KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Bəxtiyar Hacıyev “erməni dəyirmanının suyunu necə qurutdu”?..

18 noyabr 2019 15:20
237

Belə də naşılıq olmaz ki? Mən şəxsən düşünürdüm ki, Bəxtiyar Hacıyev ən azından bu qədər beynəlxalq platformalarda iştirak etdiyi üçün özünü yetişdirmiş olar. Çevik olar, bir qədər irəlini görməyi bacarar. Amma elə deyilmiş…

Bugünlərdə onun özü bir video paylaşdı, üstəlik mənə də göndərmə etdi ki, “Azər Həsrət görsün, necə erməni dəyirmanının suyunu quruduram”. Təbii ki, belə sarkazmlara təmkinli yanaşan birisiyəm, incimirəm. Əksinə, adamın diqqətimi cəlb etmək istədiyi məsələyə diqqət ayırıram. Bu dəfə də elə etdim.

Bəlli oldu ki, Bəxtiyar Hacıyev Paris Sülh Forumunda iştirak edib. Burada Ermənistanın baş naziri Nikol Paşinyana sual verib. Sualında qeyd edib ki, özü əslən Ermənistanın Vardenis rayonundandır, amma oralara gedə bilmir. Bu qəbildən başqa fikirlər də səsləndirib və öz ağlınca (bunu aşağıda izah edəcəm) Paşinyanı küncə sıxıbmış…

Sualın sonunda Bəxtiyar Hacıyev Paşinyana deyib ki, “siz Qarabağa, Xankəndinə səfər edirsiniz, deyirsiniz ki, Qarabağ Ermənistanındır. Belə bəyanat sülh prosesinə necə xidmət edə bilər?”

Bu sual Paşinyana imkan verib ki, Ermənistan-Azərbaycan münaqişəsilə bağlı ermənilərin uydurduğu yalanları üyüdüb töksün. Əlbəttə, belə olan halda Bəxtiyar Hacıyev Paşinyana ötürmə vermiş oldu ki, o da əlavə imkan qazanıb Azərbaycana qarşı təbliğat aparsın.

Doğrudanmı Bəxtiyar Hacıyevin elədiyi bir qəhrəmanlıqdır? Doğrudanmı bu sual vermə, fikir bildirmə qeyri-adi hadisədir? Təbii ki, bizim üçün elə deyil. Şəxsən mən bu cür platformalarda illərdir Azərbaycanın səsi olmağa çalışıram. Özü də ermənilərin qarşısında. Dəfələrlə olub ki, erməni rəsmiləri çıxışlarıma əsəbləşiblər, özlərindən çıxıblar. Hətta məhz mənə görə müzakirələri tərk etdikləri hal da olub. Amma sözüm bunda deyil.

Sözüm ondadır ki, bu Bəxtiyar doğrudan da burnundan uzağı görmürmüş. Adam sualı verməzdən öncə ona verilə biləcək cavabı təxmin etməliydi. Diplomatiyanın da, siyasətin də tələbi budur. Bir məsələ haqqında danışarkən, hələ bir ölkənin baş nazirinə sual verərkən elə etməlisən ki, o, bundan istifadə edib öz təbliğatını qurmasın. Quracağı təqdirdə isə sənin ehtiyat variantın olmalıdır ki, onu küncə sıxasan, çıxılmaz vəziyyətdə qoyasan. Bu, bir şahmat oyunudur. Hər gedişin ehtimal olunan cavabını da hesablamalısan. Əks təqdirdə etdiyin gediş sənə qarşı çevrilər, rəqibə əlavə şans verər ki, hücumu genişləndirsin.

Bəxtiyar Hacıyevin “erməni dəyirmanının suyunu qurutma cəhdi” də bu qəbildəndir. O, beynəlxalq auditoriya önündə Paşinyana əlavə şans verdi. Yaxud da özünün bir müddət öncə mənimlə bağlı dediyi ifadəylə, pas ötürdü. Nəticədə küçədən hakimiyyətə gəlmiş Paşinyan bu Harvard məzununu ən adi gedişlə küncə sıxdı, yerə vurdu. Olansa Azərbaycana oldu. O auditoriyada əlavə anti-Azərbaycan təbliğatı aparıldı. Bəxtiyar Hacıyevin sayəsində…

İndi isə gələk bütün bunları niyə yazmağımın səbəbinə. Birinci və ən əsas səbəb, əlbəttə ki, belə platformalarda naşı davranışlara yer olmamasına diqqət çəkməkdir. Təkcə Bəxtiyar Hacıyev deyil, bu qəbildən olan istənilən şəxs diqqətli və eyni zamanda yetərincə hazırlıqlı olmalıdır. Əgər zəifsinizsə, yaxud da durum qarşı tərəfin əlinə işləyəcəksə, hətta susmaqdan belə çəkinməyin. Düzdür, şəxsən mən hələ ki, bu cür platformalarda susmaqla fəaliyyət göstərməmişəm. Amma elə ola bilər ki, susmağı üstün tutaram…

İkinci səbəbsə odur ki, bu Bəxtiyar bir müddət öncə mənim ATƏT-in Varşavadakı məlum və məşhur toplantısında etdiyim çıxışların dəyərini azaltmaq üçün səfərbər olunmuşdu. O da həmin tədbirdə iştirak edirdi. Sadəcə fərqimiz ondaydı ki, bu adamı erməni təşkilatı olan PiN dəvət etmişdi (Bəxtiyar hələ də iddia edir ki, bu təşkilat ermənilərə işləmir), onlar üçün ora gedib anti-Azərbaycan şəbəkənin sıralarında yer almışdı, mənsə öz istəyimlə getmişdim, Azərbaycanın mövqelərini müdafiə edirdim. Bəxtiyar orda erməni yanlısı təşkilatın yan tədbirində cəmi 1 çıxış etmişdi və bu günə kimi həmin çıxışı yayımlamır. Mənsə iştirak etdiyim 7 plenar iclasın hər birində çıxış etmişdim, hamısını sosial media üzərindən dərhal yayımlamışdım. Yazıma da onlardan birini əlavə edirəm.

Əslində, bu yazını yazıb müqayisə aparmaqla Bəxtiyar Hacıyevi aşağılamaq, gözdən salmaq kimi bir istəyim də yoxdur. Gəncdir, görünür yetərincə təcrübə toplaya bilməyib. Üstəlik də illərdir beynəlxalq platformalarda anti-Azərbaycan çıxışlar etdiyi üçün mövqeyini birdən-birə dəyişmək alınmayıb. Ona görə də ilk həmlədən özünü dolaşdırıb. Bu yazımı yazıb izah etmək istəyirəm ki, bundan sonra doğrudan da Azərbaycana xidmət yolu tutacaqsa, görsün, götürsün, öyrənsin.

Məsələ taktikadadır. Mən bütün ayrıntılarını açıqlamadan ATƏT-in builki Varşava toplantısında nəyi necə hesablayıb istədiyim nəticəni aldığımı izah edirəm.

Videoya baxanlar da görəcək ki, çıxışım həm bizə qarşı olan Avropa dövlətlərinə, həm də Ermənistana yüklənməklə zəngindir. Bu, bir taktiki gediş idi. Cəmi 2 dəqiqə yarım vaxtım vardı. Bu vaxt ərzində həm mövzu üzrə Azərbaycanı təqdim etməli, həm də ölkəmizi tənqid edən Avropa ölkələrini tənqid etməliydim. Eyni zamanda Ermənistana elə bir zərbə vurmalıydım ki, onlar cavab versə belə özlərindən çıxsın, eyni zamanda bizim onlara cavab imkanımız olsun. ATƏT-in məlum toplantılarında iştirak edənlər bilir ki, burada bizim kimi vətəndaş cəmiyyəti təmsilçilərinin çıxışı üçün yalnız bir şans olur. Bizdən sonra edilən çıxışlara heç bir müdaxilə edə bilmərik. Lakin bu toplantıda Azərbaycanın rəsmi dövlət təmsilçisi də iştirak etdiyi üçün əmin idim ki, Ermənistanın mənə verəcəyi cavaba bizim təmsilçimiz də cavab verəcək.

Belə də oldu. Ermənistanın nümayəndəsi dişsiz bir cavab verdi mənə. Boş sözlərlə. Şansımız onda gətirdi ki, Azərbaycan təmsilçisi cavab haqqından istifadə edib Ermənistan rəsmisinə tutarlı cavab verdi. Beləliklə, bizim hərəkətimiz ona səbəb oldu ki, Ermənistana qarşı fikirlərimizi səsləndirdik, onları özündən çıxardıq, dövlət təmsilçimiz də fəal biri olduğu üçün son sözü söyləyə bildi. Özü də olduqca tutarlı şəkildə. Həmin sessiyanı biz qalib olaraq tərk etdik. Son sözü biz dedik. Ermənistanın nəinki təbliğat aparmağa, heç etiraz etməyə də şansı olmadı. Bir daha qeyd edirəm, bu, bir taktikadır ki, Bəxtiyar Hacıyev kimi iddialı gənclərin öyrənməsi, mənimsəməsi ümumi işimizin xeyrinə olardı…

İndi yenidən bu Bəxtiyar Hacıyevin çıxışına və ümumiyyətlə fəaliyyətinə qayıdıram. Adam son vaxtlar özünü guya Azərbaycanın milli mənafelərinə xidmət edən birisi kimi qələmə verməyə çalışır. Səmimi deyil. Bu haqda onun özünə də demişəm. Hətta “Yeni Müsavat”ın canlı yayımlarında da fikir mübadiləmiz olub. Niyə onun səmimiyyətinə inanmadığımı demişəm, indi də təkrar edirəm. Bu adam əslən Ermənistandandır. Ata yurdu işğal altındadır. Əcdadının qəbrini ziyarət edə bilmir. Heç nə vaxtsa edə bilməyəcək də yəqin ki. Üstəlik, Azərbaycan ordusunda xidmətdən yayınan bir fəraridir. İndi belə birisi necə özünü Azərbaycanın təəssübkeşi kimi təqdim edə bilir? Kimi aldatmaq istəyirsən, Bəxtiyar Hacıyev? Sən torpaqları – ata yurdu işğal altındaykən öz milli ordusunda xidmətdən yayınan birisən. Hələ bir bu yanlışı düzəlt, sonra “erməni dəyirmanının suyunu qurutmaq”la məşğul olarsan. Məncə yəni…

Sözardı: Tam da bu yazımı bitirmişdim ki, “Yeni Müsavat”ın canlı efirində Bəxtiyar Hacıyev peyda oldu. Elə bu məsələ ilə bağlı danışırdı. Bir qədər dinlədim, gördüm ki, adam özündən dolayısıyla bir qəhrəman düzəltmək istəyir. Canlı efirə bağlantı xahiş etdim. Aparıcı Sevinc Telmanqızı razı olsa da Bəxtiyar Hacıyev buna qəti şəkildə etiraz etdi. Anlaşılan, alışdığı-öyrəşdiyi tək qapıya oynamağı seçdi. Bizsə fikrimizi yazılı olaraq qısa şəkildə qeyd etdik, efirdən səsləndi. Adam bizim orda olmadığımızdan əməlli-başlı sui-istifadə edib şəxsimizə və fəaliyyətimizə qarşı təbliğat apardı. Halbuki az öncə özü mənim efirə bağlanmağıma kəskin şəkildə qarşı çıxmışdı. Bu adamın demokratiyası, fikir azadlığı, “erməni dəyirmanının suyunu qurutması” bu qədərmiş…

Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...