KÖŞƏ

Yaqut Ağaşahqızı

Bizi gözlə, Xocalım!

26 fevral 2019 10:07
488

Əslində təqvimdə qara ilə qeyd olunan bu  iki gün digərlərindən olduqca fərqlənir. Həmin gün yaşananlar... O soyqırım günündən yazmaq belə nə qədər çətindir. O ki qaldı həmin gecəni yaşamaq...

İllər öncəyə qayıtmaq, o acıları, o iztirabları yenidən xatırlamaq çox ağır olacaqdı. İstəmirəm sənin acını təkcə biz  görək. Diləyim budur ki, ahını hər kəs eşitsin. Səbəbkarlar cəzasız qalmasın, erməni faşistlərinin öz layiqli cəzalarını aldıqları günü hamımız görək. Sənə nələr yaşatdılar, Xocalım? Sözlə deyiləsi deyil, qələmlə yazılası deyil, yerə-göyə sığası deyil dərdin, Xocalım...

Hələ dözürük bu dərdə, bu ayrılığa. Sən də dözürsən, Xocalı! İllər keçir. Artıq 27 ildir ki, səndən ayrıyıq. Övlad  da anadan 27 il ayrı qalarmı?  Görəsən, nə vaxtsa sənə qovuşa biləcəyikmi?  Bu cavabsız suallar hər il  bu gün  məni düşündürür.  Artıq bu suallara cavab  tapmaq istəyirəm.  Səni geri qaytarmaq, bütöv Azərbaycan olmaq istəyirik, Xocalım! Çəkdiyin ağrıları unudub, ayrılığa, əzaba, dərdə son vermək vaxtıdır. Bəlkə zəfər bizim olarsa, hər şeyi unudarsan, Xocalım?

İndi mən sənin haqqında yazarkən sən nə hisslər keçirirsən? Ola bilər ki, məni qınayarsan  nə üçün yazmaqla kifayətlənirəm? Dərdimizi anlayıram, zülmümüzü  başa düşürəm, bilirəm yaşadıqlarımız faciənin faciəsi, soyqırımların soyqırımıdır.

Ola  bilsin ki, gələn il, ya  bir ay sonra, ya sabah bizimlə olacaqsan, bunu  bilmirəm. Suallarım cavabsız qalıb, Xocalım! Amma  vətənimlə bağlı ən böyük arzum elə məhz səndən başlayır, Xocalım! Niyə səndən? Çünki sənin əliyalın, məzlum, günahsız minlərlə sakinlərinin ahı yerdə qalmamalıdır. Həmin gecə yaşananlar - tökülən göz yaşları, göylərə ucalan ana fəryadı, qulaq cingildədən körpə naləsi, ürək paralayan insan cəsədləri... Bunların cəzası yerdəmi qalmalıdır? Xeyr,əsla!

Dərdin yetmirmiş kimi, sənə, sakinlərinə verilən əzabların  danılması  isə lap  dəhşətdir. Amma bu faktdır ki, sən bizimsən , Xocalım! Heç kim bizim dərdimizi, acımızı inkar edə bilməz!  Heç kəs  bizə qarşı törədilən bu soyqırımı özünün soyqırımı  adlandıra bilməz!

Əsrarəngiz təbiətində, bərəkətli torpağında, səfalı qoynunda günahsız insanların qanı axıdıldı, ah-nalədən güllərin də, təbiətin də  soldu. Həmin gün təkcə təqvimdəki 26 rəqəmi deyil,  yurdun , insanların, torpağın da qaraya bürünür.

Qismətin sevinc, xoşbəxtlik, zəfər olmalı idi,  ancaq bəxtinə kədər, gözyaşı yazıldı. Yola çıxmışıq, sənə doğru gəlirik. Yolun harasındayıq bilmirəm, amma bil ki, sənə doğru gəlirik, Xocalım!  Qarşımıza daha  hansı maneələr çıxacaq deyə bilmərəm, amma  dayanmırıq gəlirik! Sənin üçün təkcə mən yox, hər birimiz  hər an, hər şey etməyə hazırıq! Gec-tez zəfərin  bizimlə olacağına əminəm. Düşünmə ki, unudulmusan, düşünmə ki, sahibsizsən,  düşünmə bunları, Xocalım!

Mən sənin gözəlliyini dillərdən, sözlərdən eşitmişəm, şəkillərdən görmüşəm. Hələ mən bu ayrılıqdan bu qədər əzab çəkirəmsə, sənin yurdundan olan, torpağının üstündə addımlayan, suyundan içən  insanlar gör nələr çəkir?  Bu dərd təkcə sənin yox, hamımızın dərdidir. Bilmirəm dəyişmisən, ya eyni qalmısan, bəlkə də ayrılıqdan solmusan. Şərəfsizlərin içində neyləyirsən heç onu da bilmirəm? Sual verirəm, cavab ala bilmirəm. Səbr elə Xocalım, yola çıxmışıq gəlirik, bizi gözlə, Xocalım!