R.T.Ərdoğan bəyan etmişdir ki,  Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik: “Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır.” Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında da Türkiyə Prezidenti diqqəti xarici siyasətimizin prioritet məsələsi olan Dağlıq Qarabağ münaqişəsinə yönəldərək bildirmişdir ki, keçən il qardaşım Əliyev “Dağlıq Qarabağ Azərbaycandır və nida” deyərək fikrini açıq şəkildə ifadə etmişdir. Türkiyə olaraq bu ifadənin altına biz də imzamızı qoyaraq buradan təkrar etmək istəyirəm.

Yeganə Əliyeva, “İki sahil”