23 iyun 2020 09:57
2559

Biz mövcud ixrac bazarlarına  daha çox cəlb olunmalıyıq və yeni bazarlar haqqında düşünməliyik

Dövlətimizin başçısı İlham Əliyev Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri ilə  videokonfrans şəklində keçirilən görüşdə istər pandemiya, istərsə də postpandemiya dövründə iqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini diqqətə çatdırmışdır  

     Pandemiya dövrünün reallıqlarından bəhs edərkən insanların sağlamlığında yaranan prbolemlərlə yanaşı,  iqtisadiyyata vurulan ziyanlar,  yaranan iqtisadi və sosial fəsadları aradan qaldırmaq yolları günümüzün əsas müzakirə mövzusuna çevrilib. Bu gün təbii ki, hər bir ölkəni düşündürən məsələ insanların sağlamlığını təmin etmək üçün səhiyyə sistemini təkmilləşdirməklə yanaşı,  mühüm sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi, sosial müdafiənin gücləndirilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin videokonfrans şəklində Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən görüşdə də bu kimi məsələlərə xüsusi diqqət yönəldilmişdir.  «Bilirsiniz ki, “Doing Business”dəki mövqeyimiz bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya idi» söyləyən ölkə Prezidenti İlham Əliyev vurğulamışdır ki, qısa müddət ərzində çox əsaslı irəliləyişə nail ola bildik. Ölkəmizdə yaradılan əlverişli biznes mühitinə xüsusi diqqət yönəldən dövlətimizin başçısı «Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq. Bizim üçün hazırda prioritet olan məsələlərə gəlincə mən ümumi şəkildə indiki pandemiya dövründə iki əsas prioritetin olduğunu deyərdim» söyləməklə diqqəti  cari ilin ilk aylarında ümidverici sosial-iqtisadi göstəricilərə yönəltmişdir. Beş ayda  iqtisadiyyatın 1,7 faiz  azalması fonunda  kənd təsərrüfatında  3 faizdən çox artımın olmasını xüsusi vurğulayan cənab İlham Əliyev bu statistikanı da  açıqlamışdır ki, qeyri-enerji sənayesində artım 14 faiz təşkil edib: «Ona görə də gələcək üçün bizim nəzərə aldığımız iki əsas məsələ şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır. İkincisi isə, iqtisadiyyatın artımı daha çox iş yerləri ilə müşayiət olunmalıdır. Çünki Azərbaycan əhalisi artan ölkədir. Biz artıq 10 milyondan çoxuq. Əhali artır. Ona görə də xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var.»

   Aparılan müzakirələrdə daha çox diqqət yönəldilən sahə kənd təsərrüfatı  oldu. «Siz, həmçinin kənd təsərrüfatını qeyd etdiniz. Biz sizinlə bu sahədə çalışırıq. Biz kənd təsərrüfatının rəqabətqabiliyyətliliyini artırmalıyıq və necə irəliləməyimizlə bağlı anlayışımız olmalıdır» söyləyən dövlətimizin başçısı qeyd etmişdir ki,   təkcə öz resurslarımızla ehtiyaclarımızı təchiz etməli deyilik, həm də daha çox ixrac potensialımız olmalıdır. Bunun üçün biz mövcud ixrac bazarlarına da daha çox cəlb olunmalıyıq və yeni bazarlar haqqında düşünməliyik.»

       Cənab  İlham Əliyev 2018-ci ilin  andiçmə mərasimində ötən illərin  uğurları fonunda  prioritetləri açıqlayarkən bildirmişdir ki,  Azərbaycan iqtisadiyyatı inkişaf edir. Ölkəmiz  dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərlə çıxa bilib.  Artıq bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır. Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməli, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Bu əminlik də ifadə edilmişdir ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər.

    Özəl bölmənin inkişafı iqtisadi siyasətin əsas ana xəttini təşkil edir. Ötən illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Həmin  kreditlərin,  həmçinin  sahibkarların öz vəsaiti hesabına yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaradılıb,  qeyri-neft sektorunun inkişafı təmin edilib. Ölkə Prezidenti hədəflər sırasında bu mühüm məsələni da diqqətə çatdırır ki, növbəti illər ərzində iqtisadi sahədə islahatlar  dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldaq.

       Ölkəmizdə iş yerlərinin yaradılması daimi prosesdir. Dünya Bankının təmsilçiləri ilə görüşdə də bu məsələ xüsusi diqqətə çatdırılmışdır.  2004-cü ildə regionların inkişafına dair ilk Dövlət Proqramının icrasına başlanandan bu günədək 2 milyondan artıq  yeni iş yeri yaradılıb. Dövlətimizin başçısı bunu belə əsaslandırır ki, bəzi başqa ölkələrdən fərqli olaraq bizdə əhali artır. Bu da iqtisadi  inkişafın təzahürüdür. Hər il Azərbaycanda əhalinin sayı 100 mindən çox artır. Buna görə də  iş yerlərinin yaradılması daimi proses olmalıdır. Biz bundan sonra da çalışacağıq ki,  işsizliyi ən aşağı səviyyədə saxlayaq. 

   Məhz bu  məqsədə çatmaq üçün atılan uğurlu addımların nəticəsidir ki, Azərbaycan 2018-ci ildə  dünyanı bürüyən maliyyə və iqtisadi böhranın nəticələrini az hiss edən ölkə olmaqla yanaşı, cari ildə dünyanı ağuşuna alan koronavirus pandemiyasına qarşı mübarizədə təkmil təcrübəsi ilə diqqət çəkdi. Ölkəmiz bu uğurları ilə  beynəlxalq maliyyə qurumlarının hesabatlarında yeri və mövqeyini möhkəmləndirir.  Məlumdur ki, Dünya Bankının  açıqladığı  və  iş yerlərinin yaradılması məqsədilə aparılan islahatlara həsr olunan «Doing Business» hesabatında bildirilir ki, Azərbaycanda  inamla reallaşdırılan islahatlar, böyük investisiya layihələləri iqtisadiyyatın müxtəlif sahələrində  dönüş yaradır. Bunu ölkəmizin  həmin hesabatda  reytinqinin  artmasında da aydın görürük.  

    Ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. Neft-qaz  gəlirlərininin düzgün istiqamətləndirilməsi  qeyri-neft sektorunun inkişafı yönümündə atılan davamlı addımlardan aydın görünür. Hazırda aktivlərinin həcmi 41 milyard dollardan artıq olan Dövlət Neft Fondu ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələri maliyyələşdirməklə neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini yüksək səviyyədə qoruyur. Məhz bu uğurlar Dövlət Neft Fondunun şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilməsini şərtləndirir. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın idarəçilik sistemi, zamanın tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf konsepsiyasının daha da təkmilləşdirilməsi təqdir olunur. İqtisadi inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlara da geniş imkanlar açır.

  «Biz sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır və aparılacaq.  Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə  aztəminatlı ailələrin sosial müdafiəsi prioritetdir. Sosial ədalət prinsipinə sadiqliyin göstəricisi olaraq  əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır.  İşsizlik və yoxsulluq problemlərinin həlli dövlət siyasətində əsas yer tutur. Cari ilin ötən dövründə   paytaxt və  bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib.  Ölkə Prezidenti bildirir: «Qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz uğurla icra edilir. Mən əvvəlki dövrlərdə də qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Ondan sonrakı dövrlərdə qarşıya daha çox məsələ qoyulur ki, biz qeyri-neft ixracının artımına nail olaq və buna da nail oluruq. Çünki budur bizim inkişaf perspektivlərimiz. Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə valyuta gətirir. Bu, hələ işimizin birinci mərhələsidir. İndi aqroparklar, istixanalar, heyvandarlığın inkişafı, sənayeləşmə siyasətimiz bundan sonra daha da böyük nəticələr verəcək. Mən həmişə deyəndə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikrim var, bax, buna əsaslanıram.» Regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri görülür və bu gün də  davam etməkdədir. Təbii ki, sahibkarlığın inkişafında bu kimi addımlar əsasdır. Hazırda özünüməşğulluğun təminatının prioritetliyi, ailə təsərrüfatlarının inkişafına göstərilən dəstək də hədəf kimi irəli sürülən qeyri-neft sektorunun inkişafına xidmət edir. Bir sözlə, cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü «neft kapitalını insan kapitalına çevirək» tezisi artıq reallıqdır. Bu reallığa əsas verən mühüm amil isə zamanın tələbinə uyğun olaraq təkmilləşmədir. «Azərbaycan 2020: gələcəyə baxış»  İnkişaf Konsepsiyası, eyni zamanda, müxtəlif istiqamətləri əhatə edən Strateji yol xəritələri hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Strateji Yol Xəritəsində hədəf kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılmasının əsasında da qeyri-neft sektorunun, qeyri-neft sənayesinin azı üç dəfədən çox artımı dayanır. Bunun əsas şərti isə ölkə iqtisadiyyatında rəqabətqabiliyyətli qeyri-neft sektorunun,  aqrar sahənin inkişafına nail olmaqdır. Hədəfə çatmaq üçün  qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi artırılır,  iqtisadi zonalar, sənaye parkları  yaradılır, inzibati prosedurlar sadələşdirilir. Göründüyü kimi, sahibkarlara dəstək davamlıdır. O da məlumdur ki, 2015-ci ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan    «Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin  sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında» Fərmana   əsasən,  sahibkarlıq subyektlərində lazımsız yoxlamaların aparılması 2 illik müddətinə dayandırılmışdır.  Cənab İlham Əliyevin  təşəbbüsü ilə sonradan bu müddət  2021-ci ilədək uzadıldı. Daim qeyd olunduğu kimi,  əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək, idarəçilik sitemində təkmilləşmə aparmaq mütləqdir. Dövlətin siyasətində antiinhisar tədbirlərinin gücləndirilməsi də  əsas yer tutur. «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı»nın uğurlu icrası, «ASAN xidmət»in fəaliyyəti, həmçinin «ABAD» mərkəzlərinin yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan  sahibkarlığın inkşafını təmin edir.  Ailə biznesinə asan dəstək kimi dəyərləndirilən «ABAD» mərkəzlərin yaradılması və fəaliyyətlərini genişləndirmələri hər bir ailənin öz məhsulu ilə tanınmasına geniş imkanlar açır ki, bu da öz növbəsində sosial müdafiənin təminatıdır. Məhz bu hədəflər iqtisadiyyatın aynası kimi dəyərləndirilən dövlət büdcəsinin formalaşdırılmasında da özünü göstərir. Dövlətimizin başçısı bildirir ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından daha  üstün olmalıdır. 

       İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar enerji sektorundan asılılığı  minimuma endirir. Baxmayaraq ki, bu gün dünya pandemiya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə diqqət yönəldir, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini prioritet məsələ olaraq gündəmdə saxlayır. Məlumdur ki, hazırda  ÜDM-də özəl bölmənin payı 75 faiz təşkil edir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. Davamlı inkişaf öz növbəsində  yeni texnologiyaların tətbiqini zərurətə çevirir. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Azərbaycan  ən müasir texnologiyaların  tətbiqinə səy göstərir.  Görülən işlərin nəticəsidir ki, yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin sayı artır, yerli tələbat ödənilməklə ixrac potensialı gücləndirilir. Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Ölkə Prezidenti İlham Əliyev əminliklə bildirir ki, dünya bazarında mövqeyimiz möhkəmləndikcə, Azərbaycan məhsullarına tələbat çoxaldıqca  nailiyyətlərimiz də  artacaq. Sənaye parklarında və zonalarında müasir müəssisələrin fəaliyyətə başlaması,  aqroparkların, heyvandarlıq komplekslərinin,  bitkiçilik təsərrüfatlarının yaradılması və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracaq. Sahibkarlar aparıcı beynəlxalq sərgilərdə iştirak edir. İxrac məsələləri mütəşəkkil qaydada, kompleks şəkildə həll edilir.  Bu sahədə yeni əlaqə vasitəsi olan «Azexport» portalının yaradılması,  Azərbaycanda istehsal olunan məhsullar barədə ətraflı məlumatların  xarici investorlara  çatdırılması yeni metod kimi sərfəlidir.  Nəticə olaraq «Made in Azerbaijan» brendi  dünyada tanınır və şöhrət qazanır. Bunun nəticəsidir ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına diqqət daha da artıb.

   Bütün bu sadalananlar iqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulmasının hər bir çətinlikdən üzüağ çıxmağımıza böyük əsaslar yaratdığının təsdiqidir. Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlananda da ilk addım sahibkarlara diqqət və qayğıdan başladı. Dövlətimizin başçısı bu çağırışı etdi ki, heç bir iş yeri fəaliyyətini dayandırmayacaq,  işsizlərə və karantinlə əlaqədar olaraq işini müvəqqəti itirənlərə dövlət tərəfindən maddi dəstək göstəriləcək və göstərilir.

Yeganə Əliyeva,

«İki sahil»