KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

“Bir Azad Mətbuat Koalisiyası”nın “Sevinci”

04 iyun 2019 13:59
637

Jurnalistika həm də dürüst, vicdanlı olmağı tələb edir. Jurnalist şərəfi, jurnalist vicdanlılığı bu peşənin müqəddəsliyini şərtləndirir. Lakin bəzən görürsən ki, nəinki sağda-solda özünü jurnalist elan edənlər, hətta 100 il tarixi olan medianın təmsilçiləri belə ədalət – balans – dürüstlük hissini korporativ maraqlara qurban verir…

“Time” jurnalı iyunun 3-də bir siyahı dərc edib. “Yer üzündə mətbuat azadlığına qarşı 10 “ən təcili” təhdid” (Here Are the 10 ‘Most Urgent’ Threats to Press Freedom Around the World) adlı yazıda dünyanın hər tərəfində sözün həqiqi mənasında ciddi sıxıntısı olan jurnalistlərdən söz edilir. Siyahıda adı keçənlərin bəziləri dünyada məşhurdur, başlarına gələnləri hər kəs eşidib. Örnək üçün, Camal Xaşuggi adlı jurnalistin Səudiyyə Ərəbistanının Ankara səfirliyinə girib çıxmaması, orada öldürülməsi doğrudan da dəhşətlidir. Yaxud da Efiopiyalı jurnalist Seyum Tsehayenin 20 ilə yaxındır həbsdə olması diqqət çəkməyə bilməz.

Siyahıda adı keçən 10 jurnalistdən 9-na qarşı həqiqətən də ciddi təhdidlər olub və var. Lakin yerdə qalan bir nəfərin adı o siyahıya necə düşüb, anlamaq çətindir. Söhbət məlum və məşhur Sevinc Osmanqızından gedir.

Hər şeyi bir yana qoyub bu xanıma qarşı təhdid, həbs, döymə, öldürmə kimi halların olub-olmamasına baxaq. Olubmu belə hallar? Əsla və heç vaxt! Ümumiyyətlə nə Azərbaycan dövləti, nə də hər hansı terrorçu təşkilat və ya radikal qrup bu qadınla bağlı hər hansı hədə belə səsləndirməyib! Elə isə necə olur ki, onun da adı belə bir siyahıda yer alır?

Burada haşiyə çıxaraq onu da qeyd edim ki, “Time” jurnalı bu siyahını “Bir Azad Mətbuat Koalisiyası” (One Free Press Coalition) adlı qurumdan əldə edib. Bu qurum lap təzədir – bu il martın 15-də təsis edilib. Öz sıralarında “Time” da daxil olmaqla aparıcı media qurumlarını birləşdirir. Üzv qurumların ümumi auditoriyası 1 milyarddan çoxdur və təbii ki, onların yayacağı istənilən xəbər çox sürətlə yayıla bilir. Ona görə də bu qurum diqqətli olmalı, yalan, böhtan və əsassız məlumatlar yaymamalıdır.

Lakin görünən odur ki, bunlar elan etdikləri prinsiplərə elə ilk gündən arxa çevirirlər. Elə olmasaydı “ciddi və təcili diqqət tələb edən” jurnalistlərin arasında Sevinc Osmanqızını da göstərməzdilər.

Bunlar Sevinc Osmanqızı haqqında nə yazır? Baxaq: “Jurnalist fəaliyyətinin qarşılığı olaraq şantaj. Hökumətyönlü Real TV xəbər kanalı siyasi jurnalistika fəaliyyətinə görə, Sevinc Osmanqızını təhdid və şantaj edib. ABŞ-da mühacirətdə yaşayan Osmanqızı YouTube-da Azərbaycan siyasətini əhatə edən TV proqramının aparıcısıdır. Real TV bir jurnalistin özəl söhbətinin səs yazısını paylaşıb və əgər yayımlarını dayandırmazsa, ayrıca olaraq Osmanqızının intim şəkillərini paylaşmaqla hədələyib”.

Açığı, yalan olar, amma bu qədər də deyil. Real TV-nin sözü gedən verilişlərinə şəxsən baxmışam və nəinki qeyd edilən hədələri belə eşitməmişəm, üstəlik, heç Sevinc Osmanqızının adını da çəkən olmayıb. Sadəcə Mirşahin ABŞ-ın bir agentinin yataq şəkillərini paylaşıb onun ətrafında fikirlərini səsləndirmişdi. Sevincə heç işarə də edilmirdi orda. Lakin sonrakı günlərdə bu Sevinc aləmə car çəkdi ki, bəs, Mirşahin məni şantaj edir. Bizdə də istər-istəməz sual yarandı ki, niyə deyilənlərin sənə aid olduğunu sandın, Sevinc Osmanqızı?

Ümumiyyətlə, bu Sevinc doğrudanmı siyasi mühacirdir? Doğrudanmı onun Azərbaycanda yaşaması, işləməsi üçün problem olub? Doğrudanmı o, siyasi mövqeyini ifadə etməkdə çətinlik çəkib? Əsla, əsla və yenə də əsla! Bu qadın bir müddət Az.TV-nin ulduz simalarından olub. Sonrakı mərhələdə ABŞ səfirliyində işləyib. Bir müddət sonra da ABŞ-da peyda olub. Azərbaycanda olduğu müddətdə yalnız şəxsi ailə problemləri yaşayıb ki, buna da biz qarışa bilmərik, qarışmırıq da. Sadəcə ona təəccüb edirik ki, niyə bu qadın qanundan, haqdan-hüquqdan danışdığı halda özü bütün bunları ayaq altına atır? Heç nə demirik, sadəcə sual etmək istərdik: necə olub ki, Sevinc Osmanqızı öz azyaşlı uşaqlarını atalarının icazəsi olmadan Azərbaycandan götürüb apara bilib? İndi mən bu sualı bura yazdım, yəqin onu da aparıb qoyacaq məlum himayədarlarının qarşısına ki, Azər Həsrət məni təhdid edir.

Sözümüzün canı odur ki, Sevinc Osmanqızı heç vaxt Azərbaycanda hansısa təhdidlə qarşılaşmayıb, heç kimlə siyasi mübarizə aparmayıb, jurnalist fəaliyyətinə hər hansı əngəl olmayıb. Lakin günün birində ABŞ-da peyda olub, sağa-sola vurnuxub, bir YouTube kanalı açıb, ordan nəsə tənqidlər səsləndirir. Olsun. Heç buna da qarışan yoxdur. Azərbaycanda fikir plüralizmi var, biz də belə fəaliyyətlərə təmkinli yanaşırıq. Hakimiyyət isə belə fəaliyyətlərdən ümumiyyətlə narahat deyil. Elə isə kimə nə düşüb ki, bu Sevincin təhdid və təhlükə altında olduğunu tirajlasın? Hər halda bu işin içində bir iş var və yəqin ki, yaxınlarda əsl mahiyyətini öyrənmiş olacağıq.

“Bir Azad Mətbuat Koalisiyası”na gəlincə, bunlar elə ilk andan özlərini deşifrə etmiş oldular. Bəlli ki, məqsədləri doğrudan da təhdid altında olan hansısa jurnalisti qorumaq yox, elələrinin adı altında kimlərinsə siyasi oyunbazlığına alət olmaqmış. Hər halda bu siyasi dəllal Sevinc Osmanqızının adını öz siyahılarına salmaqlarının başqa adı yoxdur.

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...