27 yanvar 2020 19:41
1090

Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik

Dövlətimizin başçısı İlham Əliyev dünyanın müxtəlif ölkələri ilə müqayisə əsasında bu fikri də böyük inam və qətiyyətlə bildirir ki, sözümüzə həmişə əməl edirik

“Beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir” söyləyən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bildirir ki, Azərbaycan  müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir. Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya”  mövzusunda keçirilən panel iclasında dövlətimizin başçısı İlham Əliyevin “Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz” sualına cavabı da bu kimi məqamlara bir daha aydınlıq gətirmişdir. Ölkə Prezidenti qeyd etmişdir ki,  biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdə,  startap biznesindədir.

Nəhəng könüllülər hərəkatına başlanılıb  və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib.  “Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir” söyləyən ölkə Prezidenti qeyd etmişdir ki,  onları həyat qane etmir,  hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir.  Azərbaycanda  həmişə sözümüzə əməl edirik: “Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.”  Bu gün Azərbaycan dünyada iqtisadi möcüzələr ölkəsi, demokratik dəyərləri dünəninin, bu gününün və gələcəyinin əsası kimi qəbul edən,  ən əsası müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən tolerant, multikulturalizmi həyat tərzinə çevirən ölkə, etibarlı tərəfdaş  kimi tanınır və nüfuz qazanıb.

İnsan amili dövlət siyasətinin əsasında dayanır.  Son 16 ildən artıq dövrdə   hüquqi, demokratik, sivil  cəmiyyətin möhkəmləndirilməsi istiqamətində  atılan addımların davamlılığı   göz önündədir. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində  yaşadığı və bütün azadlıqlardan  istifadə etdiyi cəmiyyət qururuq” söyləyən  Prezident İlham Əliyev, eyni zamanda, bu fikri daim  önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə  demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə  qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür.

Demokratik prinsiplərə sadiqliyini  sözdə deyil, əməldə təsdiqləyən  dövlətimizin dünyanın nüfuzlu təşkilatlarına, xüsusilə demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması, 19 ildən artıq dövr ərzində münasibətlərin yüksələn xətt üzrə inkişafı Azərbaycanın sivil dəyərlərə sadiqliyindən qaynaqlanır. AŞPA-nın “Azərbaycanda demokratik təsisatların inkişafına dair” qəbul etdiyi qətnamədə ölkəmizin demokratiya təcrübəsi yüksək dəyərləndirilir, digər dövlətlərə nümunə göstərilir. Amma bu reallığın etirafı ilə yanaşı, qurumda təmsil olunan bəzi ermənipərəst qüvvələr ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir, əsassız hesabatları ilə ictimai fikri çaşdırmağa çalışırlar.

Bir reallıq da hər kəsə aydındır ki,  dünyanın ikili siyasətinin mövcudluğu fonunda Azərbaycanın demokratik inkişafına kölgə salan “Freedom Hause”, “Amnesty İnternasional”, “Human Rights Watch”  kimi təşkilatlar da  vardır. Onların hesabatlarında işğalçı Ermənistanın “azad”, Azərbaycanın isə “qeyri-azad” ölkələr sırasında qeyd olunması  qərəzin, ikili mövqeyin göstəricisidir. Bu sırada dayanan “The Economist İntelligence Unit” təşkilatı da  bu günlərdə açıqladığı hesabatla “həmkarlarının” qərəz kampaniyasına dəstək nümayiş etdirib. Belə ki,  Ermənistan sevgisi bu təşkilatı işğalçı dövləti “demokratik”, Azərbaycanı “qeyri-demokratik” ölkələr sırasında qeyd etməsinə rəvac verib. Bu fikirlər  Azərbaycanı istəməyən dairələrin yanlış, qərəzli düşüncələrinin məhsuludur. Reallıq budur ki, demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən bütün atributlar ölkəmizdə bərqərar olub, inkişafı istiqamətində davamlı addımlar atılır və həqiqətə həqiqət gözü ilə baxan beynəlxalq hüquq təşkilatları tərəfindən yüksək dəyərləndirilir.  Ölkə Prezidenti  daim bu fikri  bildirir ki, bu və ya digər beynəlxalq təşkilatlara qəbul olunmaqda məqsəd Azərbaycanın dəyərlərini dünyanın qabaqcıl ölkələrinin meyarlarına uyğunlaşdırmaqdır. Atılan addımlar  hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, ölkənin uğurlu gələcəyi üçündür.

Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu yeniliklərin qəbul olunan qanunlarda, Konstitusiyamızda da öz əksini tapması zamanın tələbinə çevrilib.  Konstitusiyamızın qəbulundan ötən 24 ildən artıq dövrdə sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də  insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir.  “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavəyə əsasən dövlətin məqsədi insan hüquq və azadlıqların qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir. 

Göründüyü kimi, bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də vardır. Dövlətimizin başçısının qeyd etdiyi kimi,  bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada  təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun.  Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin. Cənab İlham Əliyev bu fikirləri ilə hər kəsin qanun qarşısında eyni məsuliyyəti daşıdığını, siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq bütün vətəndaşların qanunların icrasında və onlara əməl olunmasında  fəal iştirakını qarşıya mühüm vəzifə kimi qoyur.

1995-ci ildən imzalanan əvf fərmanları və Amnistiya aktları da dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərdiyini  təsdiqləyir.  Şəxsiyyət azadlığına humanist münasibətlərin formalaşdığı  ölkəmizdə ulu öndər Heydər Əliyevin  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından  2003-cü ilə qədərki dövrə qədər  32 əfv Fərmanı imzalanıb,  7 Amnistiya Aktı qəbul olunub.   Son 16 ildə  30-dan çox  əfv Fərmanı imzalanıb,  4 Amnistiya Aktı qəbul olunub. Bu sənədlər əsasında ümumilikdə  on minlərlə  məhbus azadlığa qovuşub.

Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə  daha geniş sferanı əhatə edən “Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi də atılan addımların davamlılığının, dövrün tələbinə uyğun təkmilləşmənin həyata keçirilməsinin göstəricisidir. Milli Fəaliyyət Proqramının əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətindəki islahatların davamlılığını təmin etməkdir. Bütün bunlar bir reallığın təsdiqidir ki, Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Ən əsası insan amili dövlət siyasətinin əsasını təşkil edir.  Cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü  “Neft kapitalını insan kapitalına çevirək” tezisi də bunun təsdiqidir. Cənab İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki,  hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir.  Ölkə Prezidentinin “İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır”, “Xalq görülən işlərdən razı olarsa, onda mən də razı qalaram”, “Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamalıdır” kimi tezisləri  vətəndaş amilinə verilən önəmin təsdiqidir.  Ən əsası cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən “Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” vədini vermiş və son 16 ildən artıq dövrdə  bunu əməli işində təsdiqləmişdir. Dünya Bankının hesabatlarında ən islahatçı ölkə kimi tanınan  Azərbaycan  adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr” kateqoriyasına daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının  İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı  hesabatına əsasən isə  “orta insan inkişafı” ölkələri” qrupunu tərk edərək, “yüksələn insan inkişafı” ölkələri” qrupunda yer almışdır. Bu reallıq ölkə Prezidenti İlham Əliyevin çıxışlarında da yer alır ki, neftlə zəngin çox ölkələr var. Lakin onlarda bu resurs heç də inkişafa, tərəqqiyə yol açmır. İnsanlar arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanda inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müəyyənləşdirilməsi, ən əsası ədalət prinsipinin, şəffaflığın yüksək səviyyədə qorunması bu kimi fərqlərin baş verməməsinə səbəb olmuşdur. Bu, dövlətin ali məqsədində insan amilinə verilən önəmin bariz nümunəsidir.

Konstitusiyamızda  bu reallıq da öz əksini tapıb ki, hakimiyyətin yeganə mənbəyi xalqdır.  Xalqın iradəsini özündə əks etdirən nəticələr demokratiyanın əsas göstəricilərindəndir. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 85 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır.

Yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində də əsas amillərdən biri  xalqın iradəsidir. Bu da xalq-iqtidar birliyinin təcəssümü, dövlətin siyasətində insan amilinə verilən dəyərin bariz göstəricisidir.  Bəyan edilir ki, xalqın iradəsindən kənar heç bir qərar qəbul oluna bilməz. Hər bir Azərbaycan vətəndaşı işğal altında olan torpaqlarımızın sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu bildirməklə yanaşı, digər variantı da istisna etmirlər ki,  torpaqlarımızı hərb yolu ilə azad etmək üsün Prezidentin hücum əmrini gözləyir. Bir qarış topağımızın belə düşmənə verilməyəcəyini bəyan edən dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan “Xalqın səbri tükənməz deyil” bəyan etməklə yenə də xalqa güvəndiyini, arxalandığını təsdiqləyir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, elə bir sahə yoxdur ki, orada ictimai maraqlar qorunmasın, ümumi rəyə əsaslanan mövqe ortaya qoyulmasın. Cəmiyyətin informasiya tələbatının ödənilməsi missiyasını yerinə yetirən mətbuatın inkişafına yönələn addımlar, həmçinin jurnalist əməyinə verilən dəyər də bu  maraqların qorunmasının bir tərkib hissəsidir. Analoqu olmayan addım kimi dəyərləndirilən jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə diqqət yetirsək heç bir ayrı-seçkiliyə yol vermədən mənzillərin paylanması dövlətin ictimai maraqların, vətəndaş hüquqlarının  qorunmasında nə qədər maraqlı olduğunu nümayiş etdirir.  Dövlətimizin başçısı  İlham Əliyevin əsas tövsiyəsi budur: “Hər bir vətəndaş birgəyaşayış qaydalarını əks etdirən  qanunlara tabe olmalı, fəaliyyətini, əməllərini, iş prinsipini  onun tələblərinə uyğun müəyyənləşdirməlidir.” Vətəndaş məsuliyyətini artırmaqla,  Konstitusiya ilə bizə verilən hüquqlardan istifadə etməklə,  ölkəmizin inkişafına öz töhfəmizi verməliyik.

Ötən il hakimiyyətin hər üç qolunda- icra, məhkəmə-hüquq və qanunvericilik sahəsində həyata keçirilən təkmil islahatlar, kadr islahatları ölkəmizin davamlı inkişafına, vətəndaşlarımızın  yüksək rifahına, demokratik dəyərlərin inkişafına  xidmət edən addımlar kimi dəyərləndirildi.  Dövlətimizin başçısı İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında”  Fərmanında qeyd olunduğu kimi, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Bu mühüm hadisəni də qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyevin ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının  parlamentin buraxılması və daha çevik, müasir parlamentin formalaşmasına hədəflənmiş növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı  qərarının ölkə ictimaiyyəti tərəfindən dəstəklənməsi əsasında imzaladığı Sərəncamla  fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkiləri demokratik inkişaf nümunəsi, davamlı inkişafa, yüksək rifaha xidmət edən addımlardan biri  kimi dəyərləndirilir.

Uğurlarımıza qısa baxış  dövlətimizin başçısı İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində  keçirdiyi panel iclaslarda, görüşlərdə böyük inam və qətiyyətlə söylədiyi fikirlərin reallıqlara söykəndiyini bir daha nümayiş etdirir, eyni zamanda,  gələcəklə bağlı nikbin proqnozlara  əsas verir.

Yeganə Əliyeva, “İki sahil”