Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
28 sentyabr 2020 17:59
612

Biz güclü, iradəli ordu yaratmışıq

Dövlətimizin başçısı İlham Əliyev Təhlükəsizlik  Şurasının iclasında  möhkəm hüquqi bazaya əsaslanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasını şərtləndirən amillərdən bəhs edərək bir daha bəyan etmişdir ki, bu gün biz öz torpaqlarımızı bərpa edirik

Dövlətimizin başçısı İlham Əliyev Təhlükəsizlik  Şurasının iclasında  Ermənistanın təxribatlarını şərtləndirən amillərdən geniş bəhs edərək bir daha bəyan etmişdir  ki, bu gün biz öz torpaqlarımızı bərpa edirik: «2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Bu gün - 2020-ci ildə, artıq bir daha qeyd etmək istəyirəm ki, bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır.»

Ordu quruculuğu dövlətimizin siyasətində əsas yer tutur. Dövlət büdcəsindən ayırmalarda birinci yeri müdafiə xərclərinin tutması da deyilənlərin təsdiqidir. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində atılan davamlı addımlar öz uğurlu nəticəsini verir. 2016-cı ilin Aprel döyüşlərinin, 2018-ci ilin Naxçıvan qələbələrinin sırasına  27 sentyabr uğurları da  yazılır. Bu tarixdə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə  hücumlarını cavab olaraq Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində bir neçə yaşayıq məntəqəmiz işğaldan azad edildi. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə son qoyacaq! Otuz ilə yaxın davam edən işğala son qoyacaq!  Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər.

Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək gücündə olduğunu qələbələri ilə təsdiqləyir.  «Biz güclü, iradəli ordu yaratmışıq» söyləyən dövlətimizin başçısı  bildirir ki, bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında  müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaq.”

Ermənistanın bu təxribatlarına əsas verən amillər sırasında ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurları da xüsusi qeyd etməliyik. Bu uğurlar  erməniləri çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Azərbaycanın  beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti,  aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən  açıqlamalar, qəbul edilən qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub. Eyni zamanda, ölkəmizin mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin, həm bölgənin tarixi ilə bağlı gətirdiyi konkret faktlar, inandırıcı əsaslandırmalar ermənilərin  təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan ilk gündən danığların  formatını dəyişməyə, Dağlıq Qarabağı tərəf kimi danışıqlara cəlb etməyə çalışsa da, Azərbaycan tərəfinin sərt münasibəti ilə üzləşdi. İşğalçı dövlət illərdir Dağlıq Qarabağı gah Ermənistanın ərazisi, gah da  müstəqil qurum kimi dünyaya tanıtmağa cəhd göstərir. Nikol Paşinyanın son hadisələrdən sonra parlament nümayəndələri ilə görüşündə səsləndirdiyi bəyanatlarda da bu istəklər öz əksini tapmışdır. Dövlətimizin başçısı İlham Əliyev istər bu günlərdə  BMT-nin yubiley tədbirində,  istər Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən, istərsə də 27 sentyabrda ermənilərin hərbi təxribatının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması nəticəsində bir neçə yaşayış məntəqəsinin işğaldan azad olunması münasibətilə xalqa müraciətdə, sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında  Ermənistanın Azərbaycana  qarşı təxribatlarına əsas verən məqamları diqqətə çatdırarkən bu faktı da xüsusi vurğulamışdır ki, bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir: «Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər.» Onu da qeyd edək ki,  “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar,  bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu. Bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Pandemiya dövründə Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən  Sammitində növbəti dəfə  Ermənistanın işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev nitqində diqqəti  Azərbaycan və Avropa İttifaqı arasında imzalanan  “Tərəfdaşlığın prioritetləri” sənədində əksini  tapan  hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi məsələsinə yönəldərək  bir daha bəyan etmişdir  ki,  Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir.  Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir.

Münaqişənin həllində beynəlxalq dəstəyin əsas amil olduğunu nəzərə alsaq, deyə bilərik ki, problemin həlli ilə bağlı möhkəm hüquqi baza mövcuddur.  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın  Azərbaycanın əzəli torpağı olduğu  öz əksini taparaq  Ermənistan qoşunlarının  işğal edilmiş bütün ərazilərimizdən qeyd-şərtsiz və tam çıxarılması tələb edilir.  Amma işğalçı  Ermənistan hələ də bu  qətnamələrə, həmçinin  ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə məhəl qoymur, sərsəm bəyanatları ilə dünyanın diqqətini   öz yalanlarına yönəltməyə çalışır.

Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından erməni yalanlarını faktlar əsasında açıqlayır, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edir. İşğalçı Ermənistan hər zaman fakt qarşısında acizliyi ilə diqqət çəkib. Ötən il Azərbaycanın   BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük   siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən  Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə ev sahibliyi etməsi və sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi mühüm diplomatik uğurumuz oldu. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin   Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun «Şərq şəfəqləri və dünya siyasi quruluşu» mövzusunda  XVI illik iclasında,  MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində çıxışı, «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı, həmçinin  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünə ev sahibliyi Azərbaycanın xarici siyasət uğurlarının təqdimatı olmaqla yanaşı, dövlətimizin dəyişməz mövqeyinin açıqlanmasında da yardımçı oldular.  Azərbaycan haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə olaraq dünya birliyində yeri və rolunu günbəgün  artırır. Dövlətimizin başçısı İlham Əliyev  Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitindəki nitqində bir daha bu reallığı diqqətə çatdırmışdır ki, danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır.

«Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, bir milyondan çox köçkün və qaçqınımız var, Azərbaycan uğurla inkişaf edir və inkişaf üçün çox gözəl perspektivlər var» söyləyən dövlətimizin başçısı İlham Əliyev daim Azərbaycanın uğurları fonunda bu əminliyi də  ifadə edir ki, tezliklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Ölkə  Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ötən il  Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsində görüşü zamanı diqqət çəkən bəzi məqamları da  yada salaq.  Paşinyan  danışıqların formatının dəyişməsinin mümkün olmadığının, bu prosesdə  tərəf kimi yalnız  Ermənistan və Azərbaycanın  iştirakının vacibliyinin bir daha şahidi oldu.  Danışıqların gedişindən aydın oldu ki, Ermənistanın baş naziri  artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirak etməsi ideyasını müdafiə etmir. Əvvəldə də qeyd etdiyimiz kimi,  Ermənistan hakimiyyti daim sərsəm bəyanatları ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa səy göstərib ki, guya Dağlıq Qarabağ Ermənistana aiddir, müstəqil fəaliyyət göstərir. Təbii ki, bu, ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın xülyalarıdır.

Azərbaycan tərəfi daim  məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduğunu önə çəkərək danışıqların aparılmasında maraqlı olduğunu nümayiş etdirib. Lakin bu bəyanat da səsləndirilir ki, danışıq xatirinə danışıqlarda iştirak etməyə məcbur deyilik. Konkret nəticənin olması mütləqdir. Qarşı tərəfin hər zaman müəyyən bəhanələrlə danışıqlara mane olması da məlum olaylardandır. İşğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həlli prosesinin uzanmasına  səbəb olmaqla yanaşı, eyni zamanda,  bütün iqtisadi layihələrdən kənarda qalmasını, ictisadi böhran içərisində çabalamasını şərtləndirir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan    ATƏT-in Minsk qrupunun 1992-ci ildən bu günə fəaliyyətinə diqqət yetirsək, yalnız və yalnız  nəticəsiz səfərləri görmüş olarıq. Artıq bəyanatlardan, nəticəsiz səfərlərdən  konkret addımlara keçmək zamanıdır. Düşünmək olar ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın son təxribatlarından nəticə çıxarıb sözün əsl mənasında vasitəçiliyin nə olduğunu dərk etmək məcburiyyətində qalacaq. 

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqamı da vurğulayır: «Real həyatda biz nəyi görürük: Ermənistan uğursuz dövlətdir… Bu uğursuzluq, əslində, onların işğalçılıq siyasəti nəticəsində olmuşdur. Çünki əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf olsun.»

İqtisadi güc  hər bir məsələnin həllində vacib amildir. Azərbaycanın  təkmil sosial-iqtisadi islahatları davamlı inkişafı təmin edir. Ən əsası  uğurlarımıza söykənərək,  Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevrilmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili  məhsulun daha 2 dəfə artırılasına nail olmaq  istəyimizi ortaya qoymuşuq. Hədəflərə yüksək səviyyədə və nəzərdə tutulmuş vaxtda çatmaq üçün bütün zəruri addımlar atılır.   Bir məqamı da xüsusi qeyd etməliyik ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır.  Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və nüfuz qazanır. Yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslardan səmərəli istifadə  əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır. Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın göstəricisi olaraq, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna aydınlıq gətirir. O da məlumdur ki,  Azərbaycan  Avropa İttifaqının üzvü olan 9 ölkə ilə  strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Əvvəldə də qeyd etdiyimiz kimi, «Tərəfdaşlığın prioritetləri» adlı sənəddə Azərbaycanın bu və ya digər sahələrdə Avropa İttifaqı, eyni zamanda, quruma üzv olan dövlətlərlə əməkdaşlığının  mövcud imkanları  öz əksini tapıb. Təşəbbüsləri gerçəkliyə çevirən Azərbaycanın dünyanıfn enerji təhlükəsizliyinin təminatında rolu, multikultural dəyərlərin inkişafına töhfələri təqdir edilir. Ən əsası Azərbaycanın yeniliyə, modernləmşəyə verdiyi önəm xüsusi qeyd olunur.

Göründüyü kimi, Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi bütün sahələrdə uğurlu addımların atılmasına  yol açır. Hər bir ölkənin təhlükəsizliyinin, suverenliyinin qarantı olan ordu quruculuğu sahəsində əldə olunan nəticələrin  təqdimatı kimi Azərbaycan  Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi, eyni zamanda Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən paradı da  qeyd edə bilərik.  Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ordumuz son qələbələri ilə bir daha bu reytinqinə yeniliklər gətirəcək. Azərbaycan bütün istiqamətlərdə sözlə əməl birliyinin yaradılması fonunda davamlı uğurlarını təmin edir. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü, qüdrətli ordunun olması əsas şərtdir. Müharibə şəraitində yaşayan ölkə üçün isə bu amilin nə qədər vacib olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Rəsmi Bakı «Sülh danışıqları səmərə vermədiyi təqdirdə digər varianta üstünlük veriləcək» bəyan edirsə, bu, adi, söz xatirinə söylənilən bəyanat deyil.  Azərbaycan işğal altında olan torpaqlarını istənilən yolla azad etmək hüququna malikdir. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozub, qonşu dövlətə qarşı  işğalçılıq siyasəti həyata keçirən, davamlı təxribatları ilə  Azərbaycan döyüşçülərinin, mülki şəxslərin həlak olmasına səbəb olan Ermənistandır. Azərbaycan Ordusunun bugünkü qələbələri, eyni zamanda, dünyaya mesajdır. İşğalçıya dəstək olmaqla vəziyyəti daha da ağırlaşdırır, Ermənistanın region üçün ciddi təhlükə olduğunun şahidinə çevrilirlər.  Dövlətimizin başçısı bildirir: « Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

Yeganə Əliyeva, «İki sahil»