22 may 2020 19:35
327

Birinci rübdə paytaxtda orta əməkhaqqı 1023 manat olub

2020-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 10,6 milyard manat təşkil edib.

Sənaye məhsulunun 76,1 faizi mədənçıxarma, 21 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 15 faiz təşkil edib.              

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 may 2020-ci il vəziyyətinə 257,4 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 74,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,4 faizini əsaslı təmir, 5,3 faizini cari təmir, 20,9 faizini isə sair tikinti işləri təşkil edib.Ümumi inşaat işlərinin 87,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.         

2020-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 6 milyard 400,4 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 11,8 faiz artaraq 3 milyard 314,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14 faiz azalaraq 3 milyard 85,9 milyon manata bərabər olub. İstehlak məhsullarının 31,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

2020-ci ilin 4 ayında Bakı şəhərinin ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 27,5 faiz azalaraq 207,6 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 58,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 41,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 123,5 milyon manat olub

2020-ci ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,5 faiz azalaraq 1 milyard 552,4 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 74,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 69,2 faizini təşkil edib.

2020-ci ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 25,2 faiz artaraq 1022,9 manat təşkil edib. 

Bakı şəhər Statistika İdarəsi