01 fevral 2020 19:17
1525

Biz çox nadir tərəfdaşlıq formatını yaratdıq

Dövlətimizin başçısı İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşündə bir daha bildirmişdir ki, Azərbaycan artıq OPEC üzvü kimi özünü göstərir

Ənənəvi keçirilən  Davos Dünya İqtisadi Forumunun  50-ci iclası  işini başa vursa da onun yekunları Azərbaycan və dünya mətbuatında hələ də  müzakirə olunmaqda,  dünya siyasətçiləri, iqtisadçıları, politoloqları öz fikirlərini açıqlamaqdadır.  Forumun 400-dən çox açıq və qapalı iclaslarında 2 mindən çox siyasətçi, akademik, iş adamı, qeyri-hökumət təşkilatlarının nümayəndələri “Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusu ətrafında müzakirələr apararaq ümumi mövqeni ortaya qoydular.

Daim qeyd olunduğu kimi, hər bir  beynəlxalq əhəmiyyətli tədbir  seçdiyi  mövzunun aktuallığı ilə yanaşı, iştirakçı dövlətlərin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır.  Hər il olduğu kimi, bu il də Azərbaycan Forumun işinə  dünyanı heyrətləndirən sosial-iqtisadi göstəriciləri, xarici siyasət uğurları uğurları ilə qatıldı. Dövlətimizin başçısı İlham Əliyev müxtəlif mövzularda keçirilən panel iclaslarında, görüşlərdə, həmçinin verdiyi müsahibələrdə Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan söz sahibi kimi  möhkəmlənən mövqeyini əsaslı şəkildə diqqətə çatdırdı. Dünyanın  tanınmış siyasətçiləri, böyük transmilli şirkətlərin rəhbərləri ilə keçirilən  görüşlər  Azərbaycanla  Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsini yazdı. Dövlətimizin başçısı İlham Əliyevin  Davosda  Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi  Məhəmməd  Barkindo ilə görüşü də bu tərkibdəndir.

Azərbaycan bu gün qlobal enerji bazarının mühüm faktorlarından biridir. Dövlətimizin başçısı İlham Əliyevin daim bildirdiyi kimi, bu gün Azərbaycan  müstəqil dövlət kimi ayaqda möhkəm dayanıb, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir,  nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edir və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqət yetirsək, bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaş imicinə bir daha işıq salarıq. Təkcə bu uğuru qeyd etmək kifayətdir ki,  müqavilənin imzalanmasının   23-cü ildönümü ərəfəsində, 2017-ci ildə  “Yeni əsrin müqaviləsi”nin imzalanması  ötən  dövr ərzində Azərbaycanın qazandığı uğurların ümumiləşdirilmiş ifadəsi idi. 2018-ci ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu.  Arntıq göründüyü kimi, əməkdaşlıq regional çərçivədən beynəlxalq əməkdaşlığa doğru inkişaf edir.

Dünya İqtisadi Forumunun 50 iclası Azərbaycanın bu uğurlarına işıq salmaqla yanaşı,  əməkdaşlığın coğrafiyasının genişləndirilməsini zəruri edən məqamlara aydınlıq gətirdi. Forum təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsir edir. Davos İqtisadi Forumu bir daha göstərdi ki, dünya Azərbaycan Prezidenti İlham Əliyevin qlobal enerji bazarı ilə bağlı uzaqgörən ideyalarını dəstəkləyir.  Dövlətimizin başçısının OPEC-in baş katibi Məhəmməd  Barkindo ilə görüşündə də bu kimi məqamlara diqqət yönəldilmişdir. M.Barkindo  söhbətə məhz dövlətimizin başçısı İlham Əliyevə  minnətdarlıq hissi ilə  başladı. O, cənab   İlham Əliyevi uzaqgörən və çox qətiyyətli lider adlandıraraq bildirmişdir: “ Beş il bundan əvvəl  bu Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz. Çünki Siz də dediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Çünki biz hamımız eyni nefti istehsal edirdik və onu eyni bazarlara satırdıq. O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü”.”

Bu məsələdə o qədər də fəallıq göstərməyən OPEC ilk dəfə Prezident İlham Əliyevin çağırışından sonra qiymət azalmasının qarşısının alınmasına dair birgə fəaliyyətə başladı.  2016-cı il oktyabrın 29-da Vyanada OPEC-ə üzv və üzv olmayan dövlətlərin Yüksək Səviyyəli Komitəsinin birinci iclası keçirildi. İlk iclas 21 ölkənin, o cümlədən qeyri-OPEC ölkələrindən 6 dövlətin (Azərbaycan, Braziliya, Qazaxıstan, Meksika, Oman və Rusiya) nümayəndə heyətlərinin iştirakı ilə məhsuldar müzakirələr baş tutmuşdu. Aparılan danışıqların nəticəsi olaraq  2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilmişdi. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atdı. İlin birinci yarısı üçün nəzərdə tutulmuş Vyana Bəyannaməsinə uyğun olaraq Azərbaycan həmin vaxt hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı öhdəlik götürmüşdü.

Göründüyü kimi, dövlətimizin başçısı  İlham Əliyevin təşəbbüsü və çağırışından sonra OPEC-ə üzv olan və olmayan ölkələr arasında “OPEC+” adı alan əməkdaşlıq formatı yarandı.  OPEC-in baş katibi ilə görüşündə cənab İlham Əliyev  bunu nadir tərəfdaşlıq formatı adlandırdı: “Bu təklifi ciddi nəzərə aldığına görə OPEC-ə minnətdaram və biz həqiqətən çox nadir tərəfdaşlıq formatını yaratdıq. Hesab edirəm ki, bu formata malik olan, lakin təkcə format yox, eyni zamanda, qərarları səmərəli icra edən başqa belə bir beynəlxalq təşkilat yoxdur. Bəzən hətta bir təşkilat daxilində razılığa gəlmək mümkün olmur. Lakin OPEC-ə üzv olan və üzv olmayan ölkələr, böyük və kiçik neft istehsalçıları birləşdilər. Çünki bu, bizim ümumi məqsədimiz idi.”

Onu da qeyd edək ki, ötən ilin martında  Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilmişdi. İclas Prezident İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi əsasında ölkəmizdə baş tutmuşdur.   “OPEC plus” ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının ölkəmizdə keçirilməsi   Azərbaycan iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən neft sənayesində əldə edilən  uğurlara və təcrübəyə əsaslanırdı.

28 ildən artıq  müstəqillik tarixinə malik olan Azərbaycanın ilk illərdə yaşadığı duruma diqqəti yönəldən cənab İlham Əliyev bu əsas məqamı qeyd edir ki, əlbəttə, ölkəmizin inkişafı üçün xarici sərmayə lazım idi. Belə bir vəziyyətdə xarici ölkələrin nüfuzlu  neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək  böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Ulu öndər  Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Belə bir çətin  vəziyyətdə 1994-cü il sentyabrın 20-də  “Əsrin kontraktı”nın imzalanması ölkəmizə  sərmayə axınını stimullaşdırdı. Arxada qalan illər  Azərbaycanın tarixinə biri-birindən əhəmiyyətli uğurları yazdı.

“Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya diqqət yetirsək , ancaq və ancaq davamlı uğurların şahidi olarıq.   BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi, 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi  Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini  nümayiş etdirməklə yanaşı, əməkdaşlığın coğrafiyasının genişləndirilməsini də nümayiş etdirir. 

“Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən bu reallığı xüsusi qeyd etməliyik ki, ölkəmiz çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı.  Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmiş və  bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı,  1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı: “Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək.”

“Əsrin müqaviləsi”nin məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin bəhrəsi olduğunu önə çəkən xarici şirkətlərin təmsilçiləri də  bildirirlər ki, 6 fərqli ölkədən olan 11 şirkət SOCAR ilə birlikdə  ölkənin enerji  yolunda  yeni bir səhifə açdı.

Təhlillər bu reallığı ortaya qoyur ki, dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslanır. Cənab İlham Əliyev bildirir ki,  əsası odur ki, gələcəklə bağlı planlar qurur və səylərimizi  birləşdiririk. Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan, eyni zamanda, iqtisadi qüdrətini, maliyyə imkanlarını artırmaqla dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir.  Dövlətimizin başçısı  bu inamı da ifadə edir ki, gələcəkdə iqtisadiyyatın  daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq.

2013-2020-ci illərdə ÜDM-i iki dəfə artırmağı qarşıya mühüm vəzifə qoyan  Prezident İlham Əliyev buna nail olmaq üçün yeni müəssisələrin istifadəyə verilməsini iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin 5 faizdən  də aşağı salınması baxımından günün tələbi kimi qeyd edir.  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, eyni zamanda, müxtəlif istiqamətləri əhatə edən Strateji yol xəritələrində  bu məqamların parametrləri  reallığı əks etdirməklə,  həlli yolları da göstərilib.  Təbii ki, bu sahədə enerji resurslarından səmərəli istifadə  başlıca istiqamətdir. Qarşıya qoyulan hədəfə çatmaq üçün isə neft-qaz gəlirlərindən  istifadə olunması mexanizmi təkmilləşdirilir, karbohidrogenlərin satışından əldə edilən gəlirlər tədricən həmin vəsaitlərin investisiyasından qazanılan gəlirlə əvəzlənməsi strategiyası həyata keçirilir, bu istiqamətdə aparılan işlər intensivləşdirilir.  Neft amilindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial  və bazar strukturu şəbəkəsi daha da təkmilləşdirilir,  idarəçiliyin mütərəqqi formalarından istifadəyə diqqət  artırılır.

Uğurlarımız  beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Ən əsası bildirilir ki,  Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eyni zamanda, digər ölkələrə investisiya yatıran ölkə kimi də tanınır.  Təbii ki, bunu şərtləndirən əsas amillər əvvəldə də qeyd etdiyimiz kimi, möhkəm təməl, fəal iş, qarşılıqlı etimad və əməkdaşlıqdır. Sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Ölkə iqtisadiyyatına qoyulan 270 milyard dollardan artıq   sərmayənin  təxminən yarısı xarici investisiyalardır. Bu da ondan irəli gəlir ki, xarici investorlar qoyduqları sərmayələrin təhlükəsizliyinə tam əmindirlər. Sərmayələrin cəlb olunmasında təbliğat işinin lazımi səviyyədə qurulması vacib amil kimi önə çəkilir. Bu baxımdan  beynəlxalq əhəmiyyətli tədbirlərin, enerji sammitlərinin,  biznes forumların rolu xüsusi vurğulanır.  Bu gün bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, tarixən neft ölkəsi kimi tanının Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində əldə etdiyi təcrübə, qazandığı uğurları ilə diqqət mərkəzindədir. İnkişafın Azərbaycan modelinin mövcudluğu  səbəbsiz yerə təqdir olunmur və öyrənilməsinə səy göstərilmir. Dövlətimizin başçısı    İlham Əliyev uğurlarımızı şərtləndirən amilləri belə ümumiləşdirir: “Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.”

Düşünürük ki, əməkdaşlığın inkişafına xidmət edən hər yeni format özlüyündə yeni-yeni  hədəflərin gündəmə gətirilməsini stimullaşdırmaqla  səylərin artırılmasını bir tələb kimi ortaya qoyur. “OPEC+” formatı yaradılandan bu günədək  Azərbaycan öz öhdəliyini tam yerinə yetirib. Davos Dünya İqtisadi Forumu çərçivəsində  Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yönlətmişdir: “Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, “OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır.”

Yeganə Əliyeva, “İki sahil”