31 may 2019 10:28
587

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi: Əməkdaşlıq çoğrafiyası genişlənir

29 may-1 iyun tarixlərində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbir - 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçiriləcək. 1994-cü ildən ənənəvi olaraq keçirilən bu sərgi ötən bir ildə gerçəkləşdirilən layihələrin təqdimatında, əməkdaşlığın yeni konturlarının müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Ötən il keçirilən yubiley tədbiri- XXV Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə xidmət edən Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə yadda qaldı.

Builki sərgidə ABŞ-ı, Almaniyanı, Böyük Britaniyanı, Fransanı, İtaliyanı, MDB ölkələrini, Türkiyəni və digər dövlətləri təmsil edən 250-dən artıq şirkətin iştirakı gözlənilir. Bu şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edəcəklər.

Qeyd edək ki, Xəzər Neft-Qaz Sərgisinin Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olmuşdur. İlk sərgi 1994-cü ildə keçirilib. O vaxt gənc müstəqil dövlət olan Azərbaycan  riskli dövlət kimi tanınırdı. Bu sərginin Azərbaycana investisiya qoyuluşu üçün çox önəmli rolu olmuşdur. Ötən 26 ildə bu sərgi dünya miqyasında çox mötəbər sərgi kimi tanınır və tədbirə qatılan şirkətlərin, ölkələrin sayı getdikcə artmaqdadır.

“Azərbaycan çox böyük sınaqlardan şərəflə çıxdı və qarşıda duran bütün vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir” söyləyən dövlətimizin başçısı İlham Əliyevin enerji sektorunda əldə olunan uğurların fonunda prioritetlərə işıq salan bu fikirləri bir daha bu həqiqəti ortaya qoyur ki, hazırda Azərbaycanın neft-qaz ixracatçısına, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının nəticəsidir. Bu gün müstəqil Azərbaycan və uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik.

İqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sektorunda ötən bir ildə əldə olunan uğurlar ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “”Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq” fikirlərinin aydın mənzərəsidir. “Əsrin müqaviləsi” 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasına yol açdısa, 2018-ci ildə  çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi kimi mühüm hadisələr enerji tariximizə yazıldı. Xəzər Beynəlxalq Neft və Qaz Sərgisinin XXV yubileyinə təsadüf edən Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində “4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır” fikirləri ilə ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlara baxış keçirən cənab İlham Əliyev bildirmişdir ki, düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.

Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələri təhlil etdikdə bu fikri böyük inamla qeyd edirik ki, ölkəmiz enerji sektorunda  liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. “Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir.” Cənab İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu əsaslı şəkildə diqqətə çatdıraraq bildirir ki, dörd layihədən - “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət Cənub Qaz Dəhlizi ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, zəngin qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək: “Yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir.”

Bir əsas məqamı da qeyd edək ki, dünya enerji bazarında mövqeləri möhkəmlənən SOCAR biri-birindən əhəmiyyətli investisiya layihələri həyata keçirməklə beynəlxalq nüfuzunu daha da möhkəmləndirir,  imkanlarını artırır. 2008-ci ildən Türkiyənin neft-kimya sənayesinin nəhəngi sayılan “Petkim”in idarə olunmasında söz sahibi olan və Türkiyəyə investisiya yatıran SOCAR bu günədək qardaş ölkənin neft-kimya sektorunun ən müasir texnologiyalar əsasında yenidən qurulmasına  milyonlarla dollar sərmayə ayırıb. SOCAR-ın sərmayə yatırdığı ən böyük layihələrdən biri də TANAP-dır.

Ötən ilin oktyabrında “Star Rafineri”nin açılışı da Azərbaycan və Türkiyənin qətiyyətinin və siyasi iradəsinin nəticəsi olaraq gerçəkləşən layihələrin davamlılığına işıq saldı. Zavodun açılışı enerji sahəsində iki dost ölkənin həmrəyliyini gücləndirmək üçün uzun müddət görülən işlərin ən mühüm və konkret örnəklərindən biri kimi dəyərləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu inamı ifadə etmişdir ki, son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla fəaliyyət göstərəcək.

Son bir ilin mühüm hadisələri sırasında regional əməkdaşlığa böyük töhfə kimi dəyərləndirilən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanmasını da qeyd edə bilərik. Sənədin iqtisadi və siyasi əhəmiyyətindən bəhs edərkən ilk növbədə qeyd edilir ki, Konvensiya  Xəzər regionunda böyük həcmdə enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda, burada dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına öz təsirini göstərəcək.

Göründüyü kimi, enerji sektorunda əldə edilən uğurların miqyası genişdir. Bu uğurlar yol açdığı hədəflərin gerçəkləşəcəyinə böyük inam hissi yaradır. Bir sözlə, hər bir layihənin uğurlu sonluqla başa satması digər layihələrin gündəmə gətirilməsini bir zərurət kimi ortaya qoyur. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişlənərək, bu gün çoxtərəfli formada özünü büruzə verir.

Yeganə Əliyeva, “İki sahil”